CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan Azərbaycana bibər və kivi idxalına məhdudiyyət qoyulub

© AFP 2024 / TOBIAS SCHWARZПродажа перца, фото из архива
Продажа перца, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
AQTA tərəfindən İran İslam Respublikasından idxal olunan bibər və kivi məhsullarına fitosanitar baxış keçirilib.
BAKI, 19 may - Sputnik. 17 şirkətin İrandan Azərbaycana bibər və kivi idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Belə ki, AQTA tərəfindən İran İslam Respublikasından idxal olunan bibər və kivi məhsullarına fitosanitar baxış keçirilib. Baxış zamanı götürülən nümunələr Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan ekspertizanın nəticələrinə əsasən, İrandan bu ölkənin şirkətləri tərəfindən respublikamıza idxal olunan bibər məhsulunun 19 partiyasında karantin tətbiq edilən zərərli orqanizm - “Qonur qırışıqlıq virusu” aşkarlanıb. Həmin məhsul partiyasından 10-u “Rasol Soleymanpour”, 4-ü “Amanj Sahragard”, 2-si “Avoid Sarmayeh Asia Co”, 1-i “Bazargani Diba Mehr Daryan”, 1-i Farhad Tejarat Ramin” və 1-i “Sarah Jabaroti” şirkətinə aiddir.
Bundan əlavə, İran şirkətləri tərəfindən respublikamıza gətirilən kivi məhsulunun 34 partiyasında karantin tətbiq olunan zərərli orqanizm - “Tut qalxanlı yastıcası” aşkarlanıb. Zərərverici aşkar edilən məhsul partiyalarından 6-sı “Sarah Jabaroti”, 5-i “Ramin Cheraghi”, 4-ü “Bahram Gostar Aras Shargh” 3-ü “Sayed Ali Akbar Abul Maali” və 3-ü “Avoid Sarmayeh Asia Co” şirkətinə aiddir. Digər 13 ixracatçı şirkətin hər birində isə 1 uyğunsuzluq halı müəyyən olunub
AQTA bildirir ki, aşkarlanan hallarla əlaqədar Agentlik tərəfindən İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib:
“Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir.
Qeyd olunan şirkətlərlə yanaşı, Azərbaycan idxalçılarından “Dry Fruits” MMC, “Frukt İs” MMC, “Ballı Store N” MMC və “South potato” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən bibər məhsullarından götürülən nümunələrdə “Qonur qırışıqlıq virusu”, “Amotrade” MMC, “Narnumru” MMC, “Fadak-1974” MMC, “Freere Fructe” MMC, “Senergy Az” MMC və “South potato” MMC tərəfindən gətirilən kivi məhsulunda isə dəfələrlə “Tut qalxanlı yastıcası” aşkarlanıb. Qeyd olunan subyektlərin idxal etdiyi zərərli orqanizmlə sirayətlənmiş məhsullarla bağlı zəruri fitosanitar tədbirlər görülsə də, gətirilən növbəti məhsul partiyalarında zərərli orqanizmlərin sirayətlənməsi halları təkrarlanıb.
Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən Agentlik tərəfindən İranın yuxarıda adları qeyd olunan 9, Azərbaycanın isə 8 şirkətinin bibər və kivi məhsullarını respublikamıza idxal etməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub”.
AQTA bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş fitosanitar nəzarət tədbirlərini davam etdirir.
Xatırladaq ki, bundan əvvə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində idxal olunan bitkiçilik məhsullarında aşkar olunmuş uyğunsuzluqlarla bağlı Agentlik tərəfindən idxalçı ölkələrə rəsmi qaydada 236 bildiriş göndərilmişdi. Aşkar olunmuş uyğunsuzluqlardan 130-u İran İslam Respublikası, 45-i Belarus Respublikası, 44-ü Rusiya Federasiyası, 10-u Türkiyə Respublikası, 2-si Gürcüstan Respublikası, 2-si Ukrayna Respublikası, 1-i İspaniya Krallığı, 1-i Niderland Krallığı, 1-i isə Pakistan İslam Respublikasının payına düşürdü.
Xəbər lenti
0