CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlayn bilet satışı bazarında inhisarçılıq: “iTicket” müştəriləri soyur?

© Sputnik / Murad OrujovOnlayn bilet alışı
Onlayn bilet alışı - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlayn bilet satışı sahəsində rəqabət mühiti yoxdur.
BAKI, 23 may — Sputnik. “Imagine Dragons” qrupunun (dünya turnesi çərçivəsində ilk dəfə 2023-cü il sentyabrın 2-də Azərbaycanın paytaxtında çıxış edəcək - red.) Bakıda təşkil olunacaq konsertinə görə “iTicket” saytı biletlərin satışı zamanı 10 faiz komissiya haqqı çıxmağa başlayıb. Vətəndaşlar bununla bağlı sosial şəbəkələrdə etirazlarını əks etdirən statuslar paylaşıblar. Nərmin Salmanova adlı sosial şəbəkə istifadəçisi bildirib ki, “iTicket” saytı bilet alarkən ondan 10% xidmət haqqı tutub.
“Imagine Dragons” qrupunun konsert biletlərinə 10 faiz komissiya tutulur
“ “iTicket.az” niyə 10% xidmət haqqı tutur? Xidmət haqqı bilet baha olanda daha baha olur? Bu, restoranda 2 şiş, ya da 30 şiş kabab sifariş etmək deyil. Standart prosedurdursa, standart xidmət haqqı niyə tutulmamalıdır? Kassir göstərdiyi xidmətə görə maaş almır ki, onu biz veririk?”, - deyə Nərmin Salmanova bildirib.
Digər sosail şəbəkə istifadəçisi Fəridə Abdulla isə öz statusunda bildirib ki, “iTicket” saytı ondan online bilet aldığı zaman 15 manat xidməthaqqı tutub.
“Bu nə deməkdir? İmagine Dragons-un konsertinə bilet almışam. “iTicket” saytı məndən 15 manat bilet üçün xidməthaqqı tutub”, - deyə müştəri bildirib.
Sosial şəbəkədəki digər istifadəçilər də “iTicket”i bilet satışı zamanı "soyğunçuluğa" əl atdığını, onlayn bilet satışı bazarını öz inhisarında saxladığını və s. bildiriblər.
“iTicket” onlayn bilet satışı platformasının satılan biletlərə əlavə haqq tutması müəyyən suallara yol açıb. Sputnik Azərbaycan bunun “iTicket” saytı üzərindən satılan bütün biletlərə şamil olunub- olunmadığını, komissiya haqqının tutulmasının səbəbini araşdırıb.
“iTicket.az” şirkəti xidmət haqqı tutulduğunu təsdiqləyir
Sputnik Azərbaycan-a “iTicket” şirkətindən bildiriblər ki, “iTicket.az” saytı üzərindən satılan bütün biletlərə görə komissiya haqqı tutulmur. Bu, yalnız sentyabr ayında Bakıda “Imagine Dragons” qrupunun baş tutacaq konsert biletlərinə şamil olunur. Satılan biletlərə 10 faiz komissiya haqqının tutulması isə təşkilatçı ilə baş tutan razılığa görədir.
Sözügedən konsertin təşkilatçısı Narullah Sultanov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, biletlərin qiymətinə hər zaman bütün xərclər, eləcə də, iticket-in xərcləri daxil olur. Hər bir təşkilatçı ilə fərqli razılaşma əldə edilir.
Necə deyərlər, həm suçlu, həm güclü
"“Imagine Dragons" konsertində isə artistlərin tələbinə uyğun olaraq bilet xərclərini ayrı göstərmişik. Əlbəttə ki, biz biletin qiymətini 50₼ deyil, 55₼-dən, 450₼ deyil, 495₼-ə kimi də yaza bilərdik. Buna görə sosial mediada ünvanımıza olan basqını anlamırıq. Başqa ölkələrin bilet sistemlərinə diqqət yetirsəniz, bu praktikanın hər yerdə olduğunu görə bilərsiniz. Azərbaycanda ilk dəfə olaraq heç bir idman yarışına bağlı olmayan böyük bir konsertin təşkil olunması üçün əlimizdən gələni etdik və bundan sonra da edəcəyik”, - Sultanov deyib.
iTicket” şirkəti hazırda onlayn bilet satışı bazarında inhisarçıdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “iTicket” şirkətinin onlayn satılan biletlərə komissiya haqqı tutması şirkətin inhisarçı mövqedə olmasından qaynaqlanır. Onun sözlərinə görə, şirkət komissiya haqqının yalnız bir konertə tətbiq edildiyini söyləsə də, gələcəkdə baş tutacaq konsertlərə də eyni yanaşma tətbiq edəcəyi qaçılmazdır.
"Azərbaycanda onlayn bilet satışını ancaq “iTicket” şirkəti həyata keçirdir. Bazarın 35 faizini götürən şirkət isə artıq inhisarçı sayılır. Ona görə də, bu işi görən biznes qurumlar ortaya çıxmalıdır. Burada gəlir varsa, deməli başqa biznes qrupları da fəaliyyət göstərməyə maraqlı olmalıdırlar. Amma nədənsə, onlayn bilet satışı sahəsində rəqabət mühiti yoxdur. Bu da ondan xəbər verir ki, burada inhisarçı mövqe var", - deyə Birlik sədri söyləyib.
AİB sədri onu da deyib ki, bazara yeni oyunçuların daxil olması üçün hökumət hər cür şərait yaratmalıdır:
"İnhisarçı bazarda istədiyi qiyməti diqtə edə bilər. Ona görə də alternativlər meydana çıxmalıdır".
Həmsöhbətimiz əlavə edib ki, Milli Məclisdə uzun illərdir "Antinhisar" Məcəlləsi barədə söhbətlər aparılsa da, o, qəbul olunmur. Çünki, bazarda inhisarçı mövqe tutan qüvvələr var və onlar müvafiq qanunun qəbuluna mane olurlar.
"Dövlət başçısı da dəfələrlə ölkədə inhisarçı qüvvələrin olduğunu deyib. Həmin qüvvələr müəyyən sahələri öz əllərinə alaraq o bazara başqa biznes qurumlarının daxil olmasına əngəl yaradırlar", - E.Hüseynov deyib.
Xəbər lenti
0