CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlər arasında intihar kabusu - Məktəblilərin psixoloji pasportu hazırdırmı?

© Depositphotos.com / Velkolintihar
intihar - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hazırda psixoloji xüsusiyyətlərə uyğun olaraq müvafiq obyektiv testlərin metodikaları hazırlanır.
BAKI, 15 aprel — Sputnik. İmtahan ərəfəsi şagirdlər arasında intihar hadisələri baş verir. Bir neçə gün öncə Salyan rayonunda 8-ci sinif şagirdi intihar edib. Hər il imtahan ərəfəsi belə halların təkrarlanması təsadüfi sayılmır. Ötən il mart ayının sonunda Bakıda 15 yaşlı qız imtahana görə intihar etmişdi. Məktəblilər arasında intihar hadisələrinin baş verməsi şagirdlərin psixoloji durumu ilə bağlı problemi aktuallaşdırıb.
Qeyd edək ki, hələ ötən il Bakı məktəblilərinin psixoloji durumunun monitorinqininin aparılacağı barədə məlumat yayılmışdı. Həmin məlumata görə, monitorinqin nəticələrinə əsasən şagirdlərin psixoloji pasportu hazırlanacaqdı. Ekspertlər bu cür monitorinqlərin şagirdlər arasında intihar hadisələrinin qarşısını alacağı qənaətindədir. Bəs görəsən, paytaxt məktəblərində şagirdlərin psixoloji durumunun monitorinqinin nəticəsi necədir? Məktəblilərin psixoloji pasportları hazırlanıbmı?
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, İdarənin Təlimə Dəstək Mərkəzinin təşəbbüsü ilə "Şagirdin psixoloji pasportu" layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, layihənin texniki tapşırığı, həyata keçiriləcək fəaliyyətlərin məzmunu üzərində iş gedir. Layihənin "Məktəblinin dostu" ilə birgə həyata keçirilməsi nəzərdə tutulur: " Təlimə Dəstək Mərkəzi və "Məktəblinin dostu" layihəsinin peşəkar psixoloqları tərəfindən şagirdlərlə aparılacaq diaqnostik testlər üçün ilkin sorğu forumu yaradılıb. Hazırda psixoloji xüsusiyyətlərə uyğun olaraq müvafiq obyektiv testlərin metodikaları hazırlanır. Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində hazırda 479 psixoloq çalışır, 21 psixoloq analıq məzuniyyətindədir".
Psixoloq Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə şagirdlərlə psixoloji iş aparılarkən məktəb psixoloqu özündə hər məktəbliyə psixoloji anket açaraq həmin anketə şagirdlərlə bağlı məlumatları qeyd etməlidir. Onun sözlərinə görə, şagirdlərin psixoloji pasportları həmin anket məlumatlarına əsasən də hazırlana bilər. Amma bu zaman şagirdlərin psixoloji durumu düzgün qiymətləndirilməlidir. Həmsöhbətimiz deyir ki, bunun üçün mütləq şəkildə psixoloqun özü peşəkar olmalıdır: "Çünki, gələcəkdə şagirdlərin psixoloji pasportları onların müəyyən işlərdə işləməsinə mane ola bilər. Əgər şagirdin nevroloji pozuntusu varsa, bu onun psixoloji durumuna təsir göstəribsə bu hazırlanan pasportda öz əksini tapacaq. Belə şəxslərə gələcəkdə güc strukturlarında işləməyə icazə verilməyə bilər. Çünki, belə insanlara silahla davranmaq, həddindən artıq gərgin işdə çalışa bilməz. Ona görə də şagirdlərin psixoloji pasportları hazırlanarkən çox həssas davranmaq lazımdır. Şagirdin psixoloji durumu mütləq şəkildə düzgün dəyərləndirilməlidir".
Həmçinin psixoloq bildirib ki, şagirdlərin psixoloji monitorinqi bir aya hazırlanacaq iş deyil. O, uzun müddət şagirdlərin psixoloji durumunun müşahidə altında saxlanılmalı, izlənilməli olduğunu söyləyir.
S. Abdullayeva bildirib ki, əksər hallarda şagirdlərin psixoloji monitorinqini həyata keçirən psixoloqlar savadlı və ixtisaslı kadrlar olmaldıır: "Çox təəssüf ki, bəzən hansısa kursları başa vurub psixoloq kimi sertifikat alırlar. Belə insanların şagirdlərin psixoloji durumunu necə qiymətləndirəcəyi sual altındadır. Psixoloq olmaq üçün bir neçə təlim keçmək kifayət deyil".
S. Abdullayeva həmçinin şagirdlər üçün məktəblərdə sağlam psixoloji mühitin olmasının da vacibliyini vurğulayıb. O, bildirib ki, məktəblərdə psixoloji sağlam mühit olmalı, onlara qarşı qısnama, bulinq olmamalıdır. Əks halda belə psixoloji pasportların hazırlanması heç bir fayda verməyəcək.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son vaxtlar şagirdlər arasında intihar halları tez-tez baş verir. Ekspert deyir ki, şagirdlərin intihar etməsi bir çox faktorlara bağlı ola bilər və bu problemin həlli zaman tələb edən bir məsələdir. Onun qənaətinə görə, lakin aşağıdakı addımlar intihar riskini azaltmağa kömək edə bilər: "Məktəb şagirdləri hər ay psixoloji testdən keçirilməli və nəticəsi narahatlıq doğuran şagirdlər individual təlimə cəlb edilməlidir. Eyni zamanda məktəblərdə psixoloji dəstək xidmətlərinin fəaliyyəti genişləndirilməlidir. Məktəblərdə psixoloji dəstək xidmətlərinin mövcudluğu şagirdlərin müxtəlif problemlərini həll etmələrində kömək edə bilər. Bununla yanaşı şagirdlərə psixoloji təlimatlar verilə, şagirdlərə psixoloji problemlərin öhdəsindən gəlmək üçün dərslər təklif edilə bilər. Şagirdlərin və ailələrinin intihara cəlb edən riskləri öyrənilməlidir. Bu, intihara aparan səbəblərin aradan qaldırılmasına kömək edə bilər".
K.Əsədov həmçinin qeyd edib ki, ailələrə dəstək proqramları təqdim edilməlidir.
O, təhsil sisteminin dəyişdirilməsinin də bu mənada vacib olduğunu söyləyib. Bildirib ki, məktəblərdəki təhsil metodları, müəllimlər və idarəçilər şagirdlərin intihar riskini azaltmağa kömək edə bilər.
"Ümumiyyətlə, şagirdlərin intihar etməsinin qarşısını almaq üçün çoxfərqli tədbirlər və müdaxilələr lazımdır. Bəzi dəyişikliklər, təhsil sisteminin yenilənməsi və psixoloji dəstək xidmətlərinin mövcudluğu ilə bu problemin öhdəsindən gəlmək mümkündür" deyə ekspert bildirib.
Xatırladaq ki, ötən il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov bildirib ki, şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm hazırlanır. İlkin Həsənov psixoloji pasportların hansı əsaslarla hazırlanacağına aydınlıq gətirib. O bildirib ki, pasportlar məktəb direktoru, sinif rəhbəri və psixoloqun şagird haqqında məlumatları əsasında formalaşdırılacaq:
"Məktəblərdə psixoloq sayının az olduğunu nəzərə alaraq bu işdə onlara sinif müəllimləri də kömək edəcək. Sinif rəhbərləri uşaqların psixoloji durumuna nəzarət edəcəklər. Davamlı məlumat axını təmin olunacaq. Psixoloq həmin məlumatları bazaya yükləyəcək. Hər bir şagirdin psixoloji durumu barədə bazada ilkin rəy formalaşacaq. Biz psixoloqlara müəyyən alətlər verəcəyik ki, onlar şagirdlərin psixoloji durumunu qiymətləndirsinlər. Beləcə biz elektron sistemə daxil olaraq hər məktəbdə şagirdlərin psixoloji durumu barədə məlumatlar əldə edəcəyik. Bu məlumatlara direktorların da çıxışı olacaq. Hansı şagirdin psixoloji durumunda narahatlıq varsa, ona psixoloji dəstək göstəriləcək".
Xəbər lenti
0