CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağ evlərinin kirayə qiymətində fantastik artım

© pixabay / paulbr75Ev, arxiv şəkli
Ev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Ramil Osmanlı quru sərhədlərin bağlı qalmasının bağ evlərinin kirayə qiymətlərinə təsir göstərdiyini bildirib.
BAKI, 2 iyun — Sputnik. Havanın temperaturu qalxar-qalxmaz bağ evlərinin də qiyməti kəskin bahalaşıb. Artıq Bakı ətrafında aylıq kirayə haqqı 1000-1500 manatdan ucuz bağ evi tapmaq müşkül məsələdir. Sputnik Azərbaycan bağ evlərinin kirayə qiymətlərinin kəskin bahalaşmasının sırf mövsümi amillə bağlı olub-olmadığını araşdırıb.
Bağ evlərinin kirayə qiyməti 1000 manatdan başlayır
Paytaxtda bağ evlərinin alqı-satqısı, kirayəsi ilə məşğul olan rieltor Fərid Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Bakı ətrafında aylıq kirayə qiymətləri 1000 manatdan 5000 manatadək dəyişir. Onun sözlərinə görə, müştərilər əsasən Mərdəkan, Şüvəlan, Nardaran, Bilgəh qəsəbələrində yerləşən bağ evlərini kirayələməyə üstünlük verirlər. O, hazırda ən çox təlabatın Mərdəkanda yerləşən bağ evlərinə olduğunu bildirib: " Mərdəkanda hovuzlu villaların aylıq kirayə qiyməti 3000-3500 manat arasındadır. Ən bahalı bağ evləri Bilgəh qəsəbəsində yerləşir. Bilgəhdə bağ evlərinin aylıq kirayə haqqı 4500-5000 manatdır".
F.Hüseynli bildirib ki, hazırda Bakı ətrafında hovuzsuz bağ evlərinin aylıq kirayə haqqı 1000-1500 manatdır. Pirşağı, Novxanı, Fatmayi istiqamətində kiçik kirayə fərdi evlərin qiyməti isə 600 manatdan başalayır.
Rieltor deyir ki, bağ evlərinə təlabat pandemiyadan sonra artıb. Türkiyədə baş vermiş zəlzələdən sonra isə fərdi həyət evlərinin alışına maraq çoxalıb.
Ən çox təlabat hovuzlu villalaradır
Həmsöhbətimiz onu da bildirdi ki, bağ evlərinin, villaların çoxu artıq kirayə verilib. O, hovuzlu villaların fevral ayından kirayəsi üçün beh verildiyini söylədi.
F.Hüseynli bağ evlərinin kirayəsinə əcnəbilər tərəfindən elə böyük maraq olmadığını söyləyib. Bildirib ki, əcnəbilər daha çox Batamdar qəsəbəsi ərazisində bağ evləri kirayələməyə üstünlük verirlər.
Hüseynli hər mövsüm bağ evlərinin kirayə qiymətlərinin bahalaşdığını, hazırda dənizə yaxın ərazidə yerləşən, geniş bağı olan villaların aylıq kirayə qiymətləri 3500 manatdan-5000 manatadək dəyişir. Rieltor bahalı bağ evlərini kirayə götürərkən depozit tələbi qoyulduğunu da söyləyib.
Pandemiyadan sonra hamı bağa qaçır
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda bağ evlərinin kirayə qiymətlərinin bahalaşması əsasən mövsümlə bağlı olsa da, buna təsir edən digər amillər də var.
R. Osmanlının sözlərinə görə, xaricdən Azərbyacana insan və pul axını da qiymətlərin artmasına səbəb olur.
İqtisadi əsaslar həddindən artıq çoxdur. Makroiqtisadi səbəblər də var. Ölkədaxilində aparılan tikinti-quruculuq işlərinə ayrılan vəsaitlərin kəskin artımı da buna təkan verir. Amma son iki həftə ərzində bağ evlərində qiymət artımı əsasən mövsümi amillə bağlıdır. Bu daha çox özünü kirayə qiymətlərində göstərir. Bu tendensiya pandemiyadan sonra dərinləşməkdə davam etməkdədir. Pandemiyadan əvvəl bağ evlərinə tələb bu səviyyədə deyildi. Pandemiya insanlarda bağ evlərində yaşamaq ənənəsi formalaşdırmağa başladı".
Osmanlı deyir ki, hazırda bağ evi almaq baha başa gəlir. Ən ucuz bağ evinin qiyməti 200 min manatdan başlayır. Ona görə insanlar bağ evlərini mövsüm dövründə kirayələməyə daha çox üstünlük verirlər.
Quru sərhədlərin bağlı qalması bağ evlərinə təlabatı artırır
Əmlak eksperti deyir ki, bağ evlərinin kirayə qiymətlərində bahalaşmaya quru sərhədlərin də bağlı olması təsir göstərir: "Araşdırmalar göstərir ki, pandemiyadan əvvəl Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayı daha çox idi. Turistlərin böyük əksəriyyəti hazırda quru yollar bağlı olduğundan, daxildə istirahətə üstünlük verirlər. Bu isə bağ evlərinə təlabatı artırır. Nəticədə qiymətlərdə artım qeydə alınır".
Osmanlının sözlərinə görə, Bakı ətrafında, dənizkənarı ərazilərdə hovuzlu, idman zalı, mini futbol meydançası olan bağ evlərinin aylıq kirayə haqqı 10 min manata təklif olunur.
Ekspert bildirir ki, qiymət artımı avqust ayının ilk ongünlüyünə qədər davam edəcək. R. Osmanlı onu da qeyd edib ki, Əmlakın gəlirliyi onun bazar qiymətlərinə də təsir göstərir. R. Osmanlı kirayə və satış qiymətlərinin bir-biri ilə bağlı olduğunu söyləyib. O, bildirib ki, bağ evlərinin gəlirliyinin artması onun satış qiymətlərinə də təsirsiz ötüşməyib. Son illərdə bağ evlərinin qiyməti xeyli bahalaşıb.
Xəbər lenti
0