Süni ətə keçəcəyikmi? - Ailə təsərrüfatları ət bazarında təbiiliyi qoruyub saxlaya bilər
© AP Photo / J. Scott ApplewhiteƏt parçaları, arxiv şəkli
© AP Photo / J. Scott Applewhite
Abunə olmaq
Ekspert qeyd edir ki, yerli mətbəxdə ət məhsullarına xüsusi diqqət edilir, bu səbəbdən də süni ət hələ ki, istehlak bazarımıza nüfuz etməyib.
BAKI, 30 aprel — Sputnik. Dünya mediasında ən aktual mövzulardan biri də süni ət istehsalı ilə bağlıdır. Xüsusən də ABŞ və Çin mediası, eləcə də Türkiyə KİV-lərində bu mövzu geniş müzakirə olunur. Belə ki, 2030-cu ilədək bütün dünyada süni ətin geniş yayılacağı proqnoz edilir.
Maraqlıdır, yaxın illərdə süni ət istehlakı Azərbaycana da yayıla bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan üçün süni ət istehlakı real görünmür:
"Biz xalq olaraq əti çox sevirik, az qala genetik kodlarımızda da bunun əksi var. Ona görə də düşünürəm ki, yaxın zamanlarda əhali tərəfindən süni ətə keçid, süni ət istehlakının geniş yayılacağı mümkünsüzdür. İnsanlar sadəcə maraq xatirinə bunun dadına baxa bilərlər".
© SputnikNatiq Cəfərli
Natiq Cəfərli
© Sputnik
"Təbii ət insanlar üçün daha faydalıdır və düşünmürəm ki, bəşəriyyətin mövcud olduğu bütün dövr ərzində bu hansısa ekoloji problemlərə səbəb olub", - deyə o əlavə edib.
Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yerli mətbəxdə ət məhsullarına xüsusi diqqət edilir, bu səbəbdən də süni ət hələ ki, istehlak bazarımıza nüfuz etməyib:
"Biz daha çox heyvan mənşəli təbii məhsullara üstünlük veririk. Belə tezliklə süni ət bizim süfrələrə daxil ola bilməz".
"Ölkənin ərzaq təhlükəsizliyinin qorunması üçün mütləq xüsusi strateji yanaşmalara ehtiyac var. Torpaqlarımızın 52 faizdən çoxu kənd təsərüfatı üçün əlverişlidir", - deyə o əlavə edib.
Ekspert onu da bildirib ki, ölkədə xırda və iribuynuzlu heyvandarlığın inkişafı üçün kifayət qədər optimal şərait var:
"Sadəcə olaraq respublikada heyvandarlığın inkişafına mənfi təsir edən amil yaylaqların, otlaqların məhdud olmasıdır. Qarabağın işğaldan azad olunması ilə imkanlarımız artıb".
© Sputnik / Irade JELILQoyun sürüsü, arxiv şəkli
Qoyun sürüsü, arxiv şəkli
© Sputnik / Irade JELIL
Bununla belə ekspert bəzi problemlərin olduğunu da istisna etmir. Onun qənaətinə görə, son beş ildə istər xırda, istərsə də iribuynuzlu heyvanların sayında ciddi azalmalar var:
"Lakin ailə təsərrüfatları timsalında bu vəziyyəti kompensasiya etmək, boşluğu doldurmaq olar. İntensiv heyvandarlığın inkişafı üçün bazar tənizmlənməsinə ehtiyac var".
Qeyd edək ki, indiyə qədər Azərbaycanda süni ət istehsalı, idxalı olmayıb.
Onu da qeyd edək ki, dünyada 2022-ci ildə süni ət bazarının ümumi dəyəri 246,9 milyon ABŞ dolları olub və cari ildən 2030-cu ilədək illik olaraq bu rəqəmlərdə 51,6% artımın olacağı proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.