Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclisdə 2022-ci il dövlət büdcəsinin icrası müzakirə edilir - TƏFƏRRÜAT

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 311 milyon manat vəsait ayrılıb.
BAKI, 31 may - Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Parlamentin bugünkü iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. O, deyib ki, dünyada baş verən ümumi böhran fonunda, Azərbaycanda 2022-ci il iqtisadi inkişaf baxımından uğurlu olub. Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb, ümumi daxili məhsulun (ÜDM) artımına nail olunub, qarşıda duran hədəflərin icra olunması ilə bağlı müsbət nəticələr əldə edilib.
2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub
Tahir Mirkişili diqqətə çatdırıb ki, 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub. İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi 133.8 milyard manat təşkil edib. Ümumilikdə ötən il həm neft-qaz sektorunu, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40.6 milyard manat əlavə artım müşahidə olunub. O, neftin 1 barelinin qiymətinin 2022-ci ilin dövlət büdcəsində 85 ABŞ dolları ətrafında planlaşdırıldığını, lakin bu göstəricinin 103,6 ABŞ dolları ətrafında olduğunu deyərək, bu artımın da dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərdiyini söyləyib.
2022-ci ildə orta illik inflyasiya 13,9 faiz olub
Komitə sədri ölkədə 2022-ci ildə orta illik inflyasiyanın 13,9 faiz təşkil etdiyini, inflyasiya ilə mübarizə sahəsində Azərbaycanda bir çox zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, bu istiqamətdə atılan addımların inflyasiyanın mənfi təsirlərinin azalmasına xidmət etdiyini deyib.
Tahir Mirkişili bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq icra olunub, xərcləri isə 32 milyard 64.6 milyon manat həcmində icra edilib. O, icra göstəricilərinin yüksək olduğunu və bunun qarşıda duran hədəflərin yerinə yetirilməsi baxımından önəmli olduğunu qeyd edib, kəsirin 3,1 milyard manat planlaşdırıldığını, nəticədə isə 1 milyard 385 milyon manat ətrafında olduğunu deyib.
Əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manat olub
Diqqətə çatdırılıb ki, 2022-ci ildə əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb, investisiyaların 5,4 milyard manatı neft, 12,9 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb.
Qeyd edilib ki, 2022-ci ildə dünya iqtisadiyyatındakı inflyasiyanın təzyiqləri nəticəsində ölkə üzrə orta illik inflyasiya 13,9 faiz təşkil edib ki, bu da əsasən idxal hesabına formalaşan inflyasiyadır.
Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib
Komitə sədri diqqətə çatdırıb ki, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnoza qarşı 30679,6 milyon manat və ya 1481,8 milyon manat, 2021-ci ilin dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə isə 4283,4 milyon manat çox icra olunub. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib. Dövlət büdcəsinin gəlirlərinin 15543,0 milyon manatı və ya 50,7 faizi Dövlət Vergi Xidmətinin xətti ilə, 5654,6 milyon manatı və ya 18,4 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 7923,0 milyon manatı və ya 25,8 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1559,1 milyon manatı və ya 5,1 faizi digər gəlirlər üzrə daxilolmaların payına düşür.
Qeyd olunub ki, büdcə gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15350,0 milyon manat təşkil edir. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmaların 8136,3 milyon manatı və ya 53,0 faizi vergi orqanlarının xətti, 5654,6 milyon manatı və ya 36,8 faizi gömrük orqanlarının xətti, 1559,1 milyon manatı və ya 10,2 faizi isə digər mənbələrdən daxilolmaların payına düşür. Büdcə gəlirlərində neft sektoru üzrə daxilolmalar 15329,6 milyon manat təşkil edib. Neft sektoru üzrə büdcə gəlirlərinin 51,7 faizini və ya 7923,0 milyon manatını Dövlət Neft Fondundan transfert, 48,3 faizini və ya 7406,6 milyon manatını isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən neft sektorundan daxilolmalar təşkil edib.
Büdcə xərcləri 99,3 faiz icra olunub
Diqqətə çatdırılıb ki, 2022-ci il dövlət büdcəsinin xərcləri ilkin olaraq 29879,0 milyon manat məbləğində təsdiq olunub. Dövlət büdcəsinə yenidən baxılaraq, onun xərcləri artırılaraq 32303,8 milyon manat məbləğində müəyyən edilib. Büdcə xərcləri 99,3 faiz və ya 32064,6 milyon manat məbləğində icra olunub. Ötən ilin dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını sosialyönümlü xərclər təşkil edib. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə ümumilikdə 9221,9 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 9151,2 milyon manat məbləğində vəsait ayrılıb və proqnoza nisbətən 70,7 milyon manat az vəsait istifadə olunub.
Ötən ildə müdafiə və milli təhlükəsizlik xərcləri
Qeyd edilib ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5622,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çoxdur.
Keçən il azad olunmuş ərazilərin qurulması üçün 4 milyard 311 milyon manat vəsait ayrılıb
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4311,0 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 2665,4 milyon manatı və ya 61,8 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 1079,7 milyon manatı və ya 25,1 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 467,1 milyon manatı və ya 10,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 98,8 milyon manatı və ya 2,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür. Həmin vəsaitin 4070,9 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına, 24,8 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.
Bildirilib ki, 2022-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3106,0 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1385,0 milyon manat təşkil edib.
2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat təqdim edildikdən sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkənin 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatla bağlı Palatanın rəyini diqqətə çatdırıb.
Müzakirələr davam etdirilir.
Xəbər lenti
0