Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hipertoniyalı xəstələr üçün düzgün və müalicəvi qidalanma

© Photo : Pxheredieta
dieta - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Birinci dərəcəli hipertoniyalı xəstələrin şikayətləri və əsasən, ilk əlamətləri tez-tez baş ağrıları, qulaqlarda səs-küy, sinə, ürək bölgəsində ağrı, gün ərzində əhəmiyyətli fiziki yükün olmaması halında yorğunluq, ümumi zəiflik, nasazlıq və digərləri olur.
BAKI, 17 may — Sputnik. "Hipertoniya xroniki xəstəlikdir və onun əsas təzahürü davamlı yüksək qan təzyiqidir. Bu problem daha çox kişilərdə 50 yaşdan yuxarı, qadınlarda 65 yaşdan yuxarı müşahidə olunur".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinin həkim-kardioloqu İradə Abdullayeva deyib.
Onun sözlərinə görə, xəstəliyin risk faktorları siqaret çəkmək, hiperxolesterenemiya, irsiyyət və şəkərli diabetdir. Əlavə risk faktorlarına isə lipid spektrinin pozulması, hipodinamiya, mikroalbuminuriya, pozulmuş qlükoza tolerantlığı, artıq bədən çəkisi və piylənmə, qanda yüksək səviyyədə fibrinogen, hormonal kontraseptivlərin istifadəsi və əlverişsiz sosial-iqtisadi şərait aid edilir.
O bildirib ki, 90 faiz hallarda müşahidə edilən birincili essensial hipertoniya arterial təzyiqin artması üçün aydın bir səbəb olmadan yüksəlmiş qan təzyiqidir. Xəstəliyin qan dövranının tənzimlənməsinə təsir edən genetik və qazanılmış amillərin birləşməsindən qaynaqlandığı güman edilir.
Birinci dərəcəli hipertoniyalı xəstələrin şikayətləri və əsasən, ilk əlamətləri tez-tez baş ağrıları, qulaqlarda səs-küy, sinə, ürək bölgəsində ağrı, gün ərzində əhəmiyyətli fiziki yükün olmaması halında yorğunluq, ümumi zəiflik, nasazlıq və digərləri olur.
Birinci dərəcəli arterial hipertoniya xəstəliyində əlavə risk faktorları yoxdursa, müalicə həyat tərzinin korreksiyası ilə başlamalıdır. Görülən tədbirlərdən sonra qan təzyiqində artım davam edərsə, müalicəyə başlanılmalıdır.
İ.Abdullayeva qeyd edib ki, ikincili və ya simptomatik hipertoniya az rast gəlinən növdür və ümumi halların 10 faizini təşkil edir. Səbəbləri, əsasən, böyrək xəstəliyi, tirotoksikoz, hipotiroidizm, adrenal bezlərin zədələnməsi, böyrək arteriyasının daralması olur.
"Arterial hipertoniyanın inkişaf edən mərhələsi infarkt və ya beyin qanaması ilə ağırlaşa bilər. Stabil yüksəlmiş qan təzyiqinin daimi əlaməti ürəyin sol mədəciyinin kütləsinin artması və ya hipertrofiyasıdır ki, bu da qəfil ölüm, koronar arteriya xəstəliyi, ürək çatışmazlığı riskini əhəmiyyətli dərəcədə artırır", - deyə həkim-kardioloq bildirib.
İ.Abdullayeva vurğulayıb ki, hipertoniyalı xəstələr üçün düzgün və müalicəvi qidalanma çox vacibdir: "Sözügedən xəstələr az porsiyalarla gündə 5-6 dəfə bərabər hissələrlə qidalanmalı, ümumi maye qəbulunu azaltmalı (1,5 litrə qədər), tərəvəz yeməyə üstünlük verməli, heyvan yağı ilə zəngin qidaları mümkün qədər az yeməli (qırmızı ət və ət məhsulları, qızardılmış ət və ət məhsulları), maqnezium, kalium və omeqa-3 ilə zəngin olan qidaları rasionda artırmalıdırlar".
Xəbər lenti
0