SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev İsrailin xarici işlər naziri ilə nə danışıb?

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İsrailin xarici işlər naziri Eli Koeni qəbul edib
Prezident İlham Əliyev İsrailin xarici işlər naziri Eli Koeni qəbul edib - Sputnik Azərbaycan, 1920, 19.04.2023
Abunə olmaq
Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb.
BAKI, 19 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib.
Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb. Dövlət başçısı əməkdaşlığımızın gündəliyinin genişləndiyini deyərək Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib, bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirib.
Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesinin uğurla həyata keçirildiyini bildirən Prezident İlham Əliyev bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd edib.
Dövlət başçısı Ələt Azad İqtisadi Zonasında yaradılmış şərait barədə məlumat verib, İsrail şirkətlərinin burada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu deyib. Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmi vurğulanıb.
Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.
Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxunaraq, ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirib.
Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpaolunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb. Həmçinin su resurslarının idarə olunması və dəniz suyunun şirinləşdirilməsi, səhralaşma prosesinin qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi sahələrində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu qeyd edilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Azərbaycan-İsrail əlaqələri genişlənir
Qeyd edək ki, İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanda səfərdədir.
Dünən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Kohen arasında görüş keçirilib.
İqtisadiyyat Nazirliyindən bildiriblər ki, Mikayıl Cabbarov Azərbaycanla İsrail arasında yüksək səviyyəli əlaqələri vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizin İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. Ölkələrimiz iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işləri davam etdirir. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İsraillə qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam edir. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.
İqtisadiyyat naziri Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verib.
İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif sahələrdə tərəfdaşlığa maraq göstərdiyini qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlər barədə müzakirələr aparılıb.
Xəbər lenti
0