Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əli Məsimli: "Bizdə proqnozlar özünü doğrultmur"

© Photo : REPORTƏli Məsimli
Əli Məsimli - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Deputatın sözlərinə görə, hökumətin bütün hesabatlarda inflyasiyanı yalnız bir amillə - idxal inflyasiyası ilə əsaslandırması yanlışdır.
BAKI, 24 may — Sputnik. "Büdcədə proqnozlar 3 cür olur. Pessimist, optimist və cari. Bizdə proqnozlar özünü doğrultmur. Nəticələr optimist proqnozlardan belə daha optimist olur. Bununla bağlı dinləmə keçirməyə ehtiyac var".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti ötən il çox artıb:

"Bizdə inflyasiya həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də qlobal inflyasiyadan 1,5 dəfə çoxdur. Hökumət bütün hesabatlarda inflyasiyanı yalnız bir amillə əsaslandırır - idxal inflyasiyası. Bu isə yumşaq desək, yanlışdır. Bununla bağlı dinləmə keçirməyi təklif edirəm".

Əli Məsimli bildirib ki, Azərbaycanda güzəştli kreditlər simvolik xarakter daşıyır:
"Burada rəqəm çox azdır. Bura xarici sərmayəni də cəlb etməyə ehtiyac var. Digər tərəfdən, kəndlərdə məktəblər planlaşdırılmadan tikilir. Hesablamırlar ki, bu kənddə bu məktəb dolacaqmı, ən azı 50 il bu məktəbdə şagird oxuyacaqmı? Kəndlərdə məktəblər boş qalır".

"Digər problem publik hüquqi şəxslərlə bağlıdır. Bunlar yaradıldı ki, büdcəyə az yük düşsün. Amma bu baş vermədi", - deyə o əlavə edib.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, proqnozlarla bağlı bizə tutulan iradları müəyyən mənada qəbul edirəm.
Amma Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun verdiyi proqnozların da heç biri özünü doğrultmur, o cümlədən ölkələr üzrə.
Nazir müavini bildirib ki, keçən il baş verən müharibələr reallığı heç bir səviyyədə proqnozlaşdırmağın mümkün olmadığını deməyə əsas verir.
Elnur Əliyev inflyasiya ilə bağlı məsələyə də aydınlıq gətirib:

“İnflyasiya ilə bağlı dinləmə keçirilməsi fikrini qəbul edirəm. Ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, bizim bu sahədə əsas tərəfdaşlarımız Rusiya və Qazaxıstandır. Həmin bazarda hazırda məhdudiyyət və qadağalar var. Türkiyədən Azərbaycana idxalın strukturu əczaçılıq, maşınqayırma və digər məhsullardır. Türkiyədə ötən il inflyasiya 70%-dən çox olub, bu da bizə gələn məhsulların qiymətinin artmasına səbəb olur".

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 16,6 faiz qalxıb. Təkcə bu ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən 0,3 faiz bahalaşıb.
İnflyasiyanın aşağı düşəcəyi proqnozlaşdırılır
Mərkəzi Bank bu il inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır. Mərkəzi Bankın məlumatına əsasən, bununla belə qlobal və milli iqtisadiyyatda inflyasiya amillərilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Nüfuzlu ekspertlərin fikrinə görə mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da inflyasiya proseslərinə təsir edə bilər. Qeyd olunan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır. 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0