Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Səhnəmizin "Cənnəti"nin doğum günüdür

© Photo : AzerbaijanfilmNəsibə Zeynalova "Qaynana" filmində. 1978-ci il
Nəsibə Zeynalova Qaynana filmində. 1978-ci il - Sputnik Azərbaycan, 1920, 20.04.2023
Abunə olmaq
İllər keçsə də Nəsibə Zeynalovanın sənətinə maraq azalmır, əksinə günbəgün daha da çoxalır. Bütün bunlar bir daha onu göstərir ki, əsl sənət, əsl sənətkar hər zaman mənsub olduğu millətin yaddaşında diridir və heç vaxt ölmür
BAKI, 20 aprel — Sputnik. Bu gün Nəsibə Zeynalovanın anadan olmasının 107-ci ildönümü tamam olur. Həm kinoda, həm teatrda bir-birindən bənzərsiz obrazlar yaradan sənətkar 1916-cı ilin bu günündə anandan olub.
Atası Kərbəlayı Cahangir, Bakıda tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanımı həmkarları xoş xatirə ilə yad edirlər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov Nəsibə Zeynalova haqqında xatirələrini bölüşərkən bildirib ki, onun sənətə gəlməsi Nəsibə xanımla bağlıdır: "Biz qohum idik, nənəmlə onlara tez-tez gedərdik. Nəsibə xanım bizə tamaşlara bilet verərdi, mən də nənəmlə gedib onun tamaşalarına həvəslə baxardım. Beləcə, məndə də bu sənətə sevgi yarandı. Səhnədə də onunla tərəf müqabili olmuşam. Bu gün də teatra daxil olarkən o cür sənətkarların yoxluğunu görüb, onlar üçün çox darıxıram. Özümü xoşbəxt bilirəm ki, onları sağ ikən görmək, onlarla ünsiyyətdə olmaq, hətta bir səhnəni bölüşmək mənə nəsib olub. Onlar bizim unudulmayan və daim qəlblərdə yaşayan sənətkarlarımızdır".
Yaratdığı obrazlarla qəlblər fəht edən sənətkar, eyni zamanda qayğıkeş insan idi. Çingiz müəllim bildirir ki, sənət yoldaşları ilə qastrol səfərlərinə gedəndə onlara ana qayğısı göstərirdi: "Biz qastrol səfərlərinə gedirdik, avtobusumuz onu evinin qarşısından götürürdü və Nəsibə xanım bir qazan peraşki ilə gəlirdi. Ət, kartof, kələm peraşkisi. Ət peraşkilərinin də əksəriyyətini mənə yedirdirdi. Sonra mənim televiziyada "Yeriniz məlum" adlı verilişim olanda onu tez-tez həmin verilişə dəvət edirdim. Heç bir verilişə getməsə də mənim dəvətimi qəbul edirdi. Rayonlarda birgə qastrol səfərlərində olmuşuq. Nəsibə Zeynalova ilə bizim çox maraqlı və unudulmaz anlarımız olub. Bir gün mən onu öz istəyi ilə Xudata apardım. Bacılığı var idi orada. Yolda Xudata az qalmış su istədiyini bildirdi. Maşını saxlayıb su almağa düşərkən orada böyük insan kütləsi ətrafıma yığışdı və görüşdülər, imza aldılar, xoş sözlər dedilər. Mən suyu maşına aparan zaman Nəsibə xanım qapını açdı və adamlar Nəsibə xanımın səsini eşidən kimi onun ətrafına toplaşdılar. Mən onda anladım ki, xalq Nəsibə xanımı necə sevir. Oraya həmin an bir ləzgi kişi gəldi və Nəsibə xanımın əlindən öpmək istədi. Həmin kişi Nəsibə Zeynalovanın əlini öpəndən sonra arzusuna çatdığını dedi. Nəsibə xanımla bu cür unudulmaz xatirələrimiz çox olub".
Nəsibə xanımın yeganə övladı Cahangir Novruzov anası ilə bağlı xatirələrindən bəhs edərkən bildirib ki, Nəsibə Zeynalovanın oğlu olmaq ona şərəfdir, amma onun oğlu olduğuna görə tanınmaq onu həmişə məyus edib. Öz sənəti ilə sevilməyə can atan Novruzov öncə Şəkiyə, daha sonra isə Türkiyəyə üz tutur: "Mən Nəsibə xanımın oğlu olmamaq üçün Şəkiyə, sonra da Türkiyəyə getdim. Bu barədə Azərbaycan xalqından inciyəm. Mənim şəxsiyyətim, sənətim yoxdurmu? Mən o qadının oğlu olduğuma görə fəxr edirəm, amma sənətdə mənim öz yolum var. Şəki teatrında olanda gəlib anam mənim yerimə tamaşa oynamırdı ki. Mən Türkiyəyə buna görə getdim. Çünki, Türkiyədə Nəsibə xanımı tanıyan yoxdur. Orada mənim xeyli tələbəm var. Cahangir hocanın tələbələrini bütün seraillarda görə bilərsiniz. Bu yaxınlarda eşitdim ki, tələbələrim artıq İstanbulda öz şəxsi teatrlarını yaradıblar. Onlar Azərbaycan teatr ənənələrini yaşadırlar. Onların yaratdığı teatrda Azərbaycan teatr estetikası var".
Səhnəmizin "Cənnət xalası"nın verdiyi tövsiyələri bu gün tələblərinə ötürür Cahangir müəllim. Nəsibə xanımla bağlı xatirələrini bölüşən həmsöhbətimiz göz yaşlarına hakim ola bilmir: "Universitetin ikinci semestrində oxuyurdum. Süleyman Rüstəmin yubleyi idi. Mehdi Məmmədov onun yubleyini təşkil edirdi. Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" əsəri Aktyorlar evində səhnələşdirilmişdi. Mən orada Qafarı oynayırdım. Anamı tamaşaya dəvət edəndə, dedi baxaram, vaxtım olsa, gələrəm. Tamaşa belə qurulmuşdu ki, mən salondan gəlməli idim. Qapının ağzında qrimlənib dayanmışam. Tamaşa başlayıb, bir də baxdım ki, Nəsibə xanım gəldi. Yaxınlaşıb mənə dedi ki, "çoxdan başlayıb?". Mən də yaşlı adamın səsi ilə "bir az var" dedim. Dedi qoy buradan baxım. Dedim "Nəsibə xanım, mən buradan çıxacağam". O da dedi "hə yaxşı keçim". Mən də gəldim anamın qabağına, dedim "belə də bəla olar? İnsan insanı tanımır". Anam məni qətiyyən tanımamışdı. Həmin axşam anamın dodağı qaçırdı, sevinirdi". Anam mənə deyirdi "oğlum, püxtələşmiş sənətkar gərək səhnədə olduğunu, kim olduğunu unutsun. Eyni zamanda, səhnədə olduğunu və kim olduğunu unutmasın. Sən gərək səhnədə olanda Cahangir olduğunu həm unudasan, həm də biləsən ki, sən Cahangirsən. Bu iki ziddiyyəti saxlaya bilsən, səndən aktoyr olacaq". Bunu Konstantin Stanislavski (Teatr tarixində ilk dəfə səhnə metodunu, nəzəriyyəsini və aktyor sənəti məktəbini yaradıb-red.) də yazmışdı. Amma anam onu oxumamışdı. Ağlın yolu birdir axı. Bu gün anamın mənə verdiyi tövsiyələri öz tələbələrimə də verirəm".
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir. Onun bədii filmlərdə yaratdığı bir sıra obrazlar “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib. Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale (“Keto və Kote”), Ziraldina (“İki ağanın bir nökəri”), Zivər xanım (“Məhəbbət gülü”), Qesiya (“Tiflis nəğməsi”), Gülbadam (“Qız anası”) rollarının xüsusi yeri var. Onun uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. Nəsibə Zeynalovanın 100 illiyi və atası Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib. Bundan başqa, 18 yanvar 2017-ci ildə Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ədəbi-bədii axşam keçirilib. Yubiley gecəsində "Qayınana" bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub. Eyni zamanda, paytaxt küçələrindən biri onun adını daşıyır.
Xəbər lenti
0