Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidməmur
məmur - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Sənəddə nəzərdə tutulan dəyişikliklər sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
BAKI, 31 may - Sputnik. Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Parlamentin bugünkü iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, sənədin əsas məqsədi sahibkarların maraqlarının gücləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsidir. Təklif olunan dəyişikliklər yoxlayıcı orqanlar üçün əlavə tədbirlər müəyyən edir ki, bu da sahibkarlıq subyektlərinin yoxlamalarla bağlı qanunla qorunan hüquqlarını daha da möhkəmləndirir. Layihədə “yoxlama obyekti”nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Bu yanaşma imkan verəcək ki, yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmasın. Sənəddə, habelə “Risklərin idarə olunması” anlayışı, onun strukturu, struktura daxil olan komponentlərin anlayışları verilir. Bu cür yanaşma risklərin idarə olunmasına aydınlıq, ardıcıllıq və şəffaflıq gətirəcək.
Qeyd olunub ki, qanuna yoxlayıcının və sahibkarın hüquq və vəzifələrini özündə ehtiva edən yeni 1-1-ci fəsil əlavə olunur. Həmçinin, 6-1 və 6-2-ci maddələrin əlavə edilməsi təklif olunur ki, burada etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması və yoxlayıcı orqanın fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Layihənin bir sıra maddələrində nəzərdə tutulan düzəlişlər yoxlamaların vahid məlumat reyestrinin aparılmasının təkmilləşdirilməsinə, bu prosesdə müəyyənliyin və şəffaflığın artmasına xidmət edir.
Nəzərə çatdırılıb ki, qanun layihəsində nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər də əks olunub. Təkliflərə əsasən, götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.
Bildirilib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Yoxlama zamanı sahibkarın özünün orada olması artıq vacib olmayacaq
Xatırladaq ki, dəyişiklikləri Sputnik Azərbaycan-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, qanun layihəsi sahibkarların hüquqlarının qorunması baxımından vacibdir: "Layihədə yoxlayıcı orqanlarla sahibkarların hüquq və vəzifələri aydın şəkildə göstərilir. Sahibkarların vəzifələri müəyyən edilən zaman onlar üçün daha üstün məqamlar nəzərə alınıb. Məsələn, əvvəllər sahibkarın iştirakı olmadan yoxlama aparılmırdı. Amma bəzi hallarda sahibkar obyektiv səbəbdən yoxlamada iştirak edə bilmirdi, xaricdə səfərdə olurdu və s. Nəticədə yoxlama aparılmasında çətinlik olurdu. Bəzi hallarda hətta yoxlamaya mane olduqlarına və yoxlamada iştirak etmədiklərinə görə sahibkarlar cərimə olunurdular. Amma yeni dəyişikliyə əsasən sahibkarın səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlama aparıla bilər, yəni yoxlamada sahibkarın özünün olması artıq vacib deyil".
Sahibkarlardan götürülən nümunələrlə bağlı xərcləri yoxlayıcı orqan qarşılayacaq
Deputat vurğulayıb ki, digər mühüm məqam yoxlama zamanı sahibkarlardan götürülən nümunələrlə bağlı xərclərin yoxlayıcı orqan tərəfindən ödənilməsidir. Çünki bəzi hallarda sahibkarın satdığı məhsul nümunə olaraq götürülürdü və bir sıra hallarda onların qiyməti kifayət qədər bahalı olurdu. Nəticədə götürülən nümunənin xərcinin ödənilməsi ilə bağlı problemlər yaşanırdı. Artıq qanun birmənalı şəkildə qeyd edir ki, yoxlama zamanı götürülən nümunələr ilə bağlı xərclər yoxlayıcı orqan tərəfindən ödəniləcək.
Sahibkarlara pulsuz məsləhətlər və izahatlar veriləcək
"Yeni qanun layihəsinə sahibkarlara pulsuz məsləhətlərin və izahatların verilməsi kimi fəaliyyətlər də daxildir. Ona görə də yeni qanun layihəsi sahibkarların yoxlama zamanı hüquqlarının daha aydın şəkildə qorunmasına şərait yaradacaq", - deyə deputat əlavə edib.
Qeyd edək ki, dəyişikliyə əsasən, yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödəniləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0