Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan hər zaman bir yerdədir

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.04.2023
Abunə olmaq
Dövlətimizin başçısı qeyd edib ki, Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də müttəfiqlərini gücləndirir.
BAKI, 29 aprel - Sputnik. "Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir.
O bildirib ki, bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Türkiyənin önəmi, rolu gündən-günə artır.
Dövlətimizin başçısı qeyd edib ki, Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də müttəfiqlərini gücləndirir. Türk ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır.
***
Aprelin 29-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan "Togg" avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər.
Yol boyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar.
Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki "TEKNOFEST" festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən "TEKNOFEST"də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.
Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, "TEKNOFEST"in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki "Texnoloji yarışlar"da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.
Xatırladaq ki, 2022-ci il mayın 26-29-da "TEKNOFEST" ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. "TEKNOFEST Azərbaycan"ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər.
"TEKNOFEST Azərbaycan" festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.
Xəbər lenti
0