CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlar niyə qətlə yetirilir? - Qurbanların yaxınları danışır

Qətl - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Mütəxəssislərin qənaətinə görə, psixoloqa müraciət etməklə cütlüklər öncədən bir-birilərinin psixoloji portreti ilə tanış ola bilərlər.
BAKI, 20 iyun — Sputnik. "Daha bir qadın övladı ilə birgə intihar etdi...”, “daha bir qadın körpəsi ilə birgə intihara cəhd etdi...". Son vaxtlar ölkə gündəmində bu cür başlıqlara tez-tez rast gəlinir. Qadınlara qarşı şiddət rəsmi rəqəmlərdə də əksini tapır. Ötən il də Azərbaycanda 79 qadın qətlə yetirilib. Bu barədə Baş Prokurorluğun ictimaiyyətə video müraciətində bildirilib.
Öncəki illərlə müqayisədə isə vəziyyət gərgin olaraq qalıb:
Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, 2013-cü ildə məişət zorakılığı nəticəsində ölən qadınların sayı 35, 2014-cü ildə 26, 2015-ci ildə 33, 2016-cı ildə 29, 2017-ci ildə 41, 2018-ci ildə 40, 2019-cu ildə 33, 2020-ci ildə 41, 2021-ci ildə 46 olub.
DİN-in məlumatına görə, 2021-ci ildə "102" qaynar xəttinə ailə münaqişəsi-məişət zorakılığı ilə bağlı ümumilikdə 7 min 647 müraciət daxil olub. Həmin məlumata əsasən, 602 nəfər ailəli qadın əri tərəfindən döyülüb. Ümumilikdə DİN-ə qadınların döyülmə faktı ilə bağlı 4 min 52 məlumat daxil olub və bunların hər biri təsdiqini tapıb.
Azərbaycanda qadın qətllərinə dur demək üçün qətlə yetirilən qadınların yaxınları, vəkilləri ilə söhbətləşib səbəbləri araşdırmağa çalışdıq: qadın qətllərinin arxasında hansı səbəblər dayanır?
Qısaca da olsa, qətlə yetirilən, intihara sürüklənən həmin qadınlar haqda:
2021-ci ilin avqustun 30-da Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızı yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri alıb, onlar xəstəxanaya yerləşdirilsələr də, həyatlarını xilas etmək mümkün olmayıb.
Daha bir faciə
Ötən ilin iyununda 1984-cü il təvəllüdlü ginekoloq Xalidə Kəngərlinin ölüm xəbəri ölkə gündəmini silkələdi. Kimi intihar etdiyini, kimi intihara təhrik edildiyini, kimi də həyat yoldaşının bu olayı törətdiyini iddia etdi.
Bir müddət öncə isə həkim - Türkan Gündüz həyat yoldaşı tərəfindən amansızca qətlə yetirildi.
Uşaqlıqdan "sındırılan iradə", cəsarətsizlik, təhsilsizlik, hüquqlardan xəbərsizlik...
Səbəblərə gəldikdə, Xalidə Kəngərlinin vəkili Hikmət Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, baş verən qətllərin kökündə "sındırılan iradə", cəsarətsizlik, təhsilsizlik və şəxslərin hüquqlarından xəbərsiz olması dayanır:

"Qadınların qətlə yetirilməsində əsas səbəblərdən biri də onların hüquqlarını bilməməsidir. Hətta hüquqlarını bilən qadınlar belə bundan istifadə etməkdə çəkinir. Qadınların böyük əksəriyyətində belə cəsarət olmur. Çox nadir hallarda döyülən qadınlar ilk dəfədən polisə şikayət edir. Lakin əksər hallarda qadın düşünür ki, polisə şikayət etdikdə qohum-qonşu ərini tutdurduğu üçün onu qınayacaq".

"Bəzi qadınlar isə düşünürlər ki, əri onu döyə bilər. Bu da qarşı tərəfi daha da "cəsarət"ləndirir. Çünki bəzi qadınların elə uşaqlıqdan cəsarətləri, iradələri sındırılır", - deyə həmsöhbətimiz əlavə edib.
© Sputnik / Tabyildyi KadyirbekovZorakılıq, arxiv şəkli
Насилие - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Zorakılıq, arxiv şəkli
Qanunvericilik qadınları qoruya bilirmi?
Qanunvericiliyin özü belə qadınları tam şəkildə qoruya bilmir:

"Ailə həyatı qurduqda kişi aldığı hər şeyi ata-anasının adına keçirdiyindən qadın boşandıqda heç nə əldə etmir. Bizdən fərqli olaraq isə Türkiyədə boşanmaların səbəbləri araşdırılır və buna görə zərərçəkmişə kompensasiya verilir. Azərbaycanda boşanmış qadın iki uşaqla kirayə çıxıb nə etməlidir?!".

Qadınlar üçün əsas bəlalardan biri də cəmiyyətdəki "çürük alma"dır
"Hər şeyin başında narkotik dayanır. Narkotikin təsiri altında olan şəxslər sağlam düşünə bilmirlər. Onlar istənilən cinayəti törədə bilərlər. Hazırda həm qadınlar, həm də kişilərlə bağlı ölkədə ən böyük problem narkomaniyadır. Belə ki, əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərinin sayı daha da artıb. Cəmiyyətdəki çürük almanın narkotik olduğu bəllidir", - deyə həmsöhbətimiz xüsusi olaraq vurğulayır ki, ailə zəncirini qıran halqalardan biri də elə narkomaniyadır.
Vəkil bildirir ki, təhsilsizlik də qadınlar üçün çox böyük bəlaya çevrilib.
Bəzən müdaxilələr də ailələrdə bədbəxt hadisələrə səbəb olur
H.Əliyevin sözlərinə görə, bəzən ailə üzvlərinin təhriki ilə döyülən, zorakılıq qurbanı olan qadınlar boşanma üçün verdikləri ərizlələri geri götürürlər:
"Qadın deyir ki, həyat yoldaşı narkotik aludəçisidir, hər gün onu döyür, işgəncə verir. Boşanmaq üçün məhkəməyə ərizə verir, bir müddət sonra ərizəsini geri almaq üçün müraciət edir. Deyir ki, atam, dayım buna razı deyil. Qohum-qardaş deyib ki, boşanıb ata evinə qayıtmaq olmaz, o evdən ancaq ölün çıxa bilər. Bu qadının ilk olaraq atası tərəfindən ömrü hədər edilir. Yəni əksər hallarda ailələri qadınları sonadək müdafiə etmir, "döz, ailəni dağıtma" deməklə boşanmamağa təhrik edirlər".
Hüquqşünasın sözlərinə görə, belə olan halda qadının iradəsi sındırılır və qarşı tərəf başqa seçimin olmadığını gördükdə işgəncəni davam etdirir.
Vəkil onu da bildirib ki, qadın qətlinin kökündə bəzən psixi pozuntular da dayanır:

"Qətllərin kökündə qısqanclıq, xəyanət və sair bu kimi amillər də dayana bilər. Bir məhkəmə işim vardı, reallıqda xəyanət halı olmasa da, kişi hər gün qadını "atapleniya"ya (istilik batareyası - red.) bağlayıb işə gedirdi".

Azadlıqları əllərindən alınan qadınlar
Vəkil Ayşə Abdel Qadir isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qadınların azadlıqları əlindən alınır, xırda bir hadisə belə onların ölümünə səbəb olur. Əsas problem isə ailə həyatı qurduqdan sonra qadına bir "mülkiyyət" kimi baxılmasından başlayır:
"Bəzi hallarda həyat yoldaşları qadınların həyatını təhlükəyə atır, döyür, onları həyatdan bezdirərək intihara təhrik edirlər. Onlar “namus” adlandırdıqları məfhumu əsas götürür, qadınları "mülkiyyət"ləri kimi görürlər. Yəni “mülkiyyət”ləri ayaq açıb gəzirsə, nəyəsə görə onlardan icazə almırsa, özü sərbəst nəsə edirsə, bu onlar üçün narahatlığa səbəb olur. Biz belə qadınlar üçün mühafizə orderləri alırıq", - deyə vəkil vurğulayıb.
Hüquqi biliklərlə bağlı savadlılıq səviyyəsinin aşağı olması da cinayətlərə səbəb olur
A.Abdel Qadir bildirir ki, hər iki cins arasında hüquqi biliklərlə bağlı savadsızlıq çox yüksək həddədir:

"İnsanların hüquqlarını bilməsi üçün bir dövlət siyasəti, hüquqi savadlılığın artırılması üçün dövlət strategiyası olmalıdır. Çünki psixoloji zorakılıq qurbanı olan qadınlar, təəssüflər olsun ki, əksər hallarda çıxış yolunu intiharda görürlər".

Vəkil öz təcrübəsinə əsasən bildirir ki, qadın qətlləri daha çox alkoqolizm, narkotikin təsiri altında deyil, anlaqlı vəziyyətdə baş verib:
"Bu cür qətlləri törədənlərin əksəriyyəti həmin anda tam ayıq, anlayışlı vəziyyətdə olub".
Problemdən çıxış yollarından biri gender bərabərliyinin təmin olunmasıdır
A.Abdel Qadir xüsusi olaraq qeyd edib ki, cəmiyyətdə gender bərabərliyi təmin olunduqda hər kəs başa düşəcək ki, fərdlər cinsiyyətinə görə fərqli yanaşmaya məruz qalmamalıdır, hər kəs həyatı ilə bağlı sərbəst qərar verməlidir:
"Bu ideal səviyyəyə çatsaq belə cinayətlər baş verməyəcək. Baş verərsə belə, cəzadan öncə həmin şəxslər cəmiyyət tərəfindən qınanılacaq".
Qurbanların doğmaları nə deyir?
Qətlə yetirilən Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bacısının ailəsində zorakılıq halları olub:
"O evdə ailə-məişət zorakılığı var idi, bacım boşanmaq istəyirdi. Boşanmaq üçün ərizə verirdi. Hadisə günü də vəkillə danışmışdı. Vəkilinin də ifadəsi alınmışdı. Vəkilə son sözü bu olub ki, evə gedirəm, məni öldürməsə, gəlib boşanma üçün müqavilə bağlayacağam".

"Bacım hələ sağ ikən, əri tərəfindən döyüldükdə bədənində döyülməni əks etdirən faktları foto və video ilə qeydə alırdı. Artıq son 2-3 il idi ki, bu hadisə davamlı baş verirdi. Bütün bu səbəblərə görə bacımın intihar etdiyini düşünmürəm", - deyə qurbanın qardaşı vurğulayıb.

© AFP 2023 / MARTIN BUREAUSığınacaqda olan qadın, arxiv şəkli
Женщина  в центре социальной реабилитации, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Sığınacaqda olan qadın, arxiv şəkli
Evlilikdən öncə nələrə diqqət etmək lazımdır?
Digər qurban Aytən Niftəliyeva evliliyinin ikinci ilində gözünü əbədi olaraq həyata yumdu. Şəxsi inkişaf instruktoru olan qardaşı İlkin Süleymanov növbəti bənzər hadisənin baş verməməsi üçün cəmiyyətə səslənir:
"Tərəflər ailə qurmazdan öncə birmənalı şəkildə psixoloq yoxlanışından keçməli və ailə qurmaq istədiyi şəxsin psixoloji portreti ilə tanış olmalıdır. Qarşı tərəfin keçmişdə aldığı travmalar araşdırılmalıdır. Bu travmalar evlilik həyatına necə təsir edə bilər, bunlar öyrənilməlidir. Düşünürəm ki, təkcə tərəflər deyil, qaynana-qaynata da bu yoxlanışdan keçməlidir".
Keçmişə bağlı travmalar da qətllərə səbəb olan amillərdəndir
İ.Süleymanov qeyd edib ki, keçmişlə bağlı travmalar varsa, ailədaxili münasibətlərin korlanması və zorakılıq üçün o qədər də ciddi səbəblərə ehtiyac qalmır. Yəni travmalar varsa, ən xırda nüanslar belə böyük problemlər yarada bilir. Həmsöhbətimiz belə hesab edir ki, baş verən qadın qətlləri, ailədaxili məişət zorakılıqlarının 99 faizi məhz bu travmalardan qaynaqlanır:

"Ailə qurmazdan öncə siz qarşınızdakını çox yaxşı biri zənn edə bilərsiniz, lakin bir evdə tək qadıqda isə tamam başqa sifətlə qarşılaşa biərsiniz. Çünki bəzən travmalar çox dərində gizlənir. Buna görə də evlilikdən öncə şəxslərlə ən azı bir neçə seans söhbət aparılmalıdır, mövcud problemlər aşkarlanmalıdır ki, belə faciəli hadisələr baş verməsin".

"Bacımın keçmiş həyat yoldaşı da xaraktercə zorakı biri idi. Lakin təəssüflər olsun ki, bunu çox gec öyrəndik. Şəxsən mən bütün bunları bacımın ölümündən sonra öyrənmişəm. Bacım susurdu və məişət zorakılığını dilə gətirmirdi", - deyə o əlavə edib.
Həmsöbətimiz qadınların, anaların, bacıların qətlə yetirilməməsi üçün qadınları susmamağa, cəmiyyəti isə onları zamanında müdafiə etməyə səsləyir:

"Verilən siqnallara sakit yanaşmaq olmaz. Strateji davranmaq, qadınların təhlükəsizliyini təmin etmək lazımdır".

Qeyd edək ki, hazırda bu cinayət hadisəsinə görə istintaqın bitib-bitməməsi barəsində ailəyə məlumat verilmir.
A.Niftəliyevanın keçmiş həyat yoldaşı, qurbanın ailəsi tərəfindən ittiham olunan Rəhman Niftəliyev hazırda azadlıqdadır. Mərhumun ailəsi hadisəni intihar yox, qətl kimi qiymətləndirir.
Psixoloqa müraciət etməklə cütlüklər öncədən bir-birilərinin psixoloji portreti ilə tanış ola bilərlər
Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında ailə qurmazdan öncə cütülüklərin psixoloqa müraciət etməsini məqsədəuyğun sayıb:

"Psixoloji diaqnostika əlçatan olduqdan sonra bunu məcburi formaya salmaq olar. Heç kim qatil doğulmur və birdən-birə qatil də olmur. Həyatının hansısa dönəmində aldığı travma, aludə olduğu zərərli vərdiş şiddətə, aqressiyaya meyllilik yarada bilər".

"Ailə qurmazdan öncə, boşanma ərizəsi verildikdə belə bizə cütlüklər tərəfindən müraciətlər daxil olur. Lakin təəssüflər olsun ki, bu ənənə geniş yayılmayıb. Toy menyusunadək hər şey nəzərdən keçirilsə də, psixoloqa müraciət etmək kimi vacib nüans unudulur. Psixolooq cütlükləri ayırmır, sadəcə olaraq onlara bir-birlərinin zəif, güclü tərəflərini göstərir, həll yolunu tapır, dolayısı ilə desək, onların özlərini daha yaxşı tanımasına yardımçı olur", - deyə o əlavə edib.
© Photo : APAPsixoloq Elnur Rüstəmov
Psixoloq Elnur Rüstəmov - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Psixoloq Elnur Rüstəmov
Təəssüf ki, bəzən onları nə ana bətnində, nə də ana olduqdan sonra qoruya bilirik. Nə doğulub gəlinciklərini oynada bilirlər, nə də gəlinlik paltarı geyinib bir ağ gün görə bilirlər.
Bəlkə də hələ nə qədər ailədə zorakılıq qurbanı olan qadınlar susur, susdurulur, döyülür, dözür, sadəcə övladları naminə…Bəlkə də dayaqları, əlavə müdafiələri, iqtisadi asılılığı olduğu üçün susur, dözür, döyülür, həyatını cəhənnəmə çevirir.
Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaq, susaraq cinayətə ortaq olmaqdır. Qızlara gəlinciklərdən öncə təhsili sevdirsək, qarşılarına hədəflər qoysaq, susmamağı öyrətsək, hüquqlarını başa salsaq, bəlkə vəziyyət daaha fərqli olar.
Qadınların, qız uşaqlarının gülə biləcəyi, xoş xəyal qura biləcəyi bir mühit naminə…
QEYD: Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.
Xəbər lenti
0