CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biz hər bir vəziyyətə hər an hazır olmalıyıq - Prezident

İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Dövlət başçısı bildirib ki, otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub.
BAKI, 18 aprel — Sputnik. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan dövlətimizin başçısı bildirib:

"Qarabağ və Şərqi Zəngəzurda görülən işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtdıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilib".

Artıq iki yaşayış məntəqəsində - AğalıTalış kəndlərində hazırda keçmiş köçkünlərin yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev bildirib:

"Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq".

Prezident Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verildiyini də bildirib:

“İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir”.

Dövlət başçısı bildirib ki, müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Prezident tam əminliklə deyib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.

“Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Qeyd edək ki, bu gün ölkə başçısı və xanımı daha öncə Neftçala rayonuna səfər ediblər. Səfər çərçivəsində ölkə başçısı və xanımı Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala - Kürkənd - 2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Neftçalaya səfər çərçivəsində ölkə başçısı xanımı ilə birgə Neftçala Olimpiya İdman Kompleksinin açılışında da iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0