Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Tarix dərsliyini necə dəyişək? Nazirin iradlarına dərslik müəllifindən cavab

© Sputnik / Anar MustafayevTarix dərslikləri
Tarix dərslikləri - Sputnik Azərbaycan, 1920, 29.04.2023
Abunə olmaq
Hafiz Cabbarov deyir ki, dərsliklərdə yalnız tarixi hadisələr deyil, müxtəlif dövrlərdə insanların yaşadıqları problemlər, çıxış yolları da göstərilməlidir.
BAKI, 29 aprel — Sputnik. Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin məzmunu ilə bağlı açıqlaması müəyyən müzakirələrə səbəb olub. Aprelin 20-də "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri" mövzusunda konfransda nazir tarix dərsliyinin tədrisinə xüsusi diqqət yetirməyin vacib olduğunu söyləyib. Emin Əmrullayev deyib ki, tarix fənni ilə bağlı metodik yanaşmalar köklü dəyişməlidir. Yeni texnologiyalar nəzərə alınmalı, məzmun da şagirdə maraqlı şəkildə çatdırılmaldır. Məzmun uşaqda öyrənməyə həvəs doğurmalıdır.
Bəs görəsən, tarixi faktlara, elmi mənbələrə əsaslanaraq hazırlanan tarix dərsliyində hansı dəyişikliklərin aparılması mümkündür?
Sputnik Azərbaycan-ın bu mövzuda suallarını tarix dərsliklərinin müəllifi, eyni zamanda liseylərin birində tarif fənnini tədris edən Hafiz Cabbarov cavablandırıb. Müəllif bildirib ki, dərsliklərdə olan problemlərin obyektiv və subyektiv səbəbləri var. O, eyni zamanda deyir ki, tarix dərsini şagirdlərin müəyyən hissəsi maraqla qarşılayır. Çünki, hər bir şagirdin özünəməxsus maraq dünyası var. O ki, qaldı tarix dərsliklərində dəyişikliklərə, H. Cabbarovun fikrincə, indiki dərsliklərdə faktoloji məlumatları azaldaraq dərsliyi daha çox dəyərlər üzərinə köklənmək lazımdır.
"Tarix təcrübəni öyrədir. Tarixi oxumaqla keçmişin timsalında gələcəyi daha düzgün qurmağı öyrənirik. Ona görə də, dərsliklərdə yalnız tarixi hadisələri deyil, müxtəlif dövrlərdə insanların yaşadıqları problemləri, çıxış yollarını göstərməliyik. Məsələn, iqlim dəyişiklikləri tarixdə dəfələrlə baş verib. Tarixi hadisələri təkcə siyasi hadisələrə deyil, sosial məsələlərə də bağlamalıyıq. Yalnız döyüşlərlə bağlı, onların tarixi barədə məlumat verməməliyik, niyə baş verdiyini də göstərməliyik" deyə H. Cabbarov bildirib.
Nazirin tarix dərsliyində yeni texnologiyalar nəzərə alınması fikrinə isə həmsöhbətimiz belə cavab verdi:
"Biz tarix dərsliklərində artıq "QİR-kod"lardan istifadə edirik. Müasir nəsil rəqəmsal nəsildir. Tarixin müəyyən dövrlərində baş vermiş mühüm tarixi və mədəni hadisələrlə bağlı kiçik videolar olur ki, biz onları "QİR-kod"larda göstəririk. Şagird həmin "QİR-kodla daha ətraflı məlumat ala bilir".
Onun sözlərinə görə, Emin Əmrullayev dərsliyin məzmunu ilə bağlı iradlarda haqlıdır. Dərsliyin məzmunu şagirdə maraqlı olmalıdır:
"Şagirdə keçmişdə onun həmyaşıdlarının necə yaşadığı, onların həyat tərzi, hansı inkişaf mərhələlərindən keçdiyi maraqlıdır. Biz dərslikdə şagirdi maraqlandıran bu məsələləri göstərməliyik. Çünki, bugünki şagirdlər əvvəlki şagirdlərdən fərqlənir".
Hər kəsi düşündürən suallardan biri də "tarixi necə dəyişmək mümkündür" sualıdır. Kitab müəllifi deyir ki, tarix dərslikləri elmi mənbələr üzərində yazılır. Bizim əlimizdə isə sistemli konsepsiyaya əsaslanan elmi kitablar azdır:
"Məsələn, 2007-ci ildə qüvvədə olan "Azərbaycan tarixi 7 cildlik kitab"da konseptual əsaslandırma yoxdur. Yaxud da müəyyən ziddiyyətlər var".
H.Cabbarov müəyyən müddətdən bir tarix dərsliyinin yenilənməsinin mümkün olduğunu söyləyir. Deyir ki, bütün siniflər üzrə dərsliklərin yenilənmə dövrü var:
"6-9-ci siniflər üçün dərsliklər 4 ildən bir, 9-10-11-ci siniflər üçün isə 5 ildən bir dəyişir. Bəzən cəmiyyətdə haqlı və haqsız iradlar olur ki, dərsliklər niyə tez-tez dəyişir? Amma nəzərə almaq lazımdır ki, bəzən elmi araşadırmalar zamanı yeni məlumatlar üzə çıxır. Məsələn, son dövrdə Osmanlı dövlətinin yaranma tarixi ilə bağlı dəyişiklik var. Dərsliklərdə Osmanlı tarixinin yaranmasının əvvəl 1299-cu il olduğu qeyd olunurdu. Beş il olar ki, bu məlumat dəyişib. Artıq Osmanlı tarixinin yaranma vaxtı 1302-ci il qeyd edilir. Oxşar fakt Türkiyənin tarix dərslikləri dəyişdikdə də qeyd edilib. Ona görə də, tarixi fakt yenilənə və dəyişdirilə bilər".
Xəbər lenti
0