CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində dincəlmək neçəyə başa gəlir? Hotellərdə qiymətlər bahalaşıb

© AFP 2024 / KIRILL KUDRYAVTSEVHotel nömrəsi
Hotel nömrəsi - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
Ekspert bildirib ki, bir sıra iri və beşulduzlu hotellər bayram günlərinə satışlarını saxlayıblar və yaxud yüksək qiymətlərlə satış edirlər.
BAKI, 24 iyun — Sputnik. İyunun 26-dan Azərbaycanda bir həftəlik bayram tətili başlayır. Bayram günlərinin ardıcıl olması səyahət etmək istəyənlər üçün əla fürsət olduğundan, hər kəs bunu imkanı daxilində dəyərləndirməyə çalışır. Bəs görəsən Azərbaycanın turizm sektoru bir həftəlik bayram tətilinə hazırdırmı? Bayram günlərində ölkəmizin dilbər guşələrində istirahət etmək neçəyə başa gələcək?
Bu suala cavab tapmaq üçün öncə ölkəmizin turizm bölgələrindəki hotellərlə əlaqə saxladıq.
Məşhur hotellərdə boş yer qalmayıb
"Gabala Hospitality Group"-a daxil olan hotellərdə bayram günləri üçün standart otaqlarda boş yer qalmayıb. Hotellər şəbəkəsindən bildirdilər ki, iyunun 27-dən 2-dək "Tufandağ" və "Riverside" hoteldə standart otaqların hamısı tutulub.
"Tufandağ" hoteldə iki nəfər üçün qiymət 398 manatdan başlayır. Amma artıq boş otaq qalmayıb. Bu hoteldə yalnız "Family suet"-də bir gecə 648 manata dincəlmək mümkündür. Bu qiymətə ancaq səhər yeməyi və SPA xidmətləri daxildir.

"Riverside" hoteldə də qiyməti 368 manatdan başlayan standart nömrələr bron edilib. Ancaq bir gecəsi 458 manata villaları bron etmək mümkündür. Hotellər şəbəkəsinə daxil olan "Qəbələ atıcılıq mərkəzi"ndə isə standart nömrənin bir gecəsi səhər yeməyi daxil olmaqla 120 manatdan başlayır", - deyə hoteldən bildirdilər.

Şəkidəki "Marxal hotel"də iki nəfər üçün standart otağın qiyməti isə səhər yeməyi və SPA xidmətləri daxil olmaqla 260 manatdır.
"İsmayıllı Resort & Hotel" də isə iki nəfərlik standart otaq 120 manata təklif olunur. Bura yalnız səhər yeməyi daxildir.
Qaxın İlisu kəndində yerləşən "Yurd hotel"də isə qiymətlər standart otaqlar üçün 180 manatdan başlayır. Qiymətə səhər yeməyi və SPA xidmətləri daxildir.
Qaxdakı "El Hotel" də isə bir gecə üçün iki nəfərin dincəlməyi 190 manatdır. Bu qiymətə ancaq səhər yeməyi daxildir.
Quba rayonunun Əski İqrıq kəndində yerləşən "Quba Palace Hotel" də isə bayram günlərinə boş yer qalmayıb. Hoteldən bildirdilər ki, ancaq iki nəfər üçün villalar qalıb ki, orada da qiymətlər 435 manatdan başlayır. İyunun 28-29-da isə villalarda bir gecəlik istirahət qiyməti 475 manatdır. Bu qiymətə səhər və axşam yeməyi, hamam, fitnes xidmətləri daxildir.
"Lənkəran Springs" hoteldə bayram günlərində iki nəfər üçün bir günlük istirahətin qiyməti 400 manatdan başlayır. Bu qiymətə gündə üç dəfə yemək daxildir.
Beləliklə, apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, ölkəmizin turizm bölgələrində hotellərin çoxu bayram günləri üçün bron edilib. Qiymətlər isə adi günlərlə müqayisədə xeyli yüksəkdir.
Hotellər bayrama görə qiymətləri bahalaşdırıb
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir həftəlik qeyri-iş günləri, Qurban bayramının qeyd edilməsi və ümümilikdə yay mövsümünün başlaması ilə əlaqədar olaraq qeyd olunan müddətlərə regionlarda turizm xidmətlərinə, hotellərin, eləcə də digər yerləşdirmə vasitələrinin xidmətlərinə tələb yüksəkdir. Onun sözlərinə görə, bir sıra iri və beşulduzlu hotellər bayram günlərinə satışlarını saxlayıblar, yaxud yüksək qiymətlərlə satış edirlər. Bu da onu göstərir ki, təlabat yüksəkdir, yerlərin sayı azdır, otaqların çoxu artıq satılıb.
© Sputnik / Murad OrujovSamir Dübəndi
Председатель правления Ассоциации отелей и ресторанов Азербайджана Самир Дюбенди - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Samir Dübəndi
"Bildiyimiz kimi bayram və istirahət günləri, yüksək mövsüm zamanı turizm xidmətlərinə tələb artır, təkliflər bahalaşır və bu normal təcrübə hesab edilir. Müqayisə üçün qeyd edim ki, "Şahdağ Dağ Turizm Mərkəzi"nin ərazisində fəaliyyət göstərən hotellərdən "Pik Palace" Hotel, "Park Chalet" Hotel satışlarını dayandırıblar. Dördulduzlu "Shahdag Hotel & Spa" Hotelı isə 26 iyun tarixinə 1 otağı, səhər yeməyi daxil 205 manata təklif edir. "Gaya Residence" isə 109 manat təkliflə çıxış edir. "Marxal Resort & SPA"da qiymət 312 manatdır. "Basqal Resort & Spa" hoteldə bayram günləri üçün otaqların qiyməti 396 manat, "Lankaran Springs & Welness Resort" hoteldə 360 manat, "Quba Palace Hotel & Golf Resort"da 425 manatdır", - deyə S.Dübəndi bildirib.
Bakıdakı hotellər də dolub
S.Dübəndi onu da bildirib ki, Qurban Bayramı İslam dünyasında geniş və təntənəli qaydada qeyd edilir. Bununla əlaqədar bir sıra müsəlman ölkələrində qeyri iş günləri olur, bu ölkələrin vətəndaşları istirahətə və bayramı qeyd etmək məqsədilə xaricə üz tuturlar:

"Bu ölkələrin sırasında Azərbaycan istiqaməti olduqca populyardır. Ona görə Bakıdakı hotellər də bayram günlərində daha yüksək satışlar edə bilirlər. Bakı şəhərində fəaliyyət göstərən beşulduzlu hotellərdə qiymətlər 240-1200 manat arasında dəyişir. Digər kateqoriyalardan hotellərdə qiymətlər daha ucuz, təxminən 45-130manat arasındadır".

Ekspert bildirib ki, ümümilikdə turizm sənayesi sürətlə bərpa olur.
"Yada salmaq istərdim ki, may ayında gəlmə turizmində ötən ilin eyni dövrü ilə müqayisədə 38% artım, yanvar-may ayları ərzində isə 52% artım müşahidə edilib. Qiymətlərdə dəyişiklik baş verir, bəzi müəssisələr ötən illə müqayisədə 15-25% qiymətlərini artırıb. Yeni açılan hotellər isə hələ ki, çalışırlar aşağı qiymətlərlə bazara daxil olsunlar", - deyə Assossasiya rəhbəri bildirib.
Ən çox turist Rusiyadan gəlib
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, ötən ay ölkəmizə 190 081 turist gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu rəqəm 36 faiz az, yəni 137 491 təşkil edib.
May ayında ölkəmizə ən çox turist Rusiyadan gəlib. Belə ki, rusiyalı turistlərin payına düşən rəqəm ötən ay 64750 olub. İkinci yerdə Türkiyə (33023), üçüncü yerdə İran (13921) qərarlaşıb. Azərbaycana gəlmə turizmini regionlar üzrə təhlil etsək görərik ki, Rusiya 34,06 faizlə siyahıya başçılıq edir.
Türkiyə 17, 37 faiz, Yaxın Şərq ölkələri 9,32 faizlə Azərbaycana gələn turistlərin pay bölgüsündə öndədir. Yanvar ayından may ayınadək ölkəmizə Rusiyadan 231026 turist gəlib. Bu dövrdə Türkiyədən Azərbaycana gələnlərin sayı 142478, Yaxın Şərqdən gələnlərin sayı isə 58340 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0