CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Urbanizasiyanın qarşısını necə almalı: "Kənddən şəhərə" formulu liderliyi qoruyur

© Sputnik / Ilham MustafayevGəncədə vəziyyət
Gəncədə vəziyyət - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Millət vəkili bildirir ki, urbanizasiyanın qarşısını almaq üçün ixtisaslı kadrların regionlarda işlə təminatını daha da gücləndirməyə ehtiyac var.
BAKI, 8 may — Sputnik. Azərbaycanda əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilib.
Ölkədə urbanizasiya sürətlənir. Bəs biz necə bunun qarşısını ala bilərik?
Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan üçün iqtisadi inkişaf və regional balansın qorunub saxlanılması çox vacibdir. Bunun üçün ixtisaslı kadrların regionlarda işlə təminatını daha da gücləndirməyə ehtiyac var. Bu həm də şəhərlərə marağın azalmasına səbəb ola bilər. Çünki digər ərazilərlə müqayisədə xüsusən də paytaxtda yaşayış xərcləri daha yüksəkdir.
Bölgələr biznes kreditlərindən geniş istifadə edə bilmir
Millət vəkili bölgələrdəki vətəndaşların biznes kreditlərindən istifadə edə bilməməsini də əsas problemlərdən biri kimi görür:
"Kommersiya banklarının kredit portfelinin təxminən 80 faizə qədəri paytaxtın payına düşür. Təklif edirik ki, bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün girov mexanizmi təkminləşdirilsin. Bölgələr xüsusən də biznes kreditlərindən geniş istifadə edə bilmir. Bu səbəbdən də girov mexanizminin təkminləşdirilməsi urbanizasiya prosesinin qarşısını almağa və bölgələrə marağın artmasına səbəb ola bilər. Urbanizasiyanın səngiməsi üçün bölgələrlə paytaxt arasında imkanların yaxınlaşdırılmasına ehtiyac var".
Deputat hesab edir ki, xüsusən də özəl sektorda iş yerlərinin sayının artırılması vacibdir.
Bakıya axının əsas səbəbi sosial vəziyyətin aşağı olmasıdır
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2000-ci illərin əvvələrində Bakıda tikinti bumu başladı və urbanizasiya özünü daha da qabarıq biruzə verdi:
"Nəticədə urbanizasiya çoxşaxəli prosesə çevrildi. İşsizlik, daha az məvacib Bakıya axına səbəb oldu. 2015-ci ildə iki dəfə devalvasiya baş verdikdə tikinti işləri demək olar ki, dayandırıldı, iqtisadiyyatın bir sıra sahələri zəiflədi. Bu, nəticə etibarı ilə illər öncə Bakıya axın edənlərin müəyyən hissəsinin geri qayıtmasına səbəb oldu".
İşsizlik, kənd təsərrüfatının bahalı olması və torpaq problemləri
Ekspert bildirir ki, urbanizasiyaya səbəb olan amilləri araşdıraraq bu prosesin qarşısını müəyyən qədər almaq, əhalini bölgələrə geri qaytarmaq olar:
"İnsanların bölgələrdən çıxmasının səbəbləri araşdırılmalıdır. Əksər insanlar işsizlikdən, kənd təsərrüfatı üçün önəmli olan xammalın baha olmasından, torpaq sahələrinin olmamasından şikayətçidir. Bu problemlər həll edilməlidir, bölgələrdə iş yerləri açılmalıdır. Torpaqlarla bağlı islahatlar keçirilməlidir, pay torpaqları, kənd təsərrüfatı üçün ayrılan torpaqlar inkişaf etdirilməlidir".
Hazırda bu sahədə geniş dövlət siyasətinin həyata keçirildiyini vurğulayan A.Allahverənov hesab edir ki, işğaldan azad olunan ərazilərdə əhalinin yenidən məskunlaşması ilə də bu istiqamətdə müsbət nəticələr əldə etmiş olacağıq.
Qeyri-rəsmi rəqəmlər dəfələrlə böyükdür
İqtisadçı Eldəniz Əmirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət Statistika Komitəsi sadəcə olaraq rəsmi rəqəmləri açıqlayır, qeyri-rəsmi rəqəmlər isə daha da yüksəkdir:
"Vəziyyət DSK-nin açıqladığı kimi olardısa, o zaman kəndlər boşalmazdı. Hazırkı vəziyyətdə rəqəmlər göstərildiyindən dəfələrlə yüksəkdir. Əhalinin kəndlərdən Bakıya, şəhərlərə axın etməsinin yeganə səbəbi yaşayış səviyyəsinə görə regionlarla paytaxt, kəndlərlə şəhərlər arasında ciddi fərqlərin olmasıdır. Əhalini kəndlərə qaytarmaq üçün kənd təsərrüfatının inkişaf etdirilməsinə böyük ehtiyac var. Bunun üçün də mütləq şəkildə aqrar emal sənayesi inkişaf etdirilməlidir".
Ekspert hesab edir ki, aqrar emal sənayesinin inkişafı üçün bu sahəyə ciddi güzəştlərin olmasına ehtiyac var. Yəni kənd təsərrüfatına tətbiq olunan güzəştlər mütləq şəkildə kənd təsərrüfatı məhsullarının emalına da aid olmalıdır. Əks halda kənd təsərrüfatının inkişafı mümkün deyil.
"Aqrar emal sahələrinə ciddi güzəştlər olmalıdır. Belə olan halda kəndlərdə sosial təyinatlı mərkəzlərin sayı artar" - deyə o, əlavə edib.
Ekspertin fikrincə, urbanizasiya təkcə şəhər əhalisinin artması deyil, bu, həm də şəhərlərin çəkisinin, sayının, şəhərlərdəki istehsalın artmasıdır.
Azərbaycanda son illər "Şəhərdən kəndə" tipli layihələr həyata keçirilməkdədir. Burada məqsəd kənd təsərrüfatının müxtəlif sahələrinə dövlət dəstəyi verməklə kəndlilərin torpağa qayıtmasını təşviq etməkdir. Bu tip layihələrə iri vəsaitlər cəlb edilsə də, hələlik"şəhərdən kəndə" qayıdışla "kənddən şəhərə" axın arasında ciddi disbalans mövcuddur. Xüsusilə də iri şəhərlərdə, eləcə də paytaxtda ali təhsil alan gənclər heç bir perspektiv görmədikləri üçün kəndə qayıtmaq istəmirlər. Bu da şəhərlərin yüklənməsinə, kəndlərinsə boşalmasına səbəb olur.
Xəbər lenti
0