Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkəmizdə bəzi dərmanlar niyə tapılmır? Rəsmi açıqlama

© Pexels cottonbro studioDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Analitik Ekspertiza Mərkəzindən bildiriblər ki, içliklərin tərcüməsi xərclərinə görə, bəzi xarici istehsalçı şirkətlər və yerli idxalçılar Azərbaycana bir sıra dərman vasitələrinin gətirilməsində maraqlı olmurlar.
BAKI, 23 iyun — Sputnik. Ölkənin dərman təchizatı ilə bağlı yaranan çətinliklərin kökündə dünyada baş verən qlobal proseslər, logistika zəncirinin qırılması, xammalın qiymətinin qalxması, istehsal xərclərinin artması və s. amillər dayanır. Bu barədə Analitik Ekspertiza Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, bunun üzərinə qanunun tələbinə uyğun olaraq, ölkəyə dərman idxalı zamanı yaranan içliklərin tərcüməsi və hər bir dərman qutusunun içərisinə yerləşdirilməsi xərcləri də əlavə olunduqda, nəticədə bəzi xarici istehsalçı şirkətlər və yerli idxalçılar Azərbaycana bir sıra dərman vasitələrinin gətirilməsində maraqlı olmurlar:

"Yəni, dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır. Yaranan vəziyyət isə ümumən ölkənin dərman vasitələri ilə təminatına birbaşa mənfi təsir edir. Bu baxımdan, "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədəmüvafiq hesab edilir.

Sözügedən məsələ apteklərdən dərman alan əhali üçün heç bir narahatlıq yaratmayacaq. Belə ki, qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur. Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək və istehlakçıların həmin bazaya əlçatanlığı təmin olunacaq. İstənilən alıcıya dərman vasitəsini əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı da yaradılacaq. Bu tələbə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək.

Eyni zamanda istifadəyə veriləcək mobil tətbiqlər vasitəsilə dərman vasitələrinin təlimatları ilə elektron qaydada da tanış olmaq imkanları yaradılacaq. Analoji təcrübə yeni deyil və artıq Gürcüstanda uğurla tətbiq edilir. Qonşu dövlətdə istənilən ölkənin dilində dərman vasitəsi idxal edilir və alıcı tələb etdiyi zaman əczaçı həmin dərmanın içlik vərəqəsini gürcü dilində çap edərək, ona təqdim edir".

Qeyd edək ki, "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədəmüvafiq hesab edilir. Qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur.
Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək. Bu zaman istənilən alıcının dərman vasitəsini əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı yaranır. Vətəndaşın tələbinə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0