Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

7 yaşlı uşağın ölümünə səbəb olan məşqçi barədə yeni faktlar

© Photo : Baku 2015 European Games Operation CommitteeMehman Xəlilov
Mehman Xəlilov - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Ceyhun Məmmədov M.Xəlilovun Elm və Təhsil Nazirliyinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin müəllimi olduğunu bildirib.
BAKI, 2 may — Sputnik. Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov Elm və Təhsil Nazirliyinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin müəllimidir.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Sambo Federasiyasının prezidenti, Əməkdar idman ustası Ceyhun Məmmədov məlumat verib.
O bildirib ki, Mehman Xəlilov titulu olan idmançıdır. Həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik fakültəsini bitirib. Xəlilov sambo üzrə ixtisaslı məşqçi mütəxəssisdir. O, 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. Həmçinin digər yerli və beynəlxalq yarışlarda da yüksək nəticələr göstərib: "Sözün açığı, ondan bu hərəkətləri gözləmirdim. Mehman Xəlilovu tərbiyəli bir insan kimi tanımışam. Bu hadisə hamımızı kədərləndirdi".
Xatırladaq ki, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. Belə ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən onun boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hazırda idman zalında çəkilmiş digər görüntülər araşdırılır.
Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir. Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
Xəbər lenti
0