CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şirkətlərə nəzarət edən qurum yoxdur - VİDEO

© Photo : Baku City Chief Police DepartmentTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.04.2023
Abunə olmaq
Sürücülər bildiriblər ki, sahibkar üçün işləyən sürücülərin aylıq qazancı 750 manatdır.
BAKI, 22 aprel — Sputnik. Bir neçə gün əvvəl Bakıda "Bolt" şirkəti ilə çalışan taksi sürücüləri etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb, gediş tariflərinin və sürücülərin gəlirlərinin aşağı olması göstərilib. Taksi sürücüləri "Bolt"un Bakıdakı ofisinin qarşısında etiraz edərək bildiriblər ki, qazancları "qəpik-quruş" dur.
16 saat sükan arxasında...
Sürücülərin sözlərinə görə, hazırki taksi qiymətləri avtobus və metrodan çox az fərqlənir. Aksiya keçirən sürücülər bildiriblər ki, 16 saat sükan arxasında əyləşsələr də, iş saatının sonunda evlərinə çox az məbləğdə pul apara bilirlər:

"Bazarda iki əsas taksi operatoru şirkəti var. Bunlar "Bolt" və "Uber" şirkətləridir. Biri hər kilometrə gediş qiymətini 30 qəpik edəndə, o biri 20 qəpiyə endirir. Rəqabətin qurbanı isə biz oluruq".

Sputnik Azərbaycan taksi operator şirkətlərinin fəaliyyətinə nəzarət, sürücülərin problemlərini araşdırıb.
"Bolt" sürücüləri nə qədər qazanır?
Sürücülər Sputnik Azərbaycan-a bildiriblər ki, "Bolt"da sürücüyə məvacib apardığı müştəriyə ödənilən məbləğin 25 faizi civarındadır. Onlar bildiriblər ki, hər sürücü gün ərizində minimum 100 manat qazanmalıdır. Bunun 25 manatı sürücüyə, yerdə qalanı isə şirkətə qalır. İş vaxtı isə səhər 08:00-dan gecə 00:00-a qədərdir:

"Şirkət bizə gündəlik plan qoyub. Hər sürücü günə 100 manat qazanmalıdır. Oradan 25 manat sürücüyə qazanc qalır. Öz avtomobili ilə işləyən sürücülər bu pulu qazana bilir. Şəxsi avtomobili ilə işləməyən, avtomobili sahibkardan icarəyə götürən sürücü isə o qədər qazanmalıdır ki, həm şirkətin planını doldursun, həm də icarə haqqını verə bilsin. Avtomobilə görə icarə haqqı isə gündəlik 25 manatdır".

Sürücülərin sözlərinə görə, öz şəxsi avtomobili ilə "Bolt"da taksi xidməti göstərən sürücülər bir aya 2 min manat pul qazana bilir. Sahibkar üçün işləyən sürücülərin isə aylıq qazancı 750 manatdır. Bonusla birgə bu məbləğ 1000 manat olur. Amma sürücülər bu məbləğin heç də hamısının onlara xalis qazanc qalmadığını söyləyirlər. Bildirirlər ki, hər 15 gündən bir 50 manat avtomobilin yağının dəyişməsinə ödəyirlər. Yol hərəkəti qaydasını pozurlarsa onun da cəriməsini sürücü ödəyir. Bu zaman sürücüyə "qəpik-quruş" qalır.
"Bolt" sürücülərin faizlərini də səhv hesablayır
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürücülər etirazı etməkdə haqlıdırlar. Çünki, "Bolt" şirkəti uzun müddətdir ki, taksi sürücüləri arasında ciddi narazılıqlara səbəb olan addımlar atır: "Faizlərin düzgün hesablanmaması, qiymətləri ucuzlaşdırmaq və digər neqativ hallar sürücülər arasında narazılıqara səbəb olur. Dəfələrlə sürücülər"Bolt" şirkəti ilə bağlı aksiyalara keçirsələr də, heç bir nəticə olmayıb. Çünki, "Bolt"dan qovulan 15-20 sürücü şirkət üçün problem yaratmır. Qovulan sürücülərin yerinə 30 sürücü cəlb edilir. Gəlib 1-2 ay işləyib aldanırlar, yenə başlayırlar etiraz etməyə. Yəni "Bolt" şirkəti öz işindədir".
E. Muradlı deyir ki, taksi operatoru xidməti göstərən şirkətləri özbaşına buraxmaq olmaz.
Dövlət niyə nəzarət etmir?
"Onlara dövlət sərt üzünü göstərməlidir. Yoxsa onlar elə belə də fəaliyyətlərini davam etdirirlər. Bu şirkətlər Azərbaycandan pul qazanıb qanunlarımızı saymırlar. Sürücülərin artıq işlədilməsi, iş saatı və digər məsələlər öz həllini tapmalıdır. Çox təəssüf ki, "Bolt" ümumiyyətlə sürücülərini sayıb qəbul edib problemlərini belə dinləmir. Çox yaxşı olar ki, sürcülər kütləvi şəkildə "Bolt"dan imtian edib işləməsinlər. Amma hələki bu mümkün deyil".

Ekspert deyir ki, "Bolt" kimi sürücüləri incidən taksi operatoru şirkətlərinin cavabını dövlət verməlidir: "Çox təəsüf ki, dövlət qurumları da görməzdən gəlirlər. Vətəndaşlarımızın hansısa bir xarici şirkətin əlində əsir saxlanılması, qul kimi işlədilməsi düzgün deyil. Bu qədər insanın səsini eşittməmək olmaz! Bu qədər vətəndaşımızın hüquqlarının Azərbaycanın paytaxtında pozulmasına dövlət qurumları göz yummamalıdır".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə sorğumuza cavabda bildirildi ki, taksi kimi fəaliyyət göstərən minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir və daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiyməti fəaliyyət göstərən taksi operatorları rəqabət şəraitində formalaşdırır.
"Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaların liberallaşdırılması, daşıyıcılara daha əlverişli şərait yaradılması məqsədilə 2015-ci ildən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına lisenziya tələbi ləğv edilib. Sahibkarlar üçün belə əlverişli şərait yaradılması müvafiq sahədə təklif bolluğu yaradıb, əhalinin məşğulluğuna müsbət təsir edir", - deyə qurumdan verilən rəsmi cavabda qeyd olunub.
"Bolt"dan açıqlama
Qeyd edək ki, məsələ ilə bağlı, "Bolt"un baş ofisi açıqlama yayıb. Azərbaycanda minlərlə sürücünün "Bolt"la əməkdaşlıq etdiyin xatırladan şirkət bildirib ki, sürücülərlə dialoqa və onların rəylərini dinləməyə hazırdır: "Biz sürücülərin etiraz etmək və fikirlərini bildirmək hüququnu dəstəkləyirik, onlar ilə dialoqa açığıq. Azərbaycanda minlərlə sürücü "Bolt" tətbiqindən istifadə edir. "Bolt" komandası olaraq biz inanırıq ki, xoşbəxt sürücülər sərnişinlərə daha keyfiyyətli xidmət göstərir. Buna görə də biz sürücülərimizə həmişə hörmətlə yanaşırıq və əsas məqsədimiz onları bazarda ən yüksək saatlıq qazanc ilə təmin etməkdir. Biz həmişə vəziyyəti təhlil edirik ki, tariflər müştərilər üçün cəlbedici olsun, qazanc imkanı isə sürücü tərəfdaşlarımızı həvəsləndirsin".

"Bolt" sürücüləri şirkətlə bağlı rəylərini bildirməyə çağırıb: "Sürücülərimizdən "Bolt" ilə bağlı təcrübələri barədə bizə rəy bildirmələrini xahiş edirik, çünki sürücülərimizə keyfiyyətli xidmət və dəstək göstərmək üçün məhz bu rəylərə əsaslanırıq. Çox sayda tərəfdaş sürücülərin olmasına baxmayaraq, biz onların hər birinin fikrini diqqətə alırıq".

Bununla yanaşı, "Bolt" şirkəti bildirib ki, hazırda "Bolt" sürücülərə ən yaxşı əməkdaşlıq şərtləri və gəlir səviyyəsi təklif edən şirkətlərdəndir: "Biz həmişə komissiya, avtomobilə texniki qulluq və sairə kimi bütün müvafiq amilləri nəzərə alaraq sürücülər üçün təkliflərimizi tənzimləyirik ki, sürücülər daha çox qazana, eləcə də tətbiqdə hər gün kifayət qədər sifarişlər ala bilsinlər".
"Bolt"u tərk edən sürücülərə gəlincə, şirkət bildirir ki onların bir çoxu geri qayıdır: "Platformamızdan istifadəni dayandırmağa və digər xidmətləri sınamağa qərar verən bəzi sürücüləri də başa düşürük - bu, onların seçimidir. Hətta bundan sonra onların bir çoxu yenidən "Bolt" ilə əməkdaşlığı bərpa edir. Sürücülər və xidmət istifadəçiləri üçün ən yaxşı şəraiti təmin etmək istiqamətində dayanmadan işləməyə davam edəcəyik".
Qeyd edək ki, Avropa və Afrikanın 45 ölkəsində (400-dən çox şəhər) 100 milyondan çox insan Bolt xidmətlərindən istifadə edir. Bu gün şirkət dünya üzrə 2,5 milyondan çox sürücü və 100 000-dən çox kuryerlə əməkdaşlıq edir.
Xəbər lenti
0