CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülük məktəblərinin sadəcə adı var - Ekspertlər avtoqəzalarda ölümlərin artması barədə

© Photo : AZƏRTACAvtomobil qəzası, arxiv şəkli
Avtomobil qəzası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
Ekspert bildiri ki, dönmə əməliyyatı zamanı xəbərdarlıq işığını yandırmayanların əksəriyyəti təcrübəsiz deyil, təcrübəli sürücülərdir.
BAKI, 7 may — Sputnik. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” həyata keçirilsə də, ölkədə qəzalar və qəzalarda ölənlərin sayında azalma müşahidə olunmur.
İllər üzrə və həftəsonlarına dair statistikalara nəzər yetirdikdə də bu dinamikanın artmaqda olduğunu görə bilərik.
Belə ki, 2020-ci ildə yol-nəqliyyat hadisələri zamanı dünyasını dəyişənlərin sayı 696, 2021-ci ildə 706, 2022-ci ildə isə 834 olub. Qəzaların təxminən 30 faizi isə həftəsonlarında qeydə alınıb.
Eyni zamanda, 2020-ci ildə baş verən yol qəzalarının 28,9, 2021-ci ildə isə 29,2, 2022-ci ildə isə 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Daha öncəki həftəsonları ilə müqayisədə Azərbaycanda yol qəzalarında son həftədə daha çox ölüm qeydə alınıb. Belə ki, təxminən 6 günlük Novruz bayramı tətillərində yol qəzalarında ölənlərin sayı 7, iki-üç həftə əvvəl baş verən yol qəzalarında ölənlərin sayı 10 və 5 olsa da, aprelin son həftəsonu qeydə alınan yol qəzalarında ölənlərin sayı 16 olub.
Maraqlıdır, həftəsonu baş verən yol qəzaları və onların nəticəsində baş verən ölümlərin sayını necə azaltmaq olar?
Yüksək sürət, yol nişanlarının tələblərinə riayət olunmaması...
Nəqliyyat üzrə ekspert Rövşən Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürücü yol boyu bütün nişanları oxumalı, hamısına əməl etməlidir:

"Təəssüflər olsun ki, bizdə yol xətləri və nişanlarına səthi yanaşırlar. Qəzaların baş verməsinin əsas səbəbi yol hərəkət qaydalarına əməl edilməməsi və sürət həddinin aşılmasıdır".

Həftəsonu axının çox olması da qəzalara təsir edir
Həftəsonu tələbələr, yaxud da istirahət etmək istəyənlər kütləvi şəkildə bir yerdən başqa yerə axın etdiyi üçün yollarda intensivlik olur, nəticədə arzuolunmaz hadisələr də baş verir.
Nəqliyyat üzrə digər ekspert İlqar Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həftəsonu qəzalarda ölümlərin sayının çox olmasının bir neçə səbəbi var:

"Həftəsonları müxtəlif regionlara ailəvi səfərlərə gedənlər çox olur. Bəzən sürücülər içki içirlər. Bəzi hallarda belə içkili şəxslər sükanı ailənin daha gənc, təcrübəsi çox olmayan üzvlərinə etibar edirlər. Sürət həddinin aşılması, içki və təcrübəsizlik bu arzuolunmaz rəqəmlərin ortaya çıxmasına səbəb olur".

© Sputnik / Irade JELILSərxoş vəziyyətdə avtomobil idarə edən sürücü, arxiv şəkli
Sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü Şirvan Quliyev - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü, arxiv şəkli
Vəziyyətdən çıxış yolu olaraq ekspert bildirir ki, əhalinin daha çox üz tutduğu regionlarda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün reydlər artırmaq lazımdır.
Nəqliyyat üzrə digər ekspert Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəzaların sayının azaldılması üçün Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair beşillik dövlət proqramı qəbul olunsa da, rəqəmlərdə azalma müşahidə edilmir:
"Təəssüflər olsun ki, bu istiqamətdə problemlər mövcud olsa da, həllini tapmır. Dövlət proqramına əsasən hər bir qurum üzərinə düşən öhdəliyi icra etməlidir. Təəssüflər olsun ki, qurumların bir çoxunun ümumiyyətlə həmin dövlət proqramından xəbəri yoxdur. Bu dövlət proqramının qəbul olunmasının əsas hədəfi qəzaların sayını ən azı 30 faiz azaltmaqdır. Lakin təəssüflər olsun ki, qəzaların sayı azalmaqdansa, artır".
© Sputnik / Nigar IskanderovaNəqliyyat üzrə ekspert Eldəniz Cəfərov
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov

"Qəzaların baş verməsinin əsas səbəbləri sürət həddinin aşılması, manevr zamanı qaydaların pozulmasıdır. Ötmə əməliyyatı zamanı qaydalar pozulur, sürücülər böyük məsuliyyətsizlik edərək dönmə işığını yandırmırlar. Belə sürücülərin hərəkətləri böyük faciələrə səbəb olurlar. Ən qəribə məqam odur ki, dönmə əməliyyatı edərkən xəbərdarlıq işığını yandırmayanlar təcrübəsiz deyil, təcrübəli sürücülərdir", - deyə o əlavə edib.

Qəzaların sayının azalması üçün 0-dan başlamalıyıq, yəni sürücülük kurslarından hər şey diktə edilməlidir
Ekspert onu da bildirir ki, sürücülük mədəniyyəti sürücülük məktəblərində, kurslarında aşılanmalıdır:

"Lakin Azərbaycanda sürücülük məktəbləri və kursları formal xarakter daşıyır. Bakıdan fərqli olaraq bölgələrdə belə kurs, məktəblərin sadəcə adı var. Bölgədə avtomobil idarə edən şəxs Bakıya gəldikdə avtomobilini idarə edə bilmir, nəticədə qəzaya düşür".

Müsahibimiz iddia edir ki bəzi Dövlət Yol Polisi əməkdaşları sürücünün qayda pozmasında maraqlı olurlar.
© Sputnik / Murad OrujovDYP avtomobili, arxiv şəkli
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan, 1920, 06.05.2023
DYP avtomobili, arxiv şəkli
E.Cəfərovun sözlərinə görə, Dövlət Yol Polisi çox böyük işlər görsə də, təəssüflər olsun ki, bəzi yol patrul xidməti əməkdaşları yolda pusquda durur ki, sürücü qaydanı pozsun, sonra onu cərimələsinlər:

"Məsələn, Nərimanov rayonunda yaşayanlardan mənə bununla bağlı şikayətlər gəlir ki, YPX əməkdaşları patrulluq etmək əvəzinə gecə saatlarında Əhməd Rəcəbli küçəsində pusqu qururlar ki, sürücü qaydanı pozsun, onu cərimələsinlər".

Sonda mütəxəssis bildirib ki, qaydalar pozulmadan maarifləndirmənin aparılması son nəticədə qəzaların və bunlarlar bağlı ölümlərin sayının azalması deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0