CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSMF və İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılır

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Dürüstləşdirilmiş büdcədə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərclərinin 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata çatdırılması təklif olunur.
BAKI, 13 iyun - Sputnik. Milli Məclisdə "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" qanunlara dəyişikliklər müzakirə edilib.
Parlamentin bugünkü iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, postmüharibə və postpandemiya dövründə dövlət büdcəsinin profisitlə bağlı dürüstləşdirilməsinə baxılması ölkəmizin iqtisadi gücünün göstəricisi, Prezidentin rəhbərliyi altında sosial-iqtisadi, maliyyə-büdcə siyasəti sahəsində aparılan davamlı və ardıcıl islahatların uğurlu nəticəsidir. Dövlət büdcəsi gəlirlərinin artımının yarısı qeyri-neft sektorunun payına düşür ki, bu da qeyd olunan sahədə inkişaf potensialının yüksək olmasının göstəricisidir.
O, dürüstləşdirilən büdcənin xərclərinin əsas istiqamətlərinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə, soydaşlarımızın doğma yurdlarında yenidən məskunlaşmasına, digər hissəsinin ölkəmizin milli təhlükəsizliyinin qorunmasına, beynəlxalq münasibətlər sahəsinin gücləndirilməsinə, strateji sahələrin infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcə layihələrinin "Büdcə sistemi haqqında" Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlandığını söyləyib.
Diqqətə çatdırılıb ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərclərinin 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata çatdırılması təklif olunur. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat vəsait uşağın anadan olmasına görə müavinətin məbləğinin 2023-cü ilin yanvar ayından 300 manatdan 500 manata qaldırılması üçün xərclərini qarşılamaq üçün nəzərdə tutulub.
Eyni zamanda, postpandemiya dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur. Fondun mərkəzi aparatının və yerli struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat və yaxud 3,9% artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur.
Bildirilib ki, İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub. Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək. Qeyd edilib ki, İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin 7 parametri üzrə dəyişiklik təklif edilir. Belə ki, işsizliyə görə sığorta ödənişləri, haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi, Dövlət Məşğulluq Ağentliyinin aparatının, yerli orqanlarının və Sosial Müdafiə Məsələləri üzrə Milli Observasiyanın saxlanılma xərcləri istiqamətlərində artımlar nəzərdə tutulur. Artımlar əmək haqlarının yüksəlməsi, yeni sosial müəssisələrin yaradılması və əlavə iş yerlərinin açılması ilə əlaqədardır.
Hər iki qanuna dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0