SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özbəkistan səfirliyi Konstitusiyada dəyişikliklərlə bağlı referenduma necə hazırlaşır

© SputnikÖzbəkistan
Özbəkistan - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Aprelin 30-da Azərbaycanda müvəqqəti olacaq Özbəkistan vətəndaşları səfirliyə gələrək səsvermədə iştirak edə bilərlər.
BAKI, 14 aprel — Sputnik. Özbəkistan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi açılacaq və Azərbaycanda yaşayan Özbəkistan vətəndaşları ölkələrinin yeni Konstitusiyasının qəbul edilməsinə və ya rədd edilməsinə səs verə biləcəklər.
Bu barədə Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Bəhram Qaipov Sputnik Azərbaycan-a müsahibəsində məlumat verib.
"Əlavə məntəqənin açılmasına ehtiyac yoxdur, çünki konsulluq dairəmiz Azərbaycanın bütün ərazisini əhatə edir və əvvəlki prezident və parlament seçkilərinin keçirilməsi təcrübəsi Azərbaycanda bir məntəqənin kifayət qədər olduğunu göstərir", - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, hazırda siyasi tədbirə hazırlıq prosesi davam edir, xüsusilə seçicilərin siyahısı doldurulur.
"Bu proses davam edir, ona görə də qarşıdakı referendumda iştirak edənlərin dəqiq sayını hələ deyə bilmirik. Lakin bu proses yaxın vaxtlarda başa çatmalıdır", - deyə səfirlik nümayəndəsi bildirib.
Lakin siyahının tərtib edilməsi prosesinin başa çatması o demək deyil ki, siyahıya daxil olmayan Özbəkistan vətəndaşları səsvermədə iştirak edə bilməyəcəklər. Yəni müvəqqəti olaraq aprelin 30-da Azərbaycanda olacaq Özbəkistan vətəndaşları səfirliyə gələrək səsvermədə iştirak edə bilərlər.
"Seçicilərin Bakıda olması ilə əlaqədar əlavə siyahı formalaşdırılacaq və onlar seçici kimi siyahılara daxil ediləcəklər. Referendumun keçiriləcəyi tarixə 10 gün qalmış isə bülletenlər Bakıya çatdırılacaq və referenduma hazırlığın aktiv mərhələsi başlayacaq", - deyə Qaipov bildirib.
Diplomatın sözlərinə görə, Azərbaycanda yaşayan Özbəkistan vətəndaşlarının hüquqi biliklərinin təkmilləşdirilməsi və ümumilikdə məlumatlandırılması çərçivəsində mart və aprel aylarında səfirliyin diplomatları tərəfindən Bakı, Gəncə, Xaçmaz, Qubada bir sıra görüşlər keçirilib. Burada Özbəkistanda keçirilən referendumun keçirilməsinə hazırlıq prosesi diqqətə çatdırılıb, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti və əhəmiyyəti izah edilib.
Bu işin hələ də davam etdiyini deyən Qaipov qeyd edib ki, Azərbaycan ərazisində səs verməkdə maraqlı olan Özbəkistan vətəndaşları səfirliyə gələrək həm səsvermənin gedişi, həm də Konstitusiyaya təklif olunan bütün dəyişikliklər barədə əlavə məlumat əldə edə bilərlər.
"Fürsətdən istifadə edərək, seçki komissiyasının üzvü olaraq Azərbaycanda yaşayan bütün vətəndaşlarımızı aprelin 30-da, xüsusən Özbəkistanın Bakıdakı səfirliyində keçiriləcək bu ümumxalq referendumunda iştirak etməyə dəvət edirəm", - deyə diplomat əlavə edib.
Xəbər lenti
0