Azərbaycan öz müqəddəratını özü müəyyən edir - İlham Əliyev
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
Abunə olmaq
Prezident qeyd edib ki, bu böyük qüvvə ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür.
BAKI, 23 iyun — Sputnik. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər. Bu barədə iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı qeyd edib.
Müdafiə Nazirliyinin dəniz piyadalarının sayının bir neçə dəfə artırıldığını və bu artımın davam etdiyini vurğulayan dövlət başçısı deyib:
"Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb".
Prezident qeyd edib ki, bu böyük qüvvə ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür:
"Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın".
Bu yaxınlarda dövlət büdcəsinə əlavələr edildiyini vurğulayan dövlət başçısı deyib:
“Bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdıq. Burada iki əsas istiqamət müəyyən edilmişdir - bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunmasıdır. Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir”.
Məhz buna görə bizə qarşı edilən istənilən təxribatın cavabsız qalmadığını, hər bir təxribata layiqli cavab verildiyini söyləyən dövlət başçısı qeyd edib:
“Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.