Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu gün Ümumdünya Qaçqınlar Günüdür

© AFP 2024 / Tofik BabayevAğalı kəndinə qayıdış
Ağalı kəndinə qayıdış - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biridir.
BAKI, 20 iyun — Sputnik. 20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dünyanın ən çox qaçqını və məcburi köçkünü olan ölkəsinə çevirib.
Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovularaq ölkəmizə pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Mərkəzi Asiyadan didərgin salınmış 50 min nəfərədək Axıska türkü də Azərbaycanda sığınacaq tapıb.
Ermənistan Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Qarabağın dağlıq hissəsi ilə həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq, respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün şəxs var.
Azərbaycan dövləti doğma yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifə hesab edib. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, həmçinin digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir.
Digər istiqamət isə dövlət qurumlarının və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübəsi nəzərə alınmaqla Böyük Qayıdış proqramının hazırlanması oldu. Bu istiqamətdə atılan ilk iki addım kimi Cocuq Mərcanlı kəndini və əvvəllər Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar.
Növbəti addım isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən sonra reallaşdı. Artıq məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edirlər. Belə ki, 2022-ci il iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Daha sonra Böyük Qayıdış proqramı çərçivəsində cari ilin martın 16-da Tərtər rayonunun Talış kəndinə məcburi köçkün ailələri köçürüldü. Böyük Qayıdışın növbəti ünvanı isə Laçın şəhəri oldu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı mayın 28-də başlandı.
Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya və ya öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, dövlətimizin siyasi, sosial-iqtisadi potensialının göstəricisidir.
Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirilir. Hazırda məcburi köçkünlərin doğma yurda könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilən ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.
Milli Məclisin deputatı Azər Badamov BMT-nin məlumatlarına istinadən bildirir ki, hazırda dünyada 20 milyona yaxın insanın qaçqınlıq həyatı yaşayır: "Müharibələr, ayrı-seçkilik, diskriminasiya halları və iqlim dəyişiklikləri insanları öz yurdlarını tərk etməyə məcbur edir. Ümumdünya Qaçqınlar Günü ölkəmizdə də geniş şəkildə qeyd olunur. Çünki Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biridir. 1990-cı illərin əvvəlində 50 mindən çox Axıska türkü də Mərkəzi Asiyadan qovularaq ölkəmizə pənah gətirib. Dövlətimiz Axıska türklərinin öz həyatlarını qurmalarına hər cür şərait yaradıb".
Deputat bildirib ki, müstəqilliyimizin ilk illərində məcburi köçkünlər və qaçqınlar ağır həyat şəraiti yaşamağa məcbur idilər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məcburi köçkünlərin və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Dövlət proqramları icra olunmağa başladı. Belə ki, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün 300 mindən çox qaçqın və məcburi köçkün üçün mənzillər və fərdi evlər tikildi, müavinətlər, təqaüdlər təyin olundu və onların məşğulluğu məsələləri həll olundu.
"2 il 8 ay əvvəl rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən sonra "məcburi köçkün" adı tarixə keçdi. Dövlətimiz işğaldan azad olunmuş əraziləri yenidən qurub bərpa edərək keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarır. Azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə məcburi köçkünlərimizin yaşayışı üçün ən müasir həyat şəraiti yaradılır. Amma təəssüf ki, ölkəmizdə qaçqın problemi hələ də qalmaqdadır", - deyə deputat vurğulayıb.
O, həmçinin qeyd edib ki, Qərbi Azərbaycan İcmasına müasir inzibati bina verilib. Artıq İcma Ermənistandan qaçqın düşmüş soydaşlarımızı bir araya gətirir və onların öz tarixi torpaqlarına qayıtmaları üçün beynəlxalq təşkilatlara müraciətlər göndərir, bəyanatlar səsləndirir. A.Badamov Ermənistandan qaçqın düşmüş soydaşlarımızın da öz doğma yurdlarına qayıdacaqlarına inandığını söyləyib.
(AZƏRTAC)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0