Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

2023-cü il dövlət büdcəsinin gəlir və xərcləri artırılır - DETALLAR

© Sputnik / Murad OrujovMaliyyə hüsablamaları, arxiv şəkli
Maliyyə hüsablamaları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri 36568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,5 milyon manat və ya 9,6 faiz çoxdur.
BAKI, 31 may — Sputnik. Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər ilə bağlı layihə göndərilib.
Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər "Büdcə sistemi haqqında" qanunun 23-cü maddəsinə uyğun olaraq təklif olunur.
Dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər nələrdir?
İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin aparılması, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şəkildə öz ata-baba yurdlarına qaydışının təmin edilməsi, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasının sürətləndirilməsi,
Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi, ölkə daxilində və xaricində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dünyada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu dövlətlər tərəfindən Azərbaycan Respublikasına qarşı baş qaldıra biləcək istənilən təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilməsi,
Beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi,
Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların bölünməsini gündəmə gətirir.
Bu ilin 4 ayının makrofiskal nəticələri və yenilənmiş makroiqtisadi proqnozlar
2023-cü ilin ilk dörd ayında ölkədə 40,0 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 22,7 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,1 faiz, qeyri-neft sektoru üzrə isə 3,1 faiz artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ölkə iqtisadiyyatının əksər sahələrində, o cümlədən kənd təsərrüfatında 3,5 faiz, tikintidə 10,1 faiz və informasiya və rabitə sahəsində 12,1 faiz real artım, sənaye sahəsində isə neft hasilatının azalması ilə əlaqədar 2,6 faiz azalma qeydə alınıb.
2023-cü ilin yanvar-mart ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 12,2 milyard ABŞ dollarına çatıb ki, bunun da 8,2 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 4,0 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşür. Nəticədə xarici ticarət hesabında 4,2 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb.
Bununla yanaşı, 2023-cü ilin yanvar-aprel aylarında "Azeri Light" markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olmuşdur ki, bu da 2023-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 35,8 ABŞ dolları çoxdur.
Cari ilin ilk dörd ayında qeyri-neft sektorundakı ÜDM-in göstəricilərində qeydə alınan müsbət meyillər, həmçinin neft qiymətinin münbit dinamikası və inflyasiya səviyyəsinin sözügedən dövr ərzində yüksək (13,5 faiz) olması icmal və dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib.
Dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiyməti, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyalar nəzərə alınmaqla, 2023-cü ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari il üzrə makroiqtisadi proqnozlar yenilənib.
Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları). 2023-cü ildə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Orta illik inflyasiyanın isə cari ildə 10,4 faiz (əvvəlki proqnoza (6,9 faiz) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin əsas parametrləri
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 0,5 faiz-bənd artaraq 47,5 faiz təşkil edəcək.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin əsas parametrləri
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri 36568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,5 milyon manat və ya 9,6 faiz, 2022-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4504,2 milyon manat və ya 14,0 faiz çoxdur.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi həcmində və ya 22039,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 681,7 milyon manat və ya 3,0 faiz az), əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi həcmində və ya 13347,0 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3719,7 milyon manat və ya 38,6 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox) vəsait yönəldiləcək.
Bütovlükdə əlavə tələb olunan zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:
Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2260,0 milyon manat. Artımdan sonra bu xərc 5260,0 milyon manat məbləğində olacaq;
ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1000,0 milyon manat. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3070,0 milyon manat təşkil edəcək.
Digər zəruri xərclər 973,4 milyon manat.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0