DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

G7 XİN başçılarının bəyanatı: İran heç vaxt nüvə silahı yaratmamalıdır

© AP Photo / Ebrahim Norooziİranın Xoramşahr raketi
İranın Xoramşahr raketi - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
XİN rəhbərləri birgə bəyanatda vurğulayıblar ki, onlar İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqları həll etmək üçün diplomatik həllə üstünlük verirlər.
BAKI, 18 aprel — Sputnik. "Biz bir daha bəyan edirik ki, İran heç vaxt nüvə silahı yaratmamalıdır və İranı nüvə eskalasiyasını dayandırmağa çağırırıq". Bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin Yaponiyada keçirilən iki günlük iclasından sonra qəbul olunan birgə bəyanatda bildirilib.

"Biz İranı daha çox gecikmədən nüvə silahının yayılmaması ilə bağlı hüquqi və siyasi öhdəliklərini yerinə yetirməyə çağırırıq. İranın heç bir etibarlı mülki əsaslandırması olmayan və onu faktiki silahın əldə olunması ilə bağlı fəaliyyətlərə təhlükəli dərəcədə yaxınlaşdıran nüvə proqramı ilə bağlı dərin narahatlığımızı bildiririk", - bəyanatda qeyd olunub.

XİN başçıları AEBA-nın son hesabatında İranın nüvə zənginləşdirməsini 83 faizə qədər yüksəltdiyini qeyd etdiyini xatırladıblar. XİN rəhbərləri birgə bəyanatda vurğulayıblar ki, onlar İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqları həll etmək üçün diplomatik həllə üstünlük verirlər.
Bəyanatda qeyd olunub ki, İran AEBA-ya monitorinq işinin aparılması üçün şərait yaratmalıdır: "Biz İranı öz təhlükəsizlik öhdəliklərini və konkret tədbirlərlə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq".
G7 ölkələr həmçinin İranı sabitliyi pozan addımlardan çəkinməyə çağırıb: "Biz İranın 2231 və 2216 saylı BMT Təhlükəsizlik Şurasının müddəalarını pozaraq raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və digər texnologiyaların dövlət, qeyri-dövlət subyektlərinə və proksi qruplara ötürülməsi də daxil olmaqla sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlığımızı bəyan edirik".
Birgə bəyanatda G7 XİN rəhbərləri İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına da münasibət bildiriblər. Onlar iki ölkə arasında münasibətlərin normallaşmasını təqdir etdiklərini qeyd edərək, bunun regional sabitliyə töhfə verə biləcəyini qeyd ediblər.
Birgə bəyanatda İrandakı insan haqlarına da toxunulub. "İranın sistemli şəkildə insan haqları pozuntuları, xüsusən də təhdid və hədə-qorxu yolu ilə dinc müxalifəti sıxışdırmaq səyləri ilə bağlı dərin narahatlığımızı bir daha bildiririk. Biz ayrı-ayrı şəxslərin, o cümlədən qadınların, qızların, azlıq qruplarının, habelə İranda və xaricdə olan jurnalistlərin hədəfə alınmasını pisləyirik", - birgə bəyanatda vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0