SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığını təsdiqləyib

© Photo : European Unionİlham Əliyev və Nikol Paşinyan, arxiv şəkli
İlham Əliyev və Nikol Paşinyan, arxiv şəkli
 - Sputnik Azərbaycan, 1920, 14.05.2023
Abunə olmaq
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel liderlərin iyulda Brüsseldə görüşəcəyini qeyd edib.
BAKI, 14 may - Sputnik. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.
Şarl Mişel açıqlamasında deyib:
- Axşamınız xeyir, xanımlar və cənablar. Bu gün biz böyük məmnuniyyətlə Prezident Əliyevi və baş nazir Paşinyanı Brüsseldə təşkil olunmuş beşinci görüşdə qəbul etdik. Bizim fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.
Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.
Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.
Humanitar məsələlərə gəldikdə, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcəkdir. Öz tərəfimdən onu vurğuladım ki, sadəcə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir.
Biz, həmçinin itkin düşmüş şəxslərin taleyi ilə bağlı və minaların təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələr apardıq.
Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir.
Avropa İttifaqının gizli gündəliyi yoxdur. Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq.
Biz Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəldik. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşəcəyik.
Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm.
***
Avropa İttifaqının gizli gündəliyi yoxdur, məqsəd tərəflərin hərtərəfli sülhə nail olmasına töhfə verməkdir.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.
O, liderlərin iyulda Brüsseldə görüşəcəyini qeyd edib.
Şarl Mişel - Sputnik Azərbaycan, 1920, 14.05.2023
SİYASƏT
Şarl Mişel: Aİ Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə verməyə davam edəcək
Xəbər lenti
0