CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar" - Fazil Mustafa

© Sputnik / Murad OrujovFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Deputat bildirib ki, dərmanların qiymətləri çox bahadır, amma bunun qarşısını almaq üçün tədbirlər görülmür.
BAKI, 6 iyun - Sputnik. "İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, dərmanların qiymətləri çox bahadır, amma bunun qarşısını almaq üçün tədbirlər görülmür. Avropa dərmanları bizim bazardan çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını ölkəyə gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar.
Deputat onu da əlavə edib ki, əhalinin sosial müdafiəsində ciddi problemlər var. Büdcədə bu problemlərin həlli üçün maliyyə var. Olimpiya komplekslərinin və digər bu kimi yerlərin saxlanması üçün ayrılan vəsait insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir. Bu kimi yerlər təcili özəlləşdirilməlidir.
Azərbaycanda əhalinin dərmanla təchizatı əsasən idxal hesabına ödənilir
Qeyd edək ki, Azərbaycanda əhalinin dərmanla təchizatı əsasən idxal hesabına ödənilir. Bu baxımdan ölkəmizdə dərman istehsalının təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Belə ki, əczaçılıq sənayesinin inkişafı üçün dövlət tərəfindən zəruri infrastruktura (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) malik Pirallahı Sənaye Parkı yaradılıb. Artıq 5 sahibkarlıq subyekti ixtisaslaşmış Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Artıq bir şirkət tərəfindən göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin ("Fungipar", "Diasmet", "Rosapar" və s.) istehsalına başlanıb və hazırda həmin dərman vasitələri satışdadır.
Xatırladaq ki, ötən ilin dekabrın 9-da keçirilən Milli Məclisin iclasında çıxış edən Baş nazir Əli Əsədov deyib ki, qlobal istehsal-təchizat zəncirində qırılmalar dünya ərzaq qiymətlərinin bahalaşmasına, əksər ölkələrdə inflyasiyasının iki rəqəmli olmasına səbəb olub: "Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzədir. Qlobal vəziyyətin necə olacağını təxmin etmək çətindir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. İnflyasiya ölkəmizdə əsasən ərzağın təxminən 60 faiz bahalaşmasına səbəb olub".
Baş nazirin sözlərinə görə, Azərbaycan dərman məhsullarının 95 faizindən çoxunu idxal edir. Dərman vasitələri Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən idxal olunur: "Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir. Şura Tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub, bu da ümumi dərmanların cəmi 2 faizidir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0