Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Alen Delonun qeyri-qanuni oğlunun çürümüş cəsədi tapılıb

© AFP 2023 / JACQUES MUNCHAlen Delon
Alen Delon - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Ari Bulonun cəsədi Parisdəki evində aşkarlanıb. Alen Delonun qeyri-qanuni oğlunun ölümünün versiyalarından biri intihardır.
BAKI, 22 may — Sputnik. Alen Delon tərəfindən qəbul edilməmiş və müğənni Nikonun oğlu Ari Bulon cümə günündən bu şənbəyə keçən gecə Parisin 15-ci dairəsindəki evində ölü tapılıb. Fotoqrafın cəsədini onun 58 yaşlı qadın dostu (sevgilisi) aşkar edib.
Bu barədə "Le Parisien" nəşri Paris polisinə istinadən xəbər verib.
Artıq həmin qadın dostu "təhlükədə olan şəxsə yardım göstərmədiyi üçün" həbs edilib. Paris prokurorluğunun verdiyi açıqlamaya görə Fransa nəşri qeyd edib ki, belə bir tədbir "zərərçəkənin ölümünün baş verdiyi hallar aydınlaşana qədər" tətbiq edilib.
Səhər saat 4 radələrində Bulonun qadın dostu evin qonaq otağında çürümə əlamətləri olan fotoqrafın cəsədini tapdıqdan sonra polisə müraciət edib. Qadın və Ari uşaqlıq dostu olublar.
İstintaqın ilkin məlumatlarına görə, Ari Bulonun səhhətində problemlər olub. O, bu yaxınlarda yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib. Evə buraxıldıqdan sonra o, əlil arabasında hərəkət etmək məcburiyyətində qalıb. Hazırda fotoqrafın cəsədi yarılma üçün Paris Məhkəmə Tibbi Ekspertiza İnstitutuna aparılıb. Ari Bulonun ölümünün versiyalarından biri intihardır. Yerli mətbuat qeyd edib ki, faciəvi hadisələrin bu izahını pərəstişkarları sosial şəbəkələrdə yayıblar.
Xatırladaq ki, Bulon uzun illər ərzində Fransa kinosunun əfsanəsi aktyor Alen Delonun oğlu olduğunu sübut etməyə çalışıb. Aktyor isə öz növbəsində bu faktı təkzib edərək DNT analizi verməkdən imtina edib. Eyni zamanda, Ari Bulon Alen Delonun anası və onun ikinci həyat yoldaşı tərəfindən böyüdülüb.
Arinin anası, məşhur model, Endi Uorhola muzası və "Velvet Underground" qrupunun solisti Niko həmişə onun oğlunun 1960-cı illərin əvvəllərində Alen Delonla olan qısamüddətli münasibətinin nəticəsində olduğunu iddia edib. Model və müğənni özü 1988-ci ildə velosipeddən yıxıldıqdan sonra başından zədə alaraq vəfat edib. Nikonun oğlu Ari Alen Delonun anası Edit və ikinci həyat yoldaşı tərəfindən tərbiyə olunub. Onlar oğlana öz soyadlarını veriblər. Burada xatırlatmaq lazımdır ki, Delon həmişə anası ilə pis münasibətdə olub, praktiki olaraq ünsiyyət qurmayıblar və özü dəfələrlə onun süd anası olan madam Neronun əsl anası olduğunu bildirib.
Ari Bulon 2019-cu ilin sentyabrında Orlean məhkəməsinə atalığın tanınması üçün müraciət edib. 2020-ci ilin avqustunda məhkəmə Alen Delonun 1984-cü ildən İsveçrədə yaşadığı üçün "Fransa yurisdiksiyasını ərazi baxımından əlverişsiz" elan edib. Ari Bulon vəkilinə kassasiya şikayəti verməyi tapşırıb. Apellyasiya hələ də davam edir. Hazırda Bulonun ölümündən sonra onun iki övladı - 24 yaşlı Çarlz və 17 yaşlı Blanş məşhur aktyorun nəvələri olduqlarını sübut etmək üçün qanuni estafeti öz üzərilərinə götürə bilərlər.
Həyatı boyunca Ari Bulon, öz anası ilə yaxın münasibətlərindən bəhs etdiyi və hətta birlikdə narkotik qəbul etdiklərini etiraf etdiyi "Sevgi heç vaxt unutmur" adlı avtobioqrafiyasını yazmağa müvəffəq olub. "16 yaşından sona qədər eyni preparatdan, eyni şprisdən istifadə edirdik. Bu, birlikdə olmağın bir yolu idi", - deyə o, 2018-ci ildə verdiyi müsahibəsində bildirib.
Xatırladaq ki, Fransa kinosunun tanınmış seks simvolu olan Alen Delonun bir neçə məşhur romanı olub. 1958-ci ildə aktrisa Romi Şnayderlə görüşməyə başlayıb. Onlar hətta nişanlanıblar, lakin qəfildən ayrılıblar. 1964-cü ildə Delon aktrisa Natali Bartelemi ilə evlənib. Bu evlilikdən aktyorun Entoni Delon adlı oğlu dünyaya gəlib. Dörd il sonra cütlük boşanıb. Daha sonra 1968-ci ildə Delonun aktrisa Mirey Dark ilə on beş illik romanı başlayıb. 1987-ci ildə Delon Hollandiyadan olan model Rozali van Bremenlə görüşməyə başlayıb. 2001-ci ildə isə onlar ayrılıblar. Cütlüyün Anuşka adlı bir qızı və Alen- Fabyen adlı oğlu dünyaya gəlib.
Sosial şəbəkələrdə son vaxtlar məşhur atasının həyatı ilə bağlı tez-tez xəbərlər dərc edən Alenin böyük oğlu Entoni Delonun rəsmi səhifəsində "RIP" hərfləri olan qara lövhə və Arinin ölümü ilə bağlı qısa mətn yer alıb. Şərhçilər Entoniyə dərhal xatırladıblar ki, ailəsi Arini sağlığında heç vaxt qohum kimi tanımayıb, baxmayaraq ki "Delonla inanılmaz oxşarlıq qohumluğun ən yaxşı sübutudur".
Bu yaxınlarda kino əfsanəsi, keçmiş seks simvol və qadınların sevimlisi 87 yaşlı Alen Delon evtanaziya köməyi ilə ölmək istədiyini mətbuatda bildirib. Onun yaşadığı İsveçrədə bu prosedura qanuni əsaslarla icazə verilir. "Le Point" jurnalı aktyordan sitat gətirib: "Müəyyən bir yaşdan sonra xəstəxanalardan, iynələrdən və digər şeylərdən keçmədən sakitcə ölmək hüququmuz var". 2019-cu ildə iki dəfə keçirtdiyi insultdan sonra aktyor tədricən formasını itirib: o, demək olar ki, ictimaiyyət arasında görünmür və əsa ilə gəzir.
Xəbər lenti
0