Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi parkı yenilənəcək

© AR Ministry of DefenceHərbi Dəniz Qüvvələri
Hərbi Dəniz Qüvvələri - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Hərbi Dəniz Qüvvələrinin komandanı onu da bildirib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlılarının strukturunda dəyişiklik edilib və Türkiyə modelinə uyğunlaşdırılıb.
BAKI, 25 iyun — Sputnik. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi parkı yenilənəcək, yeni kəşfiyyat sistemləri alınacaq. Bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov bildirib.
Onun sözlərinə görə, gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemlərinin əldə olunması üzrə qabaqcıl müdafiə sənayesi şirkətlləriylə görüşlər keçirilir: "Sözügedən layihələrin bir qismi yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək".
Hərbi Dəniz Qüvvələrinin yaranması tarixindən danışan komandan deyib ki, bu, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəldiyi, dövlət və ordu quruculuğu məsələlərini tam nəzarətdə saxladığı dövrə təsadüf edir. Vitse-admiral qeyd edir ki, yarandığı gündən etibarən dövlət rəhbərliyi tərəfindən Hərbi Dəniz Qüvvələrinin qarşısına mühüm tapşırıqlar qoyulub. Bu tapşırıqlar Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunun etibarlı mühafizə və müdafiəsi başda olmaqla, dənizdən gələ biləcək hərbi təcavüzlərin və terror aktlarının qarşısının alınması, əlverişli əməliyyat rejiminin saxlanılması, neft-qaz hasilatı yataqlarının və platformaların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir: "Ali Baş Komandanın diqqət və qayğısı ilə qarşıya qoyulan vəzifələrin icrası prosesinin lazımi səviyyədə təşkili üçün hər bir şərait yaradılıb. 2015-ci il iyunun 21-də, Hərbi Dəniz Qüvvələrinin yeni hərbi bazasının açılış mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev şəxsi heyət qarşısında çıxış edərək bildirib ki, "Hərbi Dəniz Qüvvələrinin gələcək inkişafı bundan sonra da daim mənim diqqətimdə olacaq". Geridə qalan illər ərzində bizlər bu diqqəti daim hiss etmişik və etməkdəyik".
S.Bəkirov söyləyib ki, qarşıya qoyulan tələblərin icrasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə inkişaf etməkdə olan müasir müdafiə sənayesi texnologiyalarının əldə olunması və tətbiqi üzrə araşdırmalar aparılır: "Qətiyyətlə deyə bilərəm ki, Hərbi Dəniz Qüvvələri Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi Dəniz Təhlükəsizliyi Strategiyasının tələblərini uğurla icra edir, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, bütün tapşırıqların öhdəsindən layiqincə gəlir".
Hərbi Dəniz Qüvvələrinin komandanı onu da bildirib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlılarının strukturunda dəyişiklik edilib və Türkiyə modelinə uyğunlaşdırılıb. Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda Türkiyə modelinin nümunə götürülməsi istiqamətində tapşırığı üzrə Hərbi Dəniz Qüvvələrində də bir çox işlər görülüb: "Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının göstərdiyi şücaət və qəhrəmanlığı bu hərbi hissənin vacibliyini bir daha isbat etdi və müdafiə nazirinin müvafiq sərəncamına əsasən hərbi hissənin təşkilati-ştat strukturunda bu günün tələblərinə müvafiq əsaslı dəyişikliklər edildi".
Vitse-admiral deyib ki, şəxsi heyət müttəfiq və tərəfdaş ölkələr tərəfindən təşkil olunan müxtəlif ixtisas kurslarında, təlimlərdə daim iştirak edirlər: "Bu gün hərbi dənizçilərimiz öz bilik və bacarıqlarını nəinki yerli təlimlərdə, həmçinin beynəlxalq təlim və tədbirlərdə sərgiləməklə yanaşı, yüksək peşəkarlıqla icra edirlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0