Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İslahatın üç sütunu: Azərbaycanda iqtisadi dayanıqlığı və yüksəlişi necə artırmaq olar

© Sputnik / Murad OrujovAzərbaycan manatı
Azərbaycan manatı - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Azərbaycan lazımi islahatlar aparsa, 2050-ci ilə qədər adambaşına düşən gəliri indiki göstərici ilə müqayisədə 40% artıra biləcək. İslahatlar hansı sahələrdə aparılmalıdır?
BAKI, 21 iyun — Sputnik. Azərbaycan iqtisadiyyatın qeyri-neft-qaz sahəsinin inkişafı ilə fəal məşğul olmalı, iqtisadi artım tempinin azalmasının qarşısını almaq və hər hansı bir riskin olmaması məqsədilə gəlirləri şaxələndirməlidir.
Bunu Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Sara Maykl bəyan edib.
Bankın baxışına görə, bu məqsədlə respublikada üç islahat - qeyri-enerji sektorunda məhsuldarlığın artırılması üçün maliyyə resurslarının əlçatanlığının yaxşılaşdırılması, özəl sektorun ixtisaslı insan resurslarına çıxış imkanlarının genişləndirilməsi və iqtisadiyyat sahəsində rəqabət mühitinin yaxşılaşdırılması tələb olunur.
Əgər Azərbaycan zəruri islahatlar apararsa, DB-nin hesablamalarına görə, 2050-ci ilə qədər adambaşına düşən gəliri hazırkı göstərici ilə müqayisədə 40% artıra biləcək. Ümumiyyətlə, Azərbaycanda iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün özəl sektorun iqtisadiyyatın lokomotivinə çevrilməsi vacibdir ki, bu da öz növbəsində özəl sektorun məhsuldarlığının artırılmasını nəzərdə tutur.
Yüksək faiz dərəcəsi özəl sektorun maliyyə resurslarına çıxışını azaldır
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Emin Məmmədzadənin sözlərinə görə, qeyri-enerji sektorunda maliyyə resurslarının əlçatanlığının artırılması ilə bağlı islahatlar Azərbaycan üçün kifayət qədər aktualdır.
Belə ki, bu gün ölkədə belə resursların mövcudluğu qanuni şəkildə təmin olunub, istənilən fiziki və ya hüquqi şəxs öz biznesini inkişaf etdirmək üçün banka və ya bank olmayan kredit təşkilatlarına kredit üçün müraciət edə bilər. Amma əsas problem ondan ibarətdir ki, Azərbaycan banklarında Mərkəzi Bank tərəfindən müəyyən edilmiş kifayət qədər yüksək əsas faiz dərəcəsi var.
© Sputnik / Murad OrujovElm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Emin Məmmədzadə

Ведущий научный сотрудник Института экономики д.ф.э. Эмин Мамедзаде - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Emin Məmmədzadə

"Bu, yerli banklar tərəfindən əhaliyə verilən kreditlərin faiz dərəcələrinə də təsir edir. Burada nəzərə almaq lazımdır ki, Mərkəzi Bank əsas faiz dərəcəsi vasitəsilə Azərbaycan bazarında təkcə sahibkarlıq fəaliyyətini deyil, həm də inflyasiya proseslərini tənzimləyir. Ona görə də burada inflyasiya ilə milli iqtisadiyyatda sahibkarlıq fəaliyyəti arasındakı müəyyən balansı saxlaya bilmək çox vacibdir", - deyə S.Məmmədzadə "Sputnik Azərbaycan"a bildirib.

İqtisadçı hesab edir ki, əgər ölkədə əsas faiz dərəcəsinin mərhələli şəkildə azaldılması siyasəti aparılarsa, eyni zamanda, Azərbaycanın maliyyə bazarlarının sabitləşdirilməsi üzrə müəyyən tədbirlər, o cümlədən sığorta siyasəti və gömrük tarifləri ilə bağlı tədbirlər həyata keçirilsə, AMB-nin əsas faiz dərəcəsinin azalmasının inflyasiya proseslərinə təsirini kompensasiya etmək olar.
Beləliklə, hərtərəfli iş aparmaqla inflyasiya ilə mübarizə aparmaq və faiz dərəcələrini azaltmaq olar ki, bu da özəl sektorun maliyyə resurslarına çıxışını asanlaşdırardı.
Bankların inhisarçılığı və rəqabət mühitinin yaxşılaşdırılması
Məmmədzadə hesab edir ki, Azərbaycanın maliyyə sektorunda ən böyük bankların seqmentasiyası mövcuddur. Onlar müəyyən dərəcədə kreditlər üzrə faiz dərəcələrinin ölçüsünü diktə edir, bütün digər banklar isə verilən strategiyaya əməl edirlər.
Yəni, burada dövlət korrektələr etməli və bank sektorunda inhisarçılıq xarakteri daşıyan elementləri azaltmaq üçün öz iradəsini göstərməlidir", - deyə iqtisadçı ekspert bildirib.
Ümumiyyətlə, Məmmədzadə hesab edir ki, rəqabət mühitinin yaxşılaşdırılması bütün ölkə iqtisadiyyatını əhatə etməlidir və burada hökumət oyun qaydalarını müəyyən etməlidir. İlk növbədə Azərbaycanın özəl müəssisələrinin və yerli istehsalçıların bazarda ədalətli çıxış etməsinə şərait yaradacaq rəqabət məcəlləsini qəbul etmək lazımdır.

"Bu məcəllənin qəbulu iri müəssisələrin həm milli bazarda qiymət formalaşmasına təsirini məhdudlaşdıracaq, həm də sahibkarların konkret bazara daxil olması üçün maneələri azaldacaq. Ona görə də hesab edirəm ki, bu aspektdə qanunvericilik bazasının təkmilləşdirilməsi vacib məqamlardan biridir", - deyə o, fikrini bilidirib.

Bundan əlavə, o, Azərbaycan bazarında rəqabət mühitinin yüksəldilməsi üçün ticarət əlaqələrini tənzimləyən beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq etməyin zəruriliyini diqqətə çatdırıb. Bunlara həm Ümumdünya Ticarət Təşkilatı, həm də regional təşkilatlar, məsələn, bu yaxınlarda iştirakçı ölkələr arasında ümumi gömrük siyasəti aparmaq niyyətini bəyan edən Türk Dövlətləri Təşkilatı daxildir.
Ümumilikdə, Məmmədzadə hesab edir ki, xarici kapitalın bazarda yeni texnologiyaların inkişafına, istehsal üsullarının və istehsal olunan məhsulların çeşidinin genişlənməsinə töhfə verməsi və bununla da milli istehsalçıları öz işlərini təkmilləşdirməyə sövq etməsi üçün daha çox xarici investisiya cəlb etmək lazımdır.
Universitetlər və müəssisələr arasında əməkdaşlıq yolu ilə insan resurslarının təkmilləşdirilməsi
Dünya Bankının diqqət yetirdiyi növbəti aspekt özəl sektorun ixtisaslı insan resurslarına çıxış imkanlarının genişləndirilməsidir. Məmmədzadənin sözlərinə görə, Azərbaycanda da bu məsələdə müəyyən problemlər var, çünki ixtisaslı kadr potensialı birbaşa təhsilin keyfiyyəti ilə bağlıdır. Ölkədə isə bu istiqamətdə müəyyən problemlər var.

"Bu kontekstdə təhsil-istehsal tərəfdaşlığının inkişafına təkan vermək düzgün olardı. Dövlət tərəfindən stimullaşdırılmalı olan birgə layihələrin sayını artırmaq lazımdır. Belə layihələr Azərbaycanın ali məktəbləri ilə məsələn, SOCAR, Azərbaycan Beynəlxalq Bankı və s kimi milli iqtisadiyyatın böyük müəssisələri arasında həyata keçirilə bilərdi. Yəni o müəssisələrlə ki, böyük maliyyə resurslarına malikdirlər və öz kadrlarının ixtisaslarının artırılmasına sərmayə qoya bilirlər", - deyə iqtisadçı bildirib.

Ekspert hesab edir ki, bu kontekstdə məhz özəl sektorun yüksək ixtisaslı kadrlara çıxış imkanlarının genişləndirilməsi məsələsi dövlət təhsil müəssisələri ilə özəl sektor arasında tərəfdaşlığın təmin olunmasına kömək edəcək.
Bundan əlavə, bu məsələdə texnoloji təqaüdlərin genişləndirilməsinə də diqqət yetirə bilərik ki, bu zaman konkret ixtisas üzrə mütəxəssis almaq istəyən müəssisələr işçiləri üçün təcrübə keçməkdən ötrü xaricə maarifləndirici turlar təşkil edə bilər.
"Bu, yerli kadrlarımızın bacarıq səviyyəsini yüksəldər və məhsuldarlığın keyfiyyətinə müsbət təsir edərdi", - deyə ekspert sözünü tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0