Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda inflyasiyanın enməsi fonunda ən çox bahalaşan ərzaqlar hansılardır?

© BRUCE BENNETT / Getty Images via AFPƏrzaqla dolu səbət, arxiv şəkli
Ərzaqla dolu səbət, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.04.2023
Abunə olmaq
Daxili bazarda inflyasiyanın pikdən azalma dinamikasını müşahidə etsək də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.
BAKI, 29 aprel — Sputnik. Azərbaycanda ərzaqların bahalaşması davam edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 16,8 faiz qalxıb. Mart ayında isə aylıq müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,3 faiz bahalaşıb.
Ən çox hansı məhsullar bahalaşıb?
Ötən ay ərzaqlar içərisində ən çox bahalaşma meyvələrdə qeydə alınıb. Belə ki, keçən ay meyvələrin qiyməti fevral ayı ilə müqayisədə 7,8 faiz yüksəlib. Məsələn, ötən ay naringinin orta aylıq pərakəndə satış qiyməti aylıq müqayisədə 30,6 faiz qalxaraq 2,86 manata çatıb. Portağalın orta qiyməti 9,7 faiz qalxaraq 2,36 manat olub. Bananın orta qiyməti 2,1 faiz bahalaşaraq 3,35 manat təşkil edib.
İkinci ən çox bahalaşma balıq və balıq məhsullarında qeydə alınıb. Ötən ay bu məhsulların qiyməti 2,2 faiz yüksəlib. Məsələn, kütüm, sazan və xəşəmin 1 kiloqramının orta qiyməti aylıq müqayisədə 2,5 faiz qalxaraq 9,65 manata çatıb. Hisə verilmiş balığın (forel) 1 kiloqramının orta qiyməti 0,48 faiz qalxaraq 16,67 manat olub.
Üçüncü ən çox bahalaşma ət və ət məhsullarında müşahidə edilib. Ötən ay aylıq müqayisədə qiymətlərdə 2,1 faiz artım baş verib. Martda aylıq müqayisədə sümüklü mal ətinin orta qiyməti 3,2 faiz qalxaraq 13,53 manat olub. Sümüksüz mal ətinin orta qiyməti isə 2,1 faiz bahalaşaraq 15,80 manat təşkil edib.
Mart ayında bahalaşmada sonrakı yerlərdə tərəvəzlər (1,7 faiz artım), mineral sular, sərinləşdirici içkilər və şirələr (0,9 faiz artım), spirtli içkilər (0,7 faiz artım), süd və süd məhsulları (0,4 faiz artım) gəlir.
Yumurta, çörək, yağ isə ucuzlaşıb
Qeyd edək ki, mart ayında bahalaşma ilə yanaşı, bəzi məhsulların qiymətində isə ucuzlaşma qeydə alınıb. Ən çox ucuzlaşma yumurtanın qiymətində müşahidə edilib. Belə ki, toyuq yumurtasının 10 ədədinin orta qiyməti 3 faiz ucuzlaşaraq 2,07 manat olub.
Keçən ay kərə və bitki yağlarının qiyməti 0,5 faiz ucuzlaşıb. Məsələn, günəbaxan yağının 1 litrinin orta qiyməti 1,6 faiz ucuzlaşaraq 5,56 manat olub.
Çörək, çörək məmulatları və yarmaların qiymətlərində də 0,2 faiz ucuzlaşma müşahidə edilib. Məsələn, əla növ buğda çörəyinin 1 kiloqramının orta qiyməti 0,7 faiz ucuzlaşaraq 1,33 manat təşkil edib.
Mərkəzi Bank inflyasiyanın enəcəyini proqnozlaşdırır
Mərkəzi Bankın ötən ay yaydığı məlumatda deyilir ki, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir. Bu proses qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən azalması, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, dünya əmtəə qiymətlərinin sabitləşməsi, hətta bəzi kateqoriyalar üzrə aşağı düşməsinin təsiri fonunda baş verir. Bütün bunlar ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir. Eyni zamanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir.
"Lakin, daxili bazarda inflyasiyanın pikdən azalma dinamikasını müşahidə etsək də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. İlin əvvəlindən bəri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin (məhsulların) qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər. Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır", - deyə Mərkəzi Bankın məlumatında bildirilir.
İstehlak bazarında monitorinqlər aparılır
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır.
Xəbər lenti
0