CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MİDA-nın 5 saniyədə satılan mənzilləri yenidən satışda - Bu dəfə nə gözləmək olar?

© Photo : MİDAYaşayış binaları
Yaşayış binaları - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Ekspertin fikrincə, onlayn satışın alternativi də olmalıdır ki, kompüter bilikləri olmayanlar digər üsulla ev ala bilsinlər.
BAKI, 21 iyun — Sputnik. Dünən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal, Hövsan və Gəncədə ümumilikdə1189 mənzilin satışa çıxarılacağı barədə məlumat yayıb. MİDA-nın bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Agentliyin ötən ilin sentyabr ayında keçirdiyi onlayn mənzil satışında aşkarlanan qanun pozuntuları, sistemin tez-tez çökməsi əhali arasında bu qurumun şəffaflığına müəyyən şübhələr yaradıb.
DTX-nın apardığı araşdırmalar zamanı mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxilə halları aşkarlandı. Bu müdaxilələrdə əli olan şəxslər məsuliyyətə cəlb edildi. Bundan sonra insanların bu sosial layihədən bəhrələnə biləcəyinə ümidlər artdı. Amma hələ də MİDA-nın on-line satış metodundan narazı qalanlar var.
"Neçə dəfə cəhd etsək də, ev ala bilmədik"
Vətəndaş Leyla Abdullayeva da bu sosial layihəyə ümid bəsləyən minlərlə Azərbaycan vətəndaşından biridir. L.Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dəfələrlə cəhd etsə də MİDA-nın onlayn üsulla satışa çıxardığı evlərdən ala bilməyib.
Həmsöhbətimiz bildirib ki, ailəsi "Güzəştli mənzil" üçün kriteyalara uyğun olsa da, onlayn qaydada ev almaq onlar üçün müşkülə çevrilib:

"MİDA-nın saytına daxil olaraq "Satış modulundan istifadəyə dair təlimat"ı dəfələrlə izlədik. Lakin sistemdə "Satış başlayıb" düyməsinin aktivləşməsi ilə MİDA-nın satışa çıxardığı evlərin satılması bir oldu. Mənzillər elə sürətlə satıldı ki, biz bu qədər evin bir neçə saniyədə satılmasına mat qaldıq".

L.Abdullayeva bir neçə dəfə cəhddən sonra bu sosial layihə ilə ev almağa inamının və ümidlərinin qalmadığını söylədi.
Beş saniyəyə evləri kimlər alır?
Həmsöhbətimiz deyir ki, MİDA-dan onlayn ev alanların çoxunun İT mütəxəssislə sövdələşdidirildiyinə dair müəlumatlar eşidib. Onun sözlərinə görə, mənzillərin qısa müddətdə satılmasını "xüsusi proqram təminatından" istifadə ilə əlaqələndirirlər. Belə ki, "uVision", "Mousereader" kimi proqramlardan istifadə edilərək "xüsusi mütəxəssis" lərin köməyi ilə mənzillərin daha çevik alındığı bildirilir.
L.Abdullayeva deyir ki, klaviaturada bir dəqiqədə 40-50 söz yazmağı bacaran adamın mənzil seçimini ən azı 14-15 saniyədə həyata keçirməsi mümkündür. Lakin mənzil 5 saniyəyə seçilirsə, deməli həmin adamlar hansısa "proqramdan" istifadə ediblər.

"Mənim eşitdiklərimə görə, "Güzəştli mənzil" layihəsindən bəhrələnmək üçün insanlar yüksək kompüter bilikləri olan İT mütəxəssislərə müraciət edir. Həmin mütəxəssislərə mənzilin otaqlarının sayından asılı olaraq xidmət haqqı ödənilir. Bu qiymət isə təxminən ilkin ödənişin məbləğinə bərabər olur. Həmin məbləğə maddi baxımdan kasıb insanların gücü çatmadığından, evə ehtiyacı olanların çoxu bu sosial layihədən kənarda qalır, illərlə kirayədə yaşamağa məcbur olur".

Satış modeli dəyişdirilməlidir!
Millət vəkili Fazil Mustafa da mənzilə ehtiyacı olan əhalinin çoxunun yüksək kompyuter bilikləri olmadığından, bu sosial layihədən yararlana bilmədiyini söyləyib. Deputat deyir ki, əhalinin MİDA-nın satışa çıxardığı mənzilləri almaqda çətinlik çəkdiyinə dair sosial platformada da şikayətləri yayılır. Ona görə də, "Güzəştli mənzil" layihəsində satış modelinin dəyişdirilməsinə, yaxud insanlara seçim imkanı verilməsinə ehtiyac var.
© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Fazil Mustafa

"Fikrimcə, "Güzəştli mənzil" layihəsinə müraciət edən insanların sosial durumu araşdırılmalıdır. İnsan var ki, mənzilə ehtiyacı var, amma kompyuter bilikləri imkan vermir ki, onlayn satışla mənzil seçimi edib alsın. Bu məqamlar nəzərə alınmalıdır. Ona görə də, onlayn satışla yanaşı digər satış metodu da olmalıdır. Şəffaf komissiya təşkil olunmalı, fərdlər üzrə araşdırma aparılaraq mənzil satışı həyata keçirilməlidir. Əks halda bu cür narazılıqlar çox olacaq".

Qeyd edək ki, MİDA-dan onlayn yolla alınan mənzillərin az sonra ev alqı-satqısına dair səhifələrdə satışa çıxarıldığına dair faktlar da var. Halbuki, "Güzəştli mənzil" layihəsi ilə mənzil alan şəxslər mövcud şərtlərə görə üç il müddətinə həmin mənzili sata, icarəyə verə bilməzlər.
F.Mustafa bildirib ki, belə hallar araşdırılmalıdır. Deputat onu da deyib ki, MİDA-dan güzəştli şərtlərlə mənzil alıb qısa müddətdən sonra həmin evi satışa çıxardanların əlindən bu mənzillər məhkəmə yolu ilə geri alınmalıdır.
İKT biliyi olmayanlar evsiz qalır
İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırki təklif olunan satış metodu korrupsiyanın qarşısını almaq məqsədi daşıyır.
Onun sözlərinə görə, texnoloji üsul məmur sövdələşməsinin qarşısını alır. Bununla belə, O.Gündüz İKT bacarıqları olmayanların "Güzəştli mənzil" layihəsindən kənarda qaldığını təsdiqləyir.
O, bildirir ki, buna görə onlayn satışın alternativi də olmalıdır ki, kompyuter bilikləri olmayanlar digər üsulla ev ala bilsinlər.
© Photo : BizplusOsman Gündüz, arxiv şəkli
Президент Интернет-форума Азербайджана Осман Гюндуз - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Osman Gündüz, arxiv şəkli
O.Gündüz MİDA-nın mənzil satışı zamanı sistemin çökməsi, kənar şəxslərin vasitəsilə mənzillərin alınması kimi problemlərin olduğunu söyləyib.
O, bildirib ki, onlayn mənzil satışı zamanı sistemin çökməsinin MİDA ilə əlaqəsi yoxdur. Çünki, mənzillər "elektron hökumət" portalı üzərindən həyata keçirilir. Buna görə də, MİDA tərəfdaşlıq etdiyi qurumlarla öncədən testlər etməlidir.
Sistemin auditi aparılmalıdır

"Bir neçə dəfə belə hadisələr olub. Bəzən bu çökmələrin MİDA ilə əlaqəsi yox idi. Bununla belə təhlükəsizliyə cavabdeh olan qurumlar birgə bu məsələni müzakirə etməli, sistemin auditi aparılmalıdır. Bu audit zamanı hesablanmalıdır ki, sistem nə qədər müraciətə davam gətirə bilər. Bu tetslərlə öncədən belə halların qarşısını almaq olar".

Ekspert deyir ki, həmçinin MİDA əvvəl baş verən belə arzuolunmaz hallara qarşı hansı tədbirlər gördüyünü də ictimaiyyətə açıqlamalıdır.

"Təəssüf ki, MİDA mənzillərin onlayn satışında şəffaflıq və ədalətli seçimlə bağlı ehtiyac olan, ictimai əhəmiyyət kəsb edən məlumatları paylaşmayıb. İctimaiyyətə maraqlıdır ki, MİDA ötən müddət ərzində güzəştli mənzil informasiya sistemində hansı yeniliklər edib? Çünki, süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün addımlar atılmalıdır. Sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı auditlər aparılıbmı, güvənli qurumların rəyləri varmı? Onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır. İctimai nəzarət imkanları təşkil olunmalıdır. Xatırlayıram ki, sonuncu satışda MİDA özü etməsə də, biz canlı yayımı təşkil etmişdik", - deyə O.Gündüz bildirib.

Həmsöhbətimiz deyir ki, onlayn satış prosesi şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan, alternativ güzəştli mənzil satışı üsulu ilə bağlı təkliflər hazırlanmalıdır.
DTX-nin keçirdiyi əməliyyat təkrarlana bilərmi?
Xatırladaq ki, 30 mart 2022-ci ildə 442 mənzilin güzəştli şərtlərlə satışı həyata keçirilərkən seçim prosesinə müdaxilə imkanları aşkarlanmışdı. "Güzəştli mənzil" sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılmışdılar. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edilmişdilər.
Araşdırmalarla təsbit edilmişdi ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş "Güzəştli mənzil" sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar.
Araşdırmalar nəticəsində müəyyən edilmiş halların "Güzəştli mənzil" sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilmişdi.
MİDA-dan isə Sputnik Azərbaycan-a bu qanunsuzluqların təkrarlanmaması üçün güzəştli mənzil informasiya sistemində hansı yeniliklər edildiyi barədə sorğumuza belə cavab verilib:

"Agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir. Mənzil seçimi prosesinin təhlükəsizliyini təmin etmək, prosesə kənar müdaxilələrin və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısını almaq məqsədilə bundan öncəki satışda olduğu kimi 29 iyul tarixində “Güzəştli mənzil” sistemində keçiriləcək mənzil seçimi prosesinə də əlavə təhlükəsizlik tədbirləri tətbiq ediləcək. Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədilə mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının, media və QHT nümayəndələrinin iştirakı ilə müşahidə ediləcək".

Qeyd edək ki, MİDA-nın elanına görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6" ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin satışı 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510, Gəncə Yaşayış Kompleksi üzrə 243 olmaqla, ümumilikdə 1189 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə – 07.12.2018-ci il tarixli 26436, 15.02.2019-cu il tarixli 26721, 22.02.2019-cu il tarixli 26767;
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə – 30.09.2020-ci il tarixli 30175, 20.10.2020-ci il tarixli 30325, 02.11.2020-ci il tarixli 30383;
Gəncə Yaşayış Kompleksi üzrə – 17.12.2019-cu il tarixli 28607, 02.03.2020-ci il tarixli 29004, 31.03.2020-ci il tarixli 29122, 13.05.2020-ci il tarixli 29272 nömrəli müsbət rəyləri mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib.
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olublar - Sputnik Azərbaycan, 1920, 07.05.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Füzuli sakinlərinə şad xəbər - MİDA yeni kompleksi bu ilin sonunadək təhvil verəcək
Xəbər lenti
0