Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycan təhsilində rusdilli pedaqoq problemi: Tələb çox, müəllim olmaq istəyənsə yox

© Sputnik / Константин Чалабов / Mediabanka keçidRus dili
Rus dili  - Sputnik Azərbaycan, 1920, 29.04.2023
Abunə olmaq
Universitetlərdə və orta məktəblərin rus bölmələrində rus dilli fənn müəllimləri olmadığından, onları Azərbaycan bölməsinin müəllimlər tədris edir.
BAKI, 29 aprel — Sputnik. Azərbaycanda rus dilli fənn müəllimlərinin azlığı problemi hələ də qalmaqdadır.
Bunu Azərbaycanın Elm və təhsil nazirinin müavini İdris İsayev təsdiqləyib. O, aprelin 21-də Həştərxanda keçirilən "Heydər Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsi" adlı dəyirmi masada çıxışı zamanı deyib ki, Azərbaycan Rusiya universitetləri ilə əməkdaşlığa hazırdır. Həştərxan Dövlət Universiteti ilə müəllim mübadiləsi məsələsi müzakirə olunub.
"Onlara Azərbaycan dili müəllimləri lazımdır, biz də bu işdə kömək edəcəyik. Onlar da rus dilində dərs deyən fənn müəllimləri ilə bağlı bizə kömək edə bilərlər", - nazir müavini əlavə edib.
Ali məktəblərin rus bölməsində fənnləri rus dilini pis bilən azərbaycandilli müəllimlər tədris edir
Ali məktəblərin rus dili bölməsində fənn müəllimləri çatışmazlığının olduğunu tələbələr də təsdiqləyir. Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri bildiriblər ki, Jurnalistika fakultəsində "sənədli film" fənni üzrə dərs deyəcək rusdilli müəllim problemi var. Bu fənni tədris edən rus dilli müəllim olmadığından, fənn rus dilini bilən azərbaycandilli müəllimlər tərəfindən tədris olunur. Onun fikirlərini isə rus dili bölməsində təhsil alan tələbələr anlamaqda çətinlik çəkirlər.
BDU-nun Jurnalistika fakültəsinin "Multimedia və elektron kommunikasiya" kafedrasının müdiri Qulu Məhərrəmli isə bu fikirlə razılaşmayıb. O bildirib ki, "sənədli film" fənnini rus dilini bilən müəllimlər tədris edir.
Nazir müavini rus dili bölməsi üzrə fənn müəllimi çatışmazlığının təkcə ali məktəblərlə bağlı olduğunu söyləsə də, eyni problem orta məktəblərdə də yaşanır.
Orta məktəblərin rus bölməsində rusdilli müəllim böhranı
İki övladı rusdilli məktəbdə təhsil alan valideyn Lalə Mehralı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, fənn müəllimlərinin çatışmadığı onun övladlarının təhsil aldığı məktəbdə də var. Elə məktəb var ki, informatika ilə fizika fənnini eyni müəllim tədris edir.
"Rusdilli məktəblərin bəzilərində rəsm müəllimi cəbr dərsi keçir. Hazırda Azərbaycan sektorunun rus dilini bilən müəllimləri rus sektorunda əvəzləyici müəllim kimi dərs deyirlər", - deyə valideyn bildirib.
Onun sözlərinə görə, hətta rus dilində danışa bilməyən müəllimlər rus bölməsində biologiya fənnini belə tədris edirlər:
"Doğrudur, rus bölməsində ixtisaslı pedaqoq çatışmazlığı var. Amma məncə bunu süni yaradırlar. Çünki rus bölməsini bitirən kifayət qədər gənc pedoqoq var ki, fərqli sahədə işləyirlər. Bir çox məktəb rus bölməsi üçün vakant yer vermir. Bu isə, rus bölməsində kütləvi savadsızlıq yaradır".
Valideyn bildirir ki, rus bölməsində təhsil alanların böyük əksəriyyəti müəllim peşəsini seçmir. Onların çoxu xaricə axın edir, bir çoxu da özəl sektora yönəlir.
L.Mehralı bunun səbəbinin müəllimlərin əmək haqqının qaneedici olmaması, rus bölməsində dərs saatının az olması ilə izah edir. Deyir ki, paytaxtda və bəzi rayon mərkəzlərində bir-iki məktəbdə rus bölməsi var. Oradakı vakant yer də qane eləmir. Əslində müəllim olmaq üçün rus bölməsində ballar çox yüksək deyil:
"Gənclər istəsə, bu peşəni seçərək asanlıqla işə qəbul ola bilərlər. Son illərin statistikasına görə rus bölməsinin məzunları əsasən 1-ci qrupa axın edirlər. 250-300 balla müəllim ixtisasını seçmək yerinə informasiya texnologiyaları, kompyüter sahəsinə aid ixtisasları seçirlər. Çünki, əmək bazarında bu sahələrdə rus dilli kadrlara təlabat daha yüksəkdir. Üstəlik, əməkhaqqı da qanedicidir".
Rus bölməsində təhsilə maraq azalmır
Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər rus bölməsində təhsilə maraq artıb. Əgər rus bölməsində olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir:
"Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu, belə deyil. Əvvəla, indi əvvəlki rusdilli intellektli müəllim nəsli azalıb. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar".
O, bildirib ki, hal-hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir:
"4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir".
Ekspert deyir ki, ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı aşağıdakı kimidir:
Azərbaycan bölməsi üzrə respublika üzrə 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər, gürcü dili bölməsi üzrə 1.114 nəfər, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1.567.016 nəfər şagird qeydə alınıb. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan Azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.
Təhsildə rus bölmələrinin saxlanılmasına ehtiyac var!
Həmsöhbətimiz deyir ki, rus dilində təhsilə meyl hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir.
"Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Dərsliklər təsadüfi insanlar tərəfindən yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir. Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus bölməsində Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər".
K.Əsədov hesab edir ki, rus bölməsində təhsil alanların sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur.
"Son 70 ildə rus dilinin önəmi olduqca yüksək idi, bu, danılmazdır. Mütəxəssislərimizin bir qismi hesab edir ki, rus dilində təhsil daha rahatdır, nəinki Azərbaycan dilində. Təhsil sistemimizdə rus dilinin oynadıǧı rol böyük idi. Hər bir insan nə qədər cox dil bilirsə, bu, bir o qədər də onun üçün yaxşıdır. Gəlin yaddan çixartmayaq ki, dünyanin quru ərazisinin 6/1 hissəsinin insanları rus dilində danışırlar. Bu dildə həddindən artıq informasiyalar var. Rus dilini bilmək bizim üçün böyük bir informasiya məkanına çıxış deməkdir".
Ekspert xatırladıb ki, Ukraynada hələ ötən il rus dilində baza təhsilini qadağan ediblər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçib. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar. Amma rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə şərait yaradır. Ona görə də rus bölməsinin saxlanılmasına, bu bölmədə təhsilə ehtiyac var.
Qeyd edək ki, İdris İsayev də Azərbaycanın təhsildə rus dilini saxlayacağını açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda rus dilində tədris aparılan 329 məktəb var.
"Bu məktəblərdə şagirdlərin sayı 160 min nəfərdir. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır. Biz bu tendensiyanı davam etdirəcəyik, çünki rus dili ünsiyyət, öyrənmə, təcrübə mübadiləsi dilidir", - nazir müavini qeyd edib.
Təhsil naziri problem barədə nə düşünür?
Xatırladaq ki, Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsi bu problemə aydınlıq gətirib. Bildirib ki, rus dili bölməsi üzrə müəllim yerinə vakansiya olsa da, həmin yerlərə işləməyə müəllim tapa bilmirlər:
"Biz MİQ imtahanı üçün elan etdiyimiz yerlərin 15-18 faizini doldura bilirik. Xeyli sayda vakant yerlərimiz var. Amma həmin vakansiyalarda işləyəcək rus dilli müəllim tapa bilmirik. E. Əmrullayev bildirib ki, hətta rusdilli müəllimlərin məktəblərə cəlb edilməsi üçün MİQ imtahanlarında keçid balı 30-a salınıb".
Onun fikrincə, keçid balını bundan aşağı salmaq şagirdlərə qarşı ədalətsizlikdir:
"Biz nazirlik olaraq şagirdin qarşısına rus bölməsi üzrə 30 baldan aşağı toplayan müəllimi çıxarda bilmərik. Məsələn, rus bölməsində riyaziyyat fənni üzrə 106 vakant yer üzrə cəmi 22 namizəd keçid balını topalyıb. Bir çox ailələrdə valideynlər rus dilində bilməsə belə, uşağını aşağı yaşdan stresə salıb rus bölməsinə yerləşdirmək istəyirlər. Bu isə uşağa və valideynə heç nə vermir. Biz rus bölməsinin sayını və keyfiyyətini saxlayırıq. Bundan sonra da onları keyfiyyətli saxlamaq istəyirik. Amma namizəd olmalıdır ki, biz onları işə götürək. MİQ imtahanında Təsviri incəsənət üzrə rus bölməsində 93 yerə 16 müəllim keçib. Coğrafiya fənni üzrə rus bölməsində 48 yerə 7 namizəd var. İnformatika fənnində 158 yer üzrə 12 müəllim işləmək istəyir. Ona görə də rus bölmələrinin sayını artırmaq fiziki olaraq mümkün deyil".
Xəbər lenti
0