CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Alov qüllələri", "Port Baku" kimi göydələnlər zəlzələyə davamlıdırmı?

© AP Photo / Hussein MallaTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru hesab edir ki, Bakıda bütün yaşayış binalarının zəlzələyə dözümlülüyünü yoxlamağa ehtiyac yoxdur, lakin şübhəli binaları yoxlamaq üçün metodlar mövcuddur.
BAKI, 3 may — Sputnik. Hazırda Bakıda binalar Rixter şkalası ilə 8 bal gücündə zəlzələyə hesablanaraq inşa olunur. Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professoru Lətif Zeynalov indi paytaxtda binaların necə tikildiyinə, dağıdıcı zəlzələlərə davamlı olub-olmadığına aydınlıq gətirərkən deyib.
Xatırladaq ki, bu ilin fevralında Türkiyənin Kahramanmaraş bölgəsində baş verən, 50 mindən artıq insanın həyatına son qoyan zəlzələlərdən sonra Azərbaycanda da yaşayış binalarının bu təbii fəlakətə nə qədər dözümlü olduğu müzakirə edilir. İnşaat mütəxəssisləri ölkədəki binaların katastrofik zəlzələlərə nə dərəcədə davamlı olduğunu təhlil etməyə başlayıblar.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, bu vaxta qədər tikilən binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır.
Bəs görəsən, artıq inşa olunaraq istifadəyə verilmiş binanın zəlzələyə davamlı olub-olmadığını müəyyən etmək mümkündürmü?
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, aidiyyatı qurumlar tərəfindən belə bir yoxlama aparıla bilər. Binalar inşa olunarkən, onların zəlzələyə davamlılığına dair tələb qoyulur. Amma illər öncə inşa olunmuş binalarda buna əməl olunub-olunmadığını öyrənmək üçün mütəxəssislər araşdırma aparmalıdırlar:
"Tədqiqat aparılmalıdır ki, bina neçə ballıq zəlzələyə davamlıdır. Bunu bina inşa olunduqdan sonra da müəyyən etmək mümkündür. Müvafiq nümunələr götürməklə, tikintinin layihələndirilməsinə yenidən baxmaqla binanın keyfiyyəti barədə rəy verilə bilər".
Qurban Yetirmişli Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssislərinin belə bir monitorinq aparmaq imkanının olduğunu söyləyib.
Fövqəladə Hallar Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, istismarda olan binaların cavabdehliyini sözügedən qurum daşımır. İnşa olunaraq sakinlərin istifadəsinə verilmiş binalar yerli icra hakimiyyəti və balanssaxlayıcı təşkilatların nəzarətindədir. Ona görə də bu qurumlar mütəxəssis dəvət edib binanın zəlzələyə davamlılığını yoxlatdıra bilərlər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professoru Lətif Zeynalov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün binaların bir-bir zəlzələyə davamlılığını yoxlamaq olmaz. Amma qəzalı binaların zəlzələyə davamlılığını yoxlamaq mümkündür:
"Bəzi binalar var ki, onları bərpa edib, gücləndirib saxlamaq olar. Amma elələri də var ki, onlara bu əziyyəti çəkməyə dəyməz. Məsələn, "Xruşovka" layihəli binaların bərkidilməsinə ehtiyac yoxdur. Onların çoxu istismar müddətini başa vurub".
Zeynalovun sözlərinə görə, binaların zəlzələyə davamlılığını onların tikintisi başa çatandan sonra da yoxlamaq mümkündür. Bu zaman binanın betonundan, tikintidən müəyyən nümunələr götürülərək təhlillər aparılır. Yaxud da bina tikiləndən sonra süni dalğa yaradılır. Seysmik dalğanın binaya təsiri nəticəsində binanın zəlzələyə davamlığı barədə rəy vermək olur:
""Alov qüllələri" "Port Baku" kimi binaların zəlzələyə davamlılığını bu metodla yoxlayıblar. Amma bütün binalarda buna ehtiyac yoxdur. Azərbaycanda müəyyən dövrdə inşa olunan az sayda binanın tikintisinə nəzarət zəif olsa da, sonradan nəzarət gücləndirilib".
Professor qeyd edib ki, hazırda Bakıda binalar 8 bala hesablanaraq inşa olunur.
İnşaat üzrə mütəxəssis Elnur Azadov isə deyib ki, hər bir bina inşa olunduqdan sonra onun istismar müddəti var. Əgər binanın istismar müddəti 50 ildirsə, dövlət qurumu onun azı 25 il dayanıqlığına təminat verməlidir.
"Bina inşa olunarkən FHN-nin müvafiq qurumu tikinti prosesində və tikintidən sonra binanın zəlzələyə davamlığını yoxlayır. Lakin artıq bina tikilərək sakinlərin istifadəsinə verilibsə, onların zəlzələyə davamlılığını yoxlamaq bir qədər çətindir", - ekspert deyib.
Onun sözlərinə görə, Yaponiyada insanlar köçməmiş yaşayış binalarının zirzəmisinə sensorlar quraşdırılır və onlar oynaq vəziyyətə gətirilir. Bununla binanın zəlzələyə davamlılığı barədə rəy verilir. Amma binada sakinlər yaşayırsa, bu metodla onun zəlzələyə davamlılığını yoxlamaq mümkün deyil.
"Ona görə də ekspertlər binanın bünövrəsinin ana süxura bərkidilib-bərkilmədiyini, binanın altından axar suların keçib-keçmədiyini öyrənməlidirlər. Əgər bina yaşayış üçün risklidirsə, dərhal sökülməlidir", - deyə E.Azadov əlavə edib.
Xəbər lenti
0