Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məzunların "himni" sayılan "Məktəb illəri" mahnısı necə yaranıb? - VİDEO

© Photo : Facebook \ Aygün SəmədzadəAygün Səmədzadə
Aygün Səmədzadə - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Bu gün Azərbaycan məktəblərində "Son zəng" qeyd edilir. 98 min 647 şagird XI (XII) siniflərdən məzun olur. Sputnik Azərbaycan "Son zəng" tədbirinin əvəzedilməz mahnılarından biri, məzunların "himn"i sayılan mahnının yaranma tarixini sizə təqdim edir.
BAKI, 14 iyun — Sputnik. Geyimmiiz, hüququmuz bir idi, şagird idi hamımızın adı da... "Məktəb illəri"... İllərdir ki, bu mahnı minlərlə məzunun "himni"nə çevrilib. Hər dəfə dinləyəndə ömrümüzün ən şirin, duyğulu, qayğısız günlərinə qaytaran nəğmənin tarixçəsi haqqında mahnının bəstəkarı Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Aygün Səmədzadə ilə həmsöhbət olduq. Mahnının sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmalə Abiyevaya, musiqisi isə Aygün Səmədzadəyə məxusdur. Mahnını ilk dəfə Əməkdar artist Lalə Məmmədova ifa edib.
Aygün xanım bildirir ki, mahnı 1998-ci ildə yazılıb:

"Görkəmli musiqiçi, sənətdə ilk addımlarımdan məni dəstəkləyən Səyavuş Kərimi mahnını aranjman etdi. Məsləhətləşib mahnını oxumağı səhnəyə ilk addımlarını atan, o zamanlar çox gənc və eyni zamanda gözəl ifaçı olan Lalə Məmmədovaya həvalə etdik. Mahnı 1999-cu ildə oxundu. 2000-ci ildə mahnıya keçmiş "ABA" kanalının təşəbbüsü ilə rejissor Aqil M.Quliyev tərəfindən gözəl bir klip çəkildi".

Mahnı efirdə yayımlandığı gündən hər kəsin sevgisini qazandı:
"Xoşbəxtlikdən ilk sədalarından məşhurlaşan və çox sevilən bir əsər oldu, məktəblilərin himninə çevrildi, 25 ildir sevgi ilə səslənir. Buna görə bütün yaradıcı heyətə və mahnını bu qədər sevən dinləyicilərə təşəkkür edirəm", - deyə bəstəkar bildirir.
Hazırda məktəb haqqında mahnıların yaranmamasına gəldikdə isə bəstəkar bildirir ki, belə musiqi əsərləri hər gün yarana bilməz və elə ona görə də hər kəs üçün bu qədər dəyərlidir:

"Bu mahnı artıq uzun illərdir ki, böyükdən kiçiyə çox nəsillər üçün hədiyyədir. Bu, xatirələrin musiqiyə çevrilməsidir. Yəqin, doğru zamanda yazılıb, gözəl alınıb, kütləvi sevilib ki, yeni mahnıya ehtiyac qalmayıb. Bir də ki, belə ali mövzularla ehtiyatla, peşəkarlıqla yanaşmaq, həssas davranmaq lazımdır. Bu mövzuda yazılacaq əsərlər "Məktəb illəri" qədər gözəl olarsa, buna ancaq sevinərəm".

Mahnının sözlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmalə Abiyeva da mahnının yaranmasından bəhs edib:
"Ötən əsrin 90-cı illərində çox bədbin idim. Qarabağ hadisələrini ağrı ilə yaşayırdım. O vaxt məhz "Məktəb illəri" mənə dayaq oldu. Təsadüfən naz-qəmzəsi yerə-göyə sığmayan bir sinif yoldaşıma rast gəldim, elə acınacaqlı haldaydı ki... Ən gözəl şeir deyənlərdəndi. Əməliyyatda səs tellərinə toxunmuşdular, səsi güclə eşidilirdi. Şəxsi həyatı uğursuz idi. Böyük arzuları vardı amma... Neçə gün məktəbi, sinfimizi düşündüm. Sinif yoldaşlarımın çoxunun taleyi uğursuz idi. Ən həyatsevər oğlanlardan birini maşın vurmuşdu, digəri öz maşınında qəzada ölmüşdü. Ən gözəgəlimli, qızların sevimlisi olan oğlan qəfil dünyasını dəyişmişdi. Bir başqası da elə. Qızların da həyatı, yəni mən eşitdiklərim ürəkaçan deyildi".
Sinif yoldaşlarının acı taleyi onu bu əsəri yazmağa vadar edir:

""Məktəb illəri"ndə hamının necə xoşbəxt olduğunu düşündüm. Gülüşümüzün, sevincimizin necə içdən, həqiqi olduğunu düşündüm. Həyatı sonralar yaşayırsan əslində. Bu hisslərin təsiriylə artıq vərəqləri saralmış şeir dəftərimdə İki bənd yazdım: Geyimimiz, hüququmuz bir idi, Şagird idi hamımızın adı da. Elə bil ki, boyumuz da eyniydi, aman Allah, nə xoşbəxtdik biz onda. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışardıq yanırdıq, Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq... O qədər qəhərləndim ki, ardını yaza bilmədim, yarımçıq qaldı. O şeir dəftərini bacım Aybəniz Aygünə vermişdi. Bir də gördüm evə zəng vurdu. Dedi ki, "mən bu şeirə mahnı yazıram". "Yarımçıqdır, özü də ağrılıdır" dedim. Qəribə bir qərarlı tərzdə "Yaz da şeiri. Gör, bu necə mahnı olacaq" dedi. Sonrasını hamımız bilirik".

Son illər məktəb haqqında mahnıların və şeirlərin yazılmamasına gəldikdə isə mahnının sözlərinin müəllifi bunları deyib:
"Mən bilmirəm, bizdə son illərdə bircə dəfə səslənməklə bu qədər məşhur olan bir mahnı olubmu? Olmayıb, zənnimcə. Mahnı oxunan kimi illərin şöhrətini qazandı. Burada mahnının ilk ifaçısı Lalə xanım Məmmədovanın istedadını vurğulamasam, olmaz" - deyə şairə xanım fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0