CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirdən məşqdə aldığı zədədən ölən Fəridlə bağlı açıqlama -"Burada problem görmürəm"

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Emin Əmrullayev bildirib ki, bu hadisədə məktəb rəhbərliyinin cavabdehliyi araşdırılmalıdır, çünki, zal dərs vaxtlarından kənar istifadəyə verilir.
BAKI, 4 may — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev aprelin 29-da Sumqayıtda 7 yaşlı uşağın ölümü ilə bağlı açıqlama verib. Nazir jurnalistlərlə söhbətində bildirib ki, hadisə bir fərdin cinayət ehtimalı daşıyan davranışı ilə əlaqədardır:
"İnanmıram ki, bu hadisə bütün məşqçilərin, idmanın və idman zallarının fəaliyyətinə kölgə salacaq. Çünki sadəcə nazirliyin sistemində 60 mindən artıq şagird idmanla məşğul olur. İnanırıq ki, hüquq-mühafizə orqanları tərəfindən məsələyə müvafiq hüquqi-qiymət veriləcək".
E.Əmrullayev qeyd edib ki, bu hadisənin bütün idman sisteminə şamil edilməsi düzgün olmaz: "Bizim idman müəssisələrimiz, təhsil müəssisələrimiz, uşaq-gənclər idman məktəbləri öz fəaliyyətlərini davam etdirirlər. Orada onlarla beynəlxalq turnirlərin qalibləri çalışırlar və bu, uşaqların sağlamlığı üçün vacibdir".
Nazir Azərbaycan qanunvericiliyində məşqçi kimi fəaliyyət göstərmək üçün lisenziya tələb olunmadığına diqqət çəkib: "Biz də fəaliyyətimizi buna uyğun qururuq. Təbii ki, sabah belə bir tələb olarsa, biz də həmin şəxsləri işə götürəndə həmin tələblərə əməl edəcəyik. Hazırda sözügedən şəxs ötən ilin axırlarında işə qəbul olunub və qanunvericiliyin tələbi pozulmayıb. O, həm ali təhsilli məşqçi, beynəlxalq turnirlərin qalibi və idman ustaaı kimi tanınan şəxs olub".
E.Əmrullayev idman zalının icarəyə verilmədiyini söyləyib: "Rayonlarda idmanla məşğul olmaq istəyən şagirdlərin sayı çox olduğuna görə, ayrı-ayrı məktəblərin zalları uşaq gənclər mərkəzlərinin məşqçilərinin istifadəsinə verilir. Burada icarə, maliyyə qazancı məqsədi yoxdur. Sadəcə olaraq əhatəliliyi təmin etmək üçün bu prosedur icra edilir".
Nazir azyaşlının məktəbli olmadığı halda məşqdə iştirak etməsinə də toxunub: "Baş vermiş hadisədə təqsirkarı müəyyənləşdirmək hüquq-mühafizə orqanlarının işidir. Bizim tərəfdən proses belə tənzimlənir ki, məşqçi tərəfdən uşaqlar jurnala əsasən məşqə cəlb olunmalıdır. Amma təəssüf ki, bu halda məşqçi tam qeydiyyatda olmayan uşağı da məşqə cəlb edib və bu hal daha əvvəl də baş verib. Burada məsuliyyət birbaşa onundu və qanun pozuntusuna yol verib. O ki, qaldı məktəb rəhbərliyinin cavabdehliyinə, düşünürəm ki, bu, araşdırılmalıdır. Çünki zal dərs vaxtlarından kənar istifadəyə verilir. Hansı formatda verilməsinə proses zamanı yəqin ki, hüquqi qiymət verilə bilər".
"Bu hadisədən çıxarılan dərs ondan ibarətdir ki, həm məktəblər, həm valideynlər, həm məşqçilər, həm də federasiyalar bu işə daha diqqətlə yanaşmalıdırlar. Mənim şəxsi fikrim budur ki, bu, bir şəxsin cinayət eht.imalı olan davranışı ilə bağlıdır və burada sistematik problem görmürəm", - E.Əmrullayev qeyd edib.
İdman zalında nə baş verib?
Xatırladaq ki, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. Belə ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən onun boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hazırda idman zalında çəkilmiş digər görüntülər araşdırılır.
Qeyd edək ki, Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir.
Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir. Onun barəsində 4 ay həbs-qətiimkan tədbiri seçilib
Xəbər lenti
0