Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Türkiyə Azərbaycanda dərman zavodu tikəcək: Bəs dərman ucuzlaşacaq və idxal azalacaq?

© Photo : PxHereDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Deputatın sözlərinə görə, ölkəmiz dərman tələbatının 95 faizini idxal hesabına ödəyir və idxalın azaldılması olduqca mühümdür.
BAKI, 5 may — Sputnik. Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan tanınmış şirkəti Azərbaycanda əczaçılıq məhsulları zavodu tikəcək. Bununla bağlı Azərbaycan İnvestisiya Şirkəti ilə Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında müqavilə imzalanıb. Zavodun istehsal edəcəyi məhsulların daxili bazarla yanaşı, qonşu ölkələrə də ixracı nəzərdə tutulur.
Bəs, maraqlıdır yerli istehsal dərman idxalını azaldacaqmı? Bu addım dərmanların qiymətini aşağı salacaqmı? Türkiyə ilə əczaçılıq sahəsində əməkdaşlıq Azərbaycanda dərmanların istehsal imkanlarını artıracaqmı?
"Azərbaycan dərman tələbatının 95 faizini idxal hesabına ödəyir"
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Türkiyə dərman istehsalında seçilən ölkələrdəndir və kifayət qədər böyük daxili tələbin əhəmiyyətli hissəsini yerli istehsal hesabına ödəyir. Bu ölkə eyni zamanda bir sıra dərman preparatlarını ixrac edir. Ona görə də bu sahədə Türkiyə ilə əməkdaşlıq Azərbaycanda dərman istehsalının təşkili baxımından vacibdir. Azərbaycan dərman tələbatının 95 faizini idxal hesabına ödəyir və idxalın azaldılması olduqca mühümdür.
Deputat diqqətə çatdırıb ki, Türkiyə ilə əməkdaşlıq dərman idxalının azaldılmasına təsir göstərəcək:
"Əməkdaşlığın gücləndirilməsi və Türkiyə ilə birgə dərman istehsalının təşkil edilməsi Azərbaycan üçün idxalın minimumlaşdırılması və istehlakın yerli istehsal hesabına ödənilməsi baxımından vacibdir. Bu addım birmənalı şəkildə dərman bazarında yerli istehsalın payının artmasına gətirib çıxardacaq. Bütövlükdə isə idxalın minimumlaşdırılması uzun müddət tələb edən bir prosesdir".
"Dərman zavodu tikilsə, qiymət ucuzlaşacaq"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan dərmanların əksəriyyətini idxal edir və bu bazarda qiymətlər yüksək, keyfiyyət isə aşağıdır:
"Yerli dərman istehsalı milli maraq baxımından faydalıdır və ölkəmiz üçün sərfəlidir. Türkiyənin bu sahədə böyük təcrübəsi var və bu təcrübədən faydalanmaq mühümdür. Azərbaycan bazarı məhduddur və yerli dərmanların ixrac bazarlarını da müəyyən etmək lazımdır. Bu həyata keçirilsə, yerli dərman istehsalının böyük perspektivi var".
İqtisadçının fikrincə, Azərbaycanda əczaçılıq məhsullarının istehsalı üzrə zavodun tikilməsi dərmanların qiymətini aşağı salacaq.
Azərbaycanda əczaçılıq məhsullarının istehsal imkanları arta bilər
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İqtisadiyyat Nazirliyində Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti ilə görüş keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə şirkətlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Görüşdə bildirilib ki, Türkiyə şirkətləri ilə tərəfdaşlığın inkişafı və qarşılıqlı faydalı birgə layihələrin gerçəkləşdirilməsi istiqamətində səmərəli addımlar atılır. Əczaçılıq sahəsində əməkdaşlıq da bu baxımdan əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlıq Azərbaycanda əczaçılıq məhsullarının istehsal imkanlarını artıra bilər.
Tədbirdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Layihənin əsas məqsədi vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə verməkdir. Sənədə əsasən, Azərbaycanda əczaçılıq məhsullarının istehsalı üzrə zavodun tikilməsi planlaşdırılır. Zavodun istehsal etdiyi məhsulların daxili bazarla yanaşı, qonşu ölkələrə də ixracı nəzərdə tutulur.
Qeyd edək ki, "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkətidir.
Ölkədə dərman istehsalı yüksəlib
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 5,6 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,8 faiz çoxdur.
Dərman bahalaşıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 3 ayında 3,2 milyon manat dəyərində ölkədə dərman istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 dəfə artım deməkdir. Cari ilin 3 ayında ölkədə dərmanların qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz bahalaşıb.
Dərman idxalı artıb
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana 192 milyon 63 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur.
Azərbaycan cari ilin ilk 3 ayında 11 milyon 991 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin ilk 3 ayı ilə müqayisədə 32,7 dəfə çoxdur.
Xəbər lenti
0