Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Türkiyə ticarətində güzəştli yeni məhsullar razılaşdırılacaq - Ekspert rəyi

© AP Photo / Burhan OzbiliciAzərbaycan və türkiyə bayraqları
Azərbaycan və türkiyə bayraqları - Sputnik Azərbaycan, 1920, 22.04.2023
Abunə olmaq
"Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik edilir. Ekspertlər qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsulların razılaşdırılmasının qiymətlərə, ticarət dövriyyəsinə təsirlərindən danışıblar.
BAKI, 22 aprel — Sputnik. Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişiklik edilir. Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsullar razılaşdırılacaq.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Türkiyənin ticarət naziri Mehmet Muş arasında aprelin 14-də keçirilən görüş çərçivəsində "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik haqqında protokol paraflanıb. M.Cabbarov bildirib ki, qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək.

Qeyd edək ki, 2021-ci il martın 1-dən qüvvəyə minən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə əsasən bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumları qarşılıqlı olaraq azaldılıb. Başqa sözlə, gömrük rüsumu sıfır faizə salınıb.

Bəs, maraqlıdır qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsulların razılaşdırılması qiymətlərə, ticarət dövriyyəsinə necə təsir edəcək? Növbəti mərhələdə Azərbaycan ilə Türkiyə arasında sərbəst ticarət anlaşması mümkündürmü?
"Əsas hədəf iki ölkə arasında ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır"
Məsələ ilə bağlı deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan ilə Türkiyə arasında preferensial ticarət rejimi 15 mal qrupu üzrə tətbiq olunur: "Məqsəd iki ölkə arasında ticarət dövriyyəsini artırmaqdır. Azərbaycan ilə Türkiyə 2022-ci ildə təxminən 6 milyard dollarlıq ticarət dövriyyəsinə malik olub. Əsas hədəf növbəti illərdə iki ölkə arasında ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır".
Deputat bildirib ki, Azərbaycan türk dövlətləri ilə sadələşdirilmiş gömrük rejimi formalaşdırır, bununla bağlı Səmərqənd anlaşması Azərbaycan Milli Məclisində də ratifikasiya olunub. O cümlədən Türkiyə ilə də artıq preferensial ticarət rejimi formalaşdırılıb. Bu ticarət rejimi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək və gözlənilir ki, ticarət dövriyyəsində artımları şərtləndirəcək və sürətləndirəcək.
"Preferensial rejimin istehlak bazarında qiymətlərə xüsusi təsiri gözlənilmir"
Onun sözlərinə görə, hələlik Türkiyədən idxal edilən malların qiymətlərində xüsusi dəyişikliklər proqnozlaşdırılmır: "Bu, birbaşa onunla bağlıdır ki, preferensial rejim bütün məhsullar üzrə deyil, əsas mal qrupları üzrə tətbiq olunur. Digər səbəb isə Türkiyədəki inflyasiyadır. Türkiyədə inflyasiya səviyyəsi yüksək olduğuna görə bu, həmin ölkədən idxal edilən məhsulların xərcinə birbaşa təsir göstərir. Ona görə də preferensial rejimin iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir edəcəyi proqnozlaşdırılır, amma istehlak bazarında qiymətlərə xüsusi təsiri gözlənilmir".
"Rüsumların ləğvi məhsulun maya dəyərini aşağı salacaq"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu addım ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. Azərbaycanda gömrük tarifləri 5-15 faiz arasındadır. Adətən 15 faiz gömrük rüsumu hazır məhsullara, 5 faiz gömrük rüsumu xammala tətbiq edilir. Onun fikrincə, qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması həmin idxal malların ucuzlaşmasına gətirib çıxardacaq. Güzəştli mallar üzrə rüsumların ləğvi sahibkarların rüsum xərcini azaldacaq, məhsulun maya dəyərini aşağı salacaq.
Ekspert əlavə edib ki, Azərbaycan ilə Türkiyə arasında tam sərbəst ticarət müqaviləsinin olması isə potensial olaraq mümkün deyil, bu istiqamətdə problemlər var. Bu, Azərbaycan şirkətləri üçün müəyyən çətinliklər yarada bilər.
Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu yaxınlarda iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub. Türkiyənin ticarət naziri Mehmet Muşla görüşündə nazir Mikayıl Cabbarov dövlət başçılarının siyasi iradəsinin, dostluq və qardaşlıq münasibətlərinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qardaş ölkələr arasında uğurlu investisiya əməkdaşlığının həyata keçirildiyi, Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyənin 1-ci yerdə olduğu, o cümlədən ölkəmizdə qeyri-neft-qaz sektoruna ən çox investisiya yatıran ölkənin Türkiyə olduğu diqqətə çatdırılıb.
Görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik haqqında protokol paraflanıb. Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək.
Preferensial Ticarət Sazişi müddətsiz olaraq bağlanılıb
Xatırladaq ki, "Preferensial rejim" dedikdə, malların hərəkətində tariflərin azaldılması və ya ləğvi və qeyri-tarif maneələrinin ləğvi yolu ilə razılığa gələn tərəf tərəfindən bu Saziş çərçivəsində verilmiş hər hansı güzəşt və ya üstünlük başa düşülür. Bu Saziş müddətsiz olaraq bağlanılıb. Bu Saziş bir razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.
Hazırda tərəflər arasında hansı mallara görə rüsum yoxdur?
Mövcud Sazişə görə, hazırda Azərbaycandan Türkiyəyə göndərilən "chester", "parmesan", "dutch" və oxşar pendirlər, saçaq pendiri, gavalı, göyəm, xurma, ilkin qablaşdırılmalarda netto çəkisi 3 kq-dan çox olmayan qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş çay, ağ şəkər və s. məhsullara gömrük rüsumu tətbiq edilmir.
Türkiyədən Azərbaycana gətirilən içlikli və ya içliksiz şəkərləmə karameli, toffı, digər karamel və analoji şirniyyat, preslənmiş həblər, şokolad minası, şəkərdən qənnadı məmulatları, onların əvəzediciləri və s. kimi məhsullara Azərbaycan tərəfindən gömrük rüsumu tətbiq olunmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0