CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdman klublarını seçərkən ehtiyatlı olun - Federasiya prezidentindən çağırış

© Pexels Victor FreitasСпортзал, фото из архива
Спортзал, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov bildirib ki, məşqçinin idman ustası olduğunu təsdiq edən diplomu, sertifikatı olmalıdır.
BAKI, 3 may — Sputnik. Sumqayıtda məşq zamanı azyaşlının xəsarət alaraq ölməsi idman klublarının, məşqçi fəaliyyəti göstərən müəllimlərin peşəkarlığı, psixoloji sağlamlığı məsələsini yenidən gündəmə gətirib.
Uşağın ölümünə səbəb olan şəxs diplomlu məşqçi olub
Son baş verən faciəvi hadisə ilə bağlı məsələni Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Sambo Federasiyasının prezidenti, Əməkdar idman ustası Ceyhun Məmmədov bildirib ki, Mehman Xəlilov sambo-güləş üzrə Azərbaycan yığmasının üzvüdür. Sonuncu dəfə M.Xəlilov ölkə çempionu olub. 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb.
C.Məmmədov bildirib ki, Mehman Xəlilov titullu idmançı olmaqla yanaşı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik fakültəsini bitirib. Diplomlu mütəxəssis olduğu üçün Elm və Təhsil Nazirliyinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində müəllim ştatında çalışır.
Federasiya prezidenti M.Xəlilovun məşqçi fəaliyyətindən yeni xəbər tutduğunu deyib.
Məşqçilərə qarşı hansı tələblər var?
C.Məmmədov qeyd edib ki, bəzən yaxşı idmançıdan da yaxşı məşqçi olmaya bilər. Məşqçilik xüsusi bilik və bacarıqlar tələb edən sənətdir.
"İdmanda müəyyən naliyyətləri olan hər idmançı məşqçi kimi fəaliyyət göstərə bilməz. Məşqçi mütləq şəkildə uşaq psixologiyasını yaxşı bilməlidir. Məşqçinin hər yaş qrupu üzrə uşaqla işləmək bacarığı olmalıdır", - Federasiya prezidenti deyib.
O, samboya uşaqların 9-10 yaşdan tez götürülməsinə icazə verilmədiyini bildirib. Onun sözlərinə görə, uşaqlar hər hansı idman növü ilə məşğul olmazdan öncə, tibbi müayinələrdən keçməlidirlər.
Əməkdar idman ustası hətta yeniyetmələrlə gənclərin məşq prosesinin fərqli olduğunu söyləyib. O, bildirib ki, məşqçilər uşaqları çəkisinə uyğun yükləməlidirlər. Artıq yükləmək uşağın sağlamlığında müəyyən problemlərə səbəb ola bilər. Məşqçi fəaliyyəti göstərən şəxslər bu incəlikləri bilməlidirlər. Əgər bilmirsə, deməli, o, məşqçi deyil.
Federasiya prezidentinin sözlərinə görə, cüdo yaxud sambo ilə məşğul olan uşaqların xüsusi geyimləri olmalıdır.
"Mən videoda uşaqların əynində bu idman növlərindən hər hansı birində geyinilən geyim görmədim", - deyə C. Məmmədov bildirib.
Onun sözlərinə görə, məşqçilər uşaqlarla davranışlarına diqqət etməlidirlər: "Uşaqların sümüyü yumşaq olur. Məşqçilər onlarla işləyəndə çox diqqətli olmalıdırlar. 7 yaşında uşağı samboya cəlb etmək isə ümumiyyətlə düzgün deyil. Mən özüm idmana 12 yaşımda gəlmişəm".
İdman klubları seçərkən nələrə diqqət edilməlidir?
C.Məmmədov valideynlərə övladlarına idman klubları seçərkən diqqətli olmağı da tövsiyyə edib. Bildirib ki, idman klublarının sayı inkişafdan xəbər versə də, müəyyən tələblərə cavab verməlidir:
"Məşq zallarının geyinib-soyunma otaqları, mütləq şəkildə duş kabineti olmalıdır. Həmçinin məşq keçirilən zaldakı döşəklərin təmizliyinə riayət olunmalıdır. Bundan əlavə, məşqçinin idman ustası olduğunu təsdiq edən diplomu, sertifikatı olmalıdır. Valideyn bunları araşdırmadan uşağı kor-koranə idmana yönəltməməlidir".
İdmançıların psixoloji durumu monitorinq edilməlidir
Psixoloq Elnur Rüstəmov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məşqçilərin psixoloji vəziyyəti yoxlanılmalıdır:
"İdman psixologiyası deyilən anlayış var. Yarışdan öncə də, sonra da idmançılara psixoloji dəstəyin göstərilməsi vacibdir. İdmançıların mütəmadi psixoloji diaqnostikası aparılmalıdır.
E.Rüstəmovun sözlərinə görə, məlum videoda məşqçinin emossiyalarını, aqressiyasını idarə edə bilmədiyi görünür.
"İdman məşqlərinə uşaqlar cəlb edilərkən onların psixoloji vəziyyəti qiymətləndirilməlidir. Valideyn uşağı ona görə idmana aparır ki, uşaqda özünə inam güclü olsun, həm də fiziki gücü formalaşsın. Amma bəzən belə hadisələr də baş verir. Gərginlik bəzən idmançılar arasında, tatamidə özünü biruzə verir. Sambo müəlliminin uşaqlarla rəftarında qəddarlıq var. Onun bu vəziyyətə düşməsinin səbəbi araşdırılmalıdır. Yaxşı olar ki, mütəmadi olaraq idmançılara psixoloji dəstək göstərilsin".
Məlumat üçün bildirək ki, idman klublarının fəaliyyətinə Federasiyaların nəzarət etmək səlahiyyəti yoxdur. Fərdi sahibkarlar qeydiyyatdan keçərək belə klublar təsis edə bilərlər.
7 yaşlı uşağın ölümünə səbəb olan məşqçi həbs edilib
Qeyd edək ki, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. Belə ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən onun boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hazırda idman zalında çəkilmiş digər görüntülər araşdırılır.
Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir.
Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir. Onun barəsində 4 ay həbs-qətiimkan tədbiri seçilib.
Xəbər lenti
0