CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ulduz ala bilməyən hotelləri nə gözləyir?

© Sputnik / Nigar İskanderovaHalal Hotel
Halal Hotel - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
DTA bildirib ki, Azərbaycanda təqdim edilən xidmətlərin qlobal bazarlarda formalaşmış "ulduz" dərəcələrinə uyğun olmaması ölkənin yerləşmə sənayesinin nüfuzuna xələl gətirirdi.
BAKI, 5 iyun — Sputnik. Hotellərin ulduz kateqoriyası üzrə qiymətləndirilməsi dedikdə, ölkə ərazisində fəaliyyət göstərən hotellərin ulduz təsnifatının aparılması başa düşülür.
Bunu Dövlət Turizm Agentliyi (DTA) Sputnik Azərbaycan-ın sorğusu əsasında hotellərin ulduz kateqoriyası üzrə qiymətləndirilməsini şərh edərkən bildirib.
Daha əvvəl Agentlik ölkədə hotellərin ulduz kateqoriyası üzrə qiymətləndirilməsinin həyata keçiriləcəyini açıqlamışdı.
Agentlik qeyd edib ki, "Turizm haqqında" qanunun 9.1-ci maddəsi ilə mehmanxanaların ulduz kateqoriyalarının əldə etməsinin məcburiləşdirilməsi, həmçinin, AR Dövlət Turizm Agentliyinin 2 may 2023-cü il tarixli kollegiya qərarı ilə "Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları" təsdiq edilməsi nəticəsində ölkə ərazisində milli ulduz təsnifatı yaradılır.
"2015-ci ildən etibarən mehmanxanalara lisenziyaların verilməsi tələbinin ləğv edilməsi bu sahədə canlanma yaradaraq təşviq mexanizmi kimi çıxış etdi, ancaq müəyyən müddət sonra hotellərdə göstərilən xidmətlərin keyfiyyəti ilə istehlakçılara təqdim edilən ulduz dərəcəsinin uyğunluq təşkil etməməsinə və sui-istifadə hallarının artmasına dair narazılıqların artması müşahidə edildi. Belə ki, hotellərin müstəqil şəkildə ulduz dərəcələrini təyin edib təqdim etmələri istehlakçılara yanıldıcı məlumatların ötürülməsinə gətirib çıxarırdı. Belə olduğu halda, turistlər hotel xidmətlərin istifadə edən zamanı arzu etdikləri keyfiyyəti görə bilmirlər", - DTA-dan bildirilib.
Həmçinin qeyd edilib ki, digər tərəfdən, Azərbaycanda təqdim edilən xidmətlərin qlobal bazarlarda formalaşmış "ulduz" dərəcələrinə uyğun olmaması ölkənin yerləşmə sənayesinin nüfuzuna xələl gətirirdi. Qaldırılan məsələlərin həlli məqsədilə yeni yaradılan ulduz təsnifatı sistemi beynəlxalq təcrübələrin tətbiqi əsasında qurulmaqla bərabər, ölkənin qonaqlama sənayesindəki milli təcrübələrini də özündə birləşdirir.
Agentlik onu da aydınlaşdırıb ki, ulduz kateqoriyaları üzrə qiymətləndirmə sadəcə bir dəfə həyata keçirilən yoxlamanı əhatə etmir. Belə ki, hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq üçüncü şəxslər - uyğunluğu qiymətləndirmə qurumlar tərəfindən sertifikatlaşdırma prosesi çərçivəsində həyata keçiriləcək.
"Sertifikatlaşdırma prosesi sadəcə hotellərin ulduz dərəcəsinin təyin edilməsini deyil, təyin edilən ulduz dərəcəsindən istifadə zamanı hotelin məsuliyyətlərini, həmçinin, təyin edilmiş ulduz dərəcəsinə uyğunluğunun mütəmadi qaydada nəzarət edilməsini əhatə edir", - Agentlik bildirib.
DTA-nın qeydinə görə, milli ulduz təsnifat sisteminin yaradılması bütün maraqlı tərəflərə xitab edəcək. Belə ki, hotellərin fəaliyyətinə dövlət nəzarətinin edilməsinə, hotel sənayesində azad rəqabətin aparılması üçün ədalətli mühitin yaradılmasına, dayanıqlı hotel sənayesinin formalaşmasına, həmçinin, istehlakçılara etibarlı, doğru məlumatların ötürülməsinə və hotel xidmətlərindən işlək şikayət mexanizminin formalaşmasına şərait yaradacaq. Bununla bərabər, milli ulduz təsnifatının biznes mühitinin inkişafına dəstək göstərməsi nəticəsində yeni milli brendlərin yaranmasını da təşviq edir.
Azərbaycanda hotellərin nə qədəri ulduz alıb?
Azərbaycan Turizm Bürosu Milli Hotel Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində ulduz kateqoriyaları üzrə sertifikatlaşdırmanı həyata keçirir. 2023-cü ilin may ayınadək 37 hotelə ulduz dərəcəsi təyin edilib.
Hotellərin qiymətləndirməsi zamanı ulduz ala bilməyənlərin taleyi necə olacağına gəlincə, Agentlikdən bildirilib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428-1.2-ci maddəsinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
Xəbər lenti
0