Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin sınağı: Dövlət öz ali məktəblərinin verdiyi diplomlara niyə şübhə edir?

© AR Ministry of EducationMüəllimlərin işə qəbulu üzrə imtahanı
Müəllimlərin işə qəbulu üzrə imtahanı - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Nadir İsrafilov bildirib ki, əgər diplomlu şəxs imtahandan çox zəif nəticə göstərirsə, ali məktəbdən bunun səbəbi soruşulmalıdır.
BAKI, 2 may — Sputnik. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov ötən həftə komitənin iclasında diplomlu kadrların yenidən imtahana cəlb edilməsi probleminə toxunub. Depuatat deyib ki, bu ali məktəblərin verdikləri diploma inamsızlıq yaradır. C. Məmmədov xüsusilə müəllimlərin sertifikasiyaya cəlb olunmasının səbəbini ali təhsil səviyyəsində yaranmış problem kimi qiymətləndirib:
"Sertifikatlaşdırma məsələsinə gəlincə, hesab edirəm ki, ali təhsil sahəsində ciddi problem var. Tələbə diplom alır, amma bir müddət sonra gəlib deyirik ki, biz sizin diploma güvənmirik və biliyinizi yoxlayırıq. Bizim universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir".
Qeyd edək ki, Azərbaycanda ötən ildən başlayaraq müəllimlərin sertifikasiyasına başlanılıb. Üstəlik 2009-cu ildən etibarən müəllimlərin işə qəbulu (MİQ) imtahanla keçirilir. Hətta MİQ imtananından keçən müəllimlər də 3 ildən sonra sertifikasiyadan keçməlidir. Müəllimlərin biliyinin təkrar-təkrar yoxlanılması onların da narazılığına səbəb olur. Amma Elm və Təhsil Nazirliyi müəllimlərin imtahanla işə qəbul olunmasına, eləcə də sertifikasiyadan keçirilməsinə ehtiyac olduğunu bildirərək bu prosesi davam etdirir. Bəs görəsən, müəllimlərin ali məktəbi bitirəndən sonra biliyinin sınağa çəkilməsinə gələcəkdə son qoyula bilərmi?
Diplomu yeni alanlar beş il imtahansız işləsin!
Professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali məktəbi yeni başa vuran gənclər ən azı beş il işə imtahansız qəbul olunmalıdır. Onun sözlərinə görə, elm beş ildən bir köhnəldiyindən dünyanın əksər ölkələrində yeni diplom alan şəxslər imtahanla işə qəbul olunmur:
"Əks halda belə çıxır ki, Elm və Təhsil Nazirliyinin öz ali təhsil müəssisələrinin verdiyi diploma etibarı yoxdur. Azərbaycanda təhsil sahəsində elə "unikal" addımlar atılır ki, bu, dünyanın çox yerində yoxdur".
Müəllimləri təkmilləşdirmə ənənəsi davam etdirilməlidir?
Ş. Əsgərov deyir ki, müəllimləri sertifikasiyadan keçirməkdənsə, təkmilləşdirməyə göndərmək daha yaxşı olar:
"Müəllimləri təzədən imtahan eləmək biabırçılıqdır. Bu hansısa qara niyyətlərdən xəbər verir. Bizim dövrümüzdə müəllimlər beş ildən bir təkmilləşdirməyə göndərilirdi. Çünki, beş il ərzində elmdə müəyyən dəyişikliklər olurdu. Müəllim ona görə təkmilləşməyə göndərilirdi ki, ali məktəbdə almadığı bilikləri, yenilikləri öyrənsin. İndi isə biz texnologiya əsrində yaşadığımızdan elmdə dəyişikliklər tez-tez baş verir. Ona görə, üç ildən bir müəllimləri təkmilləşdirməyə göndərmək yetərlidir".
Sertifikasiya və imtahanlar hələ davam etdirilməlidir
Təhsil eksperti Nadir İsrafilov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlərin biliyinin yoxlanılmasına ehtiyac var. Onun fikrincə, müstəqilliyin yeni əldə edildiyi illərdə ali təhsil müəssisələrinə qəbulda müəyyən boşluqlara yol verilib.
"Bəzən imtahanlar göstərir ki, diplomunda yüksək qiymətlər yazılan şəxslərin biliyi yoxlanılarkən verilən qiymətlər özünü doğrultmur. Mən hesab edirəm ki, hələ bir müddət müəllimlərin işə qəbulu, sertifikasiyası həyata keçirilməlidir. Vaxtıilə onlarla ali məktəb kadr bazası, texniki bazası olmadan müəllim hazırlayıb. Ona görə də, hələ bir müddət müəllimlərin biliyinin təkrar yoxlanılması zəruridir.
Ali məktəblər savadsız məzunlarına görə cavab verməlidir
N. İsrafilov onu da qeyd edib ki, ali məktəblərə qarşı da tələblər sərtləşdirilməlidir. Ali məktəblərin akkreditasiyası zamanı diplom alan şəxslərin zəif nəticə göstərməsi nəzərə alınmalıdır:
"Diplomu verən ali məktəblərdir. Əgər onların diplomunu alan şəxs imtahandan çox zəif nəticə göstərirsə, ali məktəbdən bunun səbəbi soruşulmalıdır. Ali məktəblər verdikləri diploma görə məsuliyyət daşımalıdırlar. Mütəxəssis hazırlığına ciddi yanaşmalıdırlar".
Hər kəsə diplom verilir, amma...
İxtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev isə bildirib ki, müəllimlərin imtahanla işə qəbul sistemi Türkiyədə də var. Müəllimlərin imtahanla işə götürülməsi düzgün qaydadır. Ali təhsil müəssisələrini bitirən hər kəsə diplom verilir. Amma onların hamısının bilik səviyyəsi eyni deyil. Həmçinin onlara təhsil aldıqları müddətdə ixtisaslarının necə öyrədildiyi sual yaradır. Ona görə də, R.Nurəliyev müəllimlərin MİQ imtahanından keçirilməsini, sertifikasiyaya cəlb edilməsini düzgün sayır.
Onun sözlərinə görə, müəllimlərin biliklərinin yoxlanılması məktəblərə savadlı müəllimlərin cəlb edilməsinə hesablanıb. Bu isə, gələcəkcə təhsilin səviyyəsinin yüksəlməsinə xidmət edəcək:
"Heç bir valideyn istəməz ki, onun övladına savadsız müəllim dərs keçsin. Bəzi özəl universitetlərə keçid balı çox aşağı olur. Azərbaycanda hazırki reallıqla diplomlu mütəxəssislərin biliyinin yenidən yoxlanılmasına ehtiyac var".
Məlumat üçün bildirək ki, keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz nəticə göstərsələr, onların əmək müqaviləsinə xitam veriləcək. İlk dəfə Azəbaycanda müəllimlərin sertifikasiyası 2022-ci ildə keçirilib. 11 min ibtidai sinif müəllimi bu prosesdə iştirak edib. Onlardan 2800-ü minimum keçid balını toplaya bilməyib.
Əmək Məcəlləsində dəyişikliyə əsasən sertifikasiyadan keçə bilməyən müəllimlərə yenidən şans veriləcək. Bu dəfə sertifikasiyadan keçə bilməyən müəllimlərlə bağlanılmış müqaviləyə xitam veriləcək. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Xəbər lenti
0