Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu dərmanların nəzarətsiz qəbulu hemofiliyalı xəstələr üçün təhlükəlidir - xəbərdarlıq

© AFP 2023 / KHALIL MAZRAAWIDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
Mütəxəssis xatırladıb ki, hemofiliya qanın laxtalanma sistemində olan VIII və (və ya) IX faktorların çatışmaması ilə xarakterizə olunan irsi qan xəstəliyidir və ciddi qanamalarla izlənilən nadir xəstəliklər qrupuna daxildir.
BAKI, 17 aprel — Sputnik. "Qan durulaşdıran dərmanların nəzarətsiz qəbulu hemofiliyalı xəstələr üçün təhlükəlidir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
Mütəxəssis xatırladıb ki, hemofiliya qanın laxtalanma sistemində olan VIII və (və ya) IX faktorların çatışmaması ilə xarakterizə olunan irsi qan xəstəliyidir və ciddi qanamalarla izlənilən nadir xəstəliklər qrupuna daxildir: "Hemofiliyanın səbəbi qanın laxtalanmasını təmin edən faktorların əskik olmasıdır. İki tip hemofiliya var: Hemofiliya A və Hemofiliya B. Hemofiliya A xəstəliyin ən çox yayılmış növüdür və VIII qan laxtalanma faktorunun çatışmazlığından yaranır. Hemofiliya B isə IX laxtalanma faktorunun olmaması və ya ciddi şəkildə çatışmazlığı səbəbindən baş verir. Bu xəstəlik oynaqlarda, daxili orqanlarda və əzələlərdə spontan və ya zədədən bir neçə saat sonra qanaxma ilə xarakterizə olunur. Yüngül dərəcəli hemofiliyada cərrahi əməliyyat və ya diş çıxarılması zamanı ağır qanaxma baş verə bilər".
Onun sözlərinə görə, bir çox hallarda planlanan əməliyyat öncəsində yoxlanılan koaqulyasiya testlərindəki dəyişiklik nəticəsində hemofiliya xəstəliyindən şübhələnilərək qanda faktor səviyyəsi yoxlanılır: "Hemofiliyanın ağır və orta dərəcəli formalarında müxtəlif şiddətdə dəri hemorragik sindromu çoxsaylı ekximoz və hematomlar şəklində aşkar edilir. Hemofiliya təkrarlanan qanaxma, səbəbi bilinməyən hemartroz və ya uzunmüddətli aktivləşdirilmiş qismən tromboplastin zamanı (APTZ) olan xəstələrdə diaqnoz qoyulur. Faktor VIII və ya faktor IX səviyyəsində çatışmazlıq varsa, hemofiliya diaqnozu təsdiqlənərək hansı səviyyədə çatışmazlıq olduğu müəyyən edilərək xəstəliyin ağırlıq dərəcəsi təyin edilir.
Müalicə prinsipində ilkin olaraq baş verə biləcək qanamanın qarşısını almaq üçün çatışmayan faktor konsentrasiyası ilə xəstəni təmin etməkdir. Qanama ən qısa müddətdə (ilk 2 saat ərzində) faktor konsentrasiyası köçürülərək durdurulmalıdır. Bundan başqa, hemofiliya xəstələri qanama riskini nəzərə alaraq xəstəliyi təsdiq edən, hansı növ, inhibitor forma, ağırlıq dərəcəsi qeyd edilən sənəd daim özləri ilə olmalıdır. Faktor köçürülməsinə rəğmən qanama davam edərsə, inhibitor varlığı araşdırılmalıdır".
O bildirib ki, hemofiliyalı xəstələr mümkün olduqca özlərini qorumalı, ağır işlərdən uzaq olmalıdırlar: "Uzun səfərlər zamanı ilk yardım üçün lazım olan dərman və tibbi ləvazimatları olan çantanı özləri ilə götürməlidirlər. Bundan başqa, qan durulaşdıran dərmanların (Aspirin və s) nəzarətsiz qəbulu hemofiliyalı xəstələr üçün təhlükəlidir. Eyni zamanda mümkün qədər əzələdaxili inyeksiyalardan çəkinmək lazımdır. Diş problemi ilə bağlı stomatoloqlar öncədən məlumatlandırılmalı, xəstənin mövcud vəziyyəti müalicə həkimi ilə qiymətləndirilməlidir".
Qeyd edək ki, hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.
Xəbər lenti
0