ELM

Azərbaycanın yeni peykini kim istehsal edəcək? Gözdən itən peykimizlə bağlı müəmma

© pixabay / Free Photospeyk
peyk - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
İKT üzrə ekspert deyir ki, "Azərkosmos" "AzerSky1" peykinin qəflətən idarəetmədən çıxmasının dəqiq səbəbləri haqqında açıqlama olmadan, yeni müşahidə-kəşfiyyat peykinin hansı şirkət tərəfindən istehsal olunacağını açıqlamaq istəmir.
BAKI, 1 may — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu peyk istehsalçısı olan şirkətlərlə danışıqlar aparır.
"Danışıqlar davamlı prosesdir və ölkəmiz və müştərilərimiz üçün ən uyğun seçim edilənə qədər davam edəcək. Ümumiyyətlə, yeni peykin hazırlanması və istismara verilməsi prosesindən əvvəl əsaslı şəkildə araşdırma tələb olunur. Peyk xidmətlərində müştərinin yenilik, dəyişiklik, uyğun qiymət, satış sonrası dəstək, innovativlik kimi tələbləri var. Bu gözləntilər daim dəyişir və yenilənir", - qurumun açıqlamasında deyilir.
Bildirilir ki, eyni zamanda peykin orbitə buraxılmasından əvvəl gələcəkdə yeni peyk layihəsindən ölkəmizin əldə edə biləcəyi iqtisadi və qeyri-iqtisadi faydaları və səmərələri öyrənilir.
Qeyd edək ki, aprelin 20-də "Azersky" - Yerin məsafədən müşahidə peyki ilə məlumat mübadiləsi dayanıb. Azərkosmos Azərbaycan peykinin dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırdığını açıqlayıb. Peykin istehsalçı şirkəti olan Fransanın "Airbus Defence and Space" ilə birgə çalışsalar da, "AzerSky" ilə rabitə qurmaq mümkün olmayıb. Peykimizin kiberhücum yaxud da meteoritlə toqquşma səbəbindən vaxtından tez fəaliyyətini bitirməsi ilə bağlı ehtimallar səslənir. Bu isə yeni orbitə çıxartmağı planlaşdırdığımız peykimizə görə, hansı şirkətlə əməkdaşlıq edəcəyimizdə daha diqqətli olmağımıza əsas verir. Bəs görəsən yeni peykin hazırlanması, orbitə çıxarılması üçün Azərbaycan üçün ən uğurlu tərəfdaş hansı şirkətlər ola bilər?
Yeni peykimizin istehsalı hansı ölkəyə həvalə oluna bilər?
İKT üzrə ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İsrail müşahidə peykləri istehsalına görə, ən öndə gedən ölkələrdəndir. Bu ölkə ilə müşahidə, hətta rabitə peykinin buraxılması müzakirə oluna, əməkdaşlıq edilə bilər.
Ekspert bildirdi ki, Türkiyə də öz resursları hesabına müşahidə peykini buraxıb. Onun sözlərinə görə, Türkiyənin bu prosesdə iştirakı strateji əməkdaşlıq baxımından doğru olardı.
© Photo : BizplusOsman Gündüz
Президент Интернет-форума Азербайджана Осман Гюндуз - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Osman Gündüz
"Azərkosmos" hələlik "AzerSky2" peykinin kimlər, hansı ölkələr tərəfindən hazırlanacağını açıqlamayıb. Amma bundan öncə mətbuatda İsrail mənbələrinə əsaslanaraq Azərbaycanın peyk istehsalı ilə bağlı İsrail şirkətləri ilə əməkdaşlıq etdiyi açıqlanmışdı. "AzerSky" peykini hazırlayan Fransanın "Airbus Defence and Space" şirkətinin nümayəndəliyi Azərbaycanı tərk edəndən sonra yeni peykin istehsalçısının kim ola biləcəyi haqqında məlumatlar yayılırdı. Mümkün tərəfdaşlar sırasında ilk adı çəkilən də İsrail idi. 44 günlük Vətən müharibəsində hərbi sahədə uğurlu əməkdaşlıq da bunu düşünməyə əsas verirdi.
Bir müddət öncə də İsrailin müvafiq qurumları, biznes sektoru ilə Azərbaycanda yüksək səviyyəli görüşlər keçirilib. Məhz bundan sonra İsrail mediasında Azərbaycanın yeni müşahidə peykinin istehsalı ilə bağlı İsrail şirkətləri ilə əməkdaşlığın olması, artıq razılaşmalar əldə edilməsi ilə bağlı açıqlamalar yer alıb. Açıqlanan məlumatlarda İsrail rəsmilərinə istinadlar edilib.

"Bu məlumatlarda "AzerSky2" peykinin istehsalı ilə bağlı artıq tenderin başa çatdığı, İsrailin "İsrael Aerospace Industries" (İAİ) şirkəti ilə müqavilə bağlandığı bildirilir. Hansı ki, bu şirkətlə Azərbaycanın əvvəldən də hərbi sahədə əməkdaşlığı vardı. Adı çəkilən İsrail şirkəti hazırda müşahidə, kəşfiyyat və rabitə peyklərinin istehsalı üzrə ixtisaslaşıb. Bu şirkət son zaman ən yüksək ayırdetmə xüsusiyyəti olan müşahidə-kəşfiyyat peykləri hazırlayıb. Yeri gəlmişkən, bu peyklərin xüsusiyyəti, Türkiyənin öz resursları hesabına hazırladığı müşahidə peykindən dəfələrlə yüksəkdir", - deyə O. Gündüz bildirib.

"Azərkosmos" yeni tərəfdaşı gizli saxlayır
O, ki qaldı "Azərkosmos"un "AzerSky2" nin istehsalçısının İsrail şirkəti olduğunu açıqlamamasına, Osman Gündüz bildirdi ki, "AzerSky1" peykinin qəflətən idarəetmədən çıxmasının dəqiq səbəbləri haqqında açıqlama olmadan sözügedən qurum Azərbaycanın yeni müşahidə-kəşfiyyat peykinin məhz İsrail şirkəti tərəfindən istehsal olunacağını açıqlamağı məqsədəuyğun hesab etmir:

"Güman etmək olar ki, Azərbaycan tərəfi "AzerSky1" peykinin vaxtından əvvəl, qəflətən idarəetmədən çıxmasının səbəblərini xarici partnyorlarla araşdırır. Regionda baş verənlər, məhz müşahidə-kəşfiyyat yönümlü peyk bazarında mövcud durum düşünməyə əsas verir ki, kiberhücum məsələsində İran və Fransada müəyyən dairələr əvvəllər sınaqdan çıxarılan kiberhücum vasitələrindən istifadə edə bilərdilər. Mümkündür ki, hazırda bu sahədə gedən araşdırmalarda İsrail şirkətləri də iştirak edir. Çünki, "Azərkosmos" bildirmişdi ki, ABŞ kosmik qurumlarına da kömək üçün müraciət edilib, onlar da bildiriblər ki, "AzerSky1" öz orbitində hərəkətini davam etdirir, lakin onunla rabitə mümkün deyil".

Əlaqə kəsilən peykimiz haradadır?
Osman Gündüz bildirir ki, "AzerSky1" yerin müşahidəsi baxımından, həmçinin, kəşfiyyat baxımından da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Hətta prezident İlham Əliyev də məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi əhəmiyyətini vurğulamışdı. Eyni zamanda bu peyk ölkəmizə yetərincə valyuta gətirirdi.
"Təxmini hesablamaq olar ki, "AzerSky1" yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi. "Azərkosmos" bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı ətrafında Azərbaycanda nəhəng bir infrastruktur formalaşmışdı".
O qeyd edib ki, "Azərkosmos" ehtimal olaraq, müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürdüyünü açıqlayıb:
"Əlbəttə, ilk ağlagələn bu ola bilər. Başqa ölkələrdə də bu tip hadisələr olub. "Azərkosmos"un kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb. Düşünürəm ki, burada mütləq şəkildə peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı. Xüsusən də, nəzərə alsaq ki, kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə isə Fransa şirkətidir. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub. Həmçinin, güman ki, Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur. Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr "AzerSky" peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi".
Kiberhücüm, yoxsa meteorit?
Ekspertin sözlərinə görə, kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır:

"İstənilən halda, səlahiyyətli qurumlar və kəşfiyyat qurumlarımızın mütləq kiberhücumu araşdırması məntiqli və doğru olardı. Həm də, düşünmək olar ki, maraqlı tərəflər məqsədəyönlü olaraq da bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə "Azərkosmos" 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər. Yəni, hər bir halda kiberhücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır. Təkrar edirəm ki, baş verənlər müharibə labüd olan Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir".

Xatırladaq ki, "Azərkosmos" ilkin ehtimal olaraq müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb. Qeyd edək ki, "Azersky" Yerin məsafədən müşahidəsi peykidir. Bundan əlavə "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peykləri orbitdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0