SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN başçısının müavini Sloveniyaya niyə gedib?

© Sputnik / Murad OrujovXələf Xələfov
Xələf Xələfov - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Səfər çərçivəsində öncə Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub.
BAKI, 4 may — Sputnik. Ötən gün xarici işlər nazirinin müavini Xələf Xələfovun Sloveniya Respublikasına işgüzar səfəri başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin bugünkü məlumatında bildirilib.
Səfər çərçivəsində öncə Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub. Məsləhətləşmələr zamanı Sloveniya tərəfini siyasi və çoxtərəfli məsələlər, iqtisadi diplomatiya və inkişaf sahəsində əməkdaşlıq üzrə dövlət katibi Samuel Jboqarın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tərəflər hazırkı siyasi məsləhətləşmələrin Azərbaycan və Sloveniya arasında təmasların intensivləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və bu əlaqələrin şaxələndirilməsi istiqamətində atıla biləcək addımları müzakirə ediblər.
İki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün birgə səylərin səfərbər edilməsinin vacibliyi vurğulanıb.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, ticarət-iqtisadi, humanitar, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub. Siyasi dialoqun davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb. Eyni zamanda tərəflər iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətinə toxunublar. Hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə baxılıb.
Xələf Xələfov post-münaqişə mərhələsi və bölgədəki cari vəziyyət, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə həmkarına məlumat verib.
Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA) ilə Sloveniya Respublikasının "İTF İnsan Təhlükəsizliyinin Artırılması" təşkilatı arasında mövcud uğurlu əməkdaşlıq əlaqələri və bu əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə toxunulub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nazir müavini X.Xələfovun həmçinin Sloveniya Respublikası Prezidentinin Xarici siyasət üzrə müşaviri Miriam Mojqan və Milli Təhlükəsizlik üzrə müşaviri Nataşa Dolents, Sloveniya Respublikasının Baş nazirinin Ofisinin Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Sloveniya Respublikasının Milli Assambleyasının vitse-prezidenti Daniyrl Krivets ilə ikitərəfli görüşləri keçirilib.
Keçirilmiş görüşlərdə Azərbaycan və Sloveniya arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, regional vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sloveniya tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə ətraflı məlumatlandırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Xəbər lenti
0