CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN-də yeni yaradılan qurum kibercinayətkarlıqla necə mübarizə aparılacaq?

© Depositphotos.com / Gorodenkoff Специалист по системной безопасности работает в центре системного управления
Специалист по системной безопасности работает в центре системного управления  - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
Ekspertin fikrincə, indiyədək ən ciddi problem də ondan ibarət idi ki, DTX və DİN arasında kibercinayətlərlə bağlı konkret səlahiyyət bölgüsü yox idi.
BAKI, 3 iyun — Sputnik. Ötən gün Prezidentin fərmanı ilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. İKT üzrə ekspert, Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz bu qurumun yaradılmasını şərh edib. O, uzun illərdir belə bir qurumun vacibliyi ətrafında fikirlərin səsləndirildiyini qeyd edib.
"Biz də bu istiqamətdə xeyli təkliflər vermişik. Xatırlayıram ki, 2009-cu ildə ölkəmiz "Kibercinayərkarlıq haqqında" konvesiyaya qoşulandan dərhal sonra belə bir qurum yaradılmışdı. Lakin o zaman bu səlahiyyətləri daha çox öz əlində cəmləşdirməyə meylli olan MTN faktoru belə bir qurumun fəaliyyətə başlamasına imkan vermədi. Bizə də "məsləhət" bilinmişdi ki, DİN nəzdində belə bir qurumun varlığını unudaq. Beləliklə də, kiber sahədə cinayətkarlıqla mübarizə səlahiyyəti o zaman əsasən MTN-ə qaldı", - O.Gündüz xatırladıb.
Onun sözlərinə görə, 2015-ci ildən sonra kibercinayətkarlıq sahəsində DİN bir xeyli səlahiyyətlər, ibtidai istintaq işlərini aparmaq səlahiyyəti əldə etmişdi. İndiyədək DİN -də bu işlərin kurasiyası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində olub. Hətta bu qurum həmin istiqamətdə bir neçə uğurlu əməliyyat da keçirib.
"Ümumiyyətlə, son zamanlar baş verənlər göstərir ki, DİN-də cinayətkarlıqla mübarizənin texniki proqram təminatı, "təhlükəsiz şəhər" infrastrukturu xeyli inkişaf edib. Bu günədək Azərbaycanda kibercinayətkarlıqla bağlı əsas səlahiyyətlər DTX-da, qismən də DİN-də olub. İndiyədək ən ciddi problem də ondan ibarət idi ki, DTX və DİN arasında kibercinayətlərlə bağlı konkret səlahiyyət bölgüsü yox idi. Necə deyərlər, kim qabağa düşüb hansı kibercinayətlə bağlı iş müəyyən edirdisə, elə o da bu işi aparırdı. Bəzən müşahidə olunurdu ki, kibercinayət milli təhlükəsizlik mahiyyəti daşımasa da, adi bir kiber dələduzluq olsa da, onunla DTX məşğul olmalıydı", - ekspert əlavə edib.
Onun fikrincə, güman ki, son dövrlər regionda, dünyada və ölkəmizdə baş verən kibertəhdidlər və kibercinayətlər, bu istiqamətdə müasir çağırışlar, rəqəmsal bankçılıq və qarşıdan gələn 5G təhdidləri, yəni, əşyaların internetə inteqrasiyası fonunda baş verə biləcək cinayətlərin artma ehtimalı hökuməti də narahat edib. Nəhayət, DTX və DİN arasında kibercinayətlərlə bağlı səlahiyyət bölgüsünü müəyyənləşdirməyə qərar verilib.
"Düşünürəm ki, Prezidentin bununla bağlı fərmanı ölkəmizdə kibercinayətkarlığa qarşı mübarizədə xeyli irəliləyiş və dönüş yaradacaq. Çünki, son zamanlar kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi sahəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı DTX da xeyli əlavə səlahiyyətlər əldə edib", - O.Gündüz deyib.
Onun fikrincə, bundan sonra DTX-nın qeyd olunan sahədə rolu gücləndiriləcək, milli təhlükəsizlik mahiyyəti daşımayan kibercinayətlər sahəsində səlahiyyətləri məhdudlaşdırılacaq:
"Bu tip işlərin hamısı DİN-ə veriləcək. Onu da gözləmək olar ki, DİN-nin bütün rayon və şəhər şöbələrində kibercinayətkarlıqla bağlı strukturlar formalaşdırılacaq. Bu addımlar isə regionlarda da bu tip cinayətlərin qarşısının zamanında alınmasında mühüm rol oynayacaq".
O. Gündüz vurğulayıb ki, bu istiqamətdə kadr hazırlağının artırılmasına, beynəlxalq təcrübənin mənimsənilməsinə diqqəti artırmaq çox vacibdir:
"Universitetlərdə, xüsusilə də Polis Akademiyasında, DTX-nın Heydər Əliyev adına Akademiyasında kibercinayətkarlıqla bağlı ixtisaslı kadrların hazırlığını daha da gücləndirmək lazımdır".
Beləliklə, hazırda ölkəmizdə kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərlə DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, RİNN-nin Elektron Təhlükəsizlik Xidməti və DİN -nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi məşğul olacaq.
"Sektorda Prezident fərmanı əsasında formalaşdırılan, XRİTDX-nin rəhbərliyi altında İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir", - deyə ekspert əlavə edib.
Xəbər lenti
0