CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb bufetlərini kimlər işlədir? Şagirdlər təhlükənin bir addımlığında

© AP Photo / Matt YorkYeməkxana, arxiv şəkli
Yeməkxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.04.2023
Abunə olmaq
Eyyub Hüseynov bildirib ki, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı təsdiqlənsə də buna çox vaxt əməl olunmur.
BAKI, 13 aprel — Sputnik. Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə uşaqların zəhərlənməsi məktəblərdə bufetlərə nəzarət məsələsini aktuallaşdırıb.
Məktəb-lisyedə qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.
Məlumat üçün bildirək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. “Tais ikf” MMC-dən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda araşdırılma aparıldığından heç bir məlumat verilmir.
Bəs görəsən paytaxt məktəblərində bufetlərin fəaliyyətinə hansı şərtlərlə icazə verilir? Onların fəaliyyətinə hansı qurum tərəfindən nəzarət edilir?
Məktəb bufetlərinə necə nəzarət edilir?
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində iaşə xidmətinin təşkilində müvafiq qaydaların tələbləri əsas götürülməklə, məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir. Təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.
Bufetləri necə icarəyə verilir?
İdarədən həmçinin bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti bu sahədə uzun müddət təcrübəsi olan, qanunvericiliyə uyğun fəaliyyət göstərən iaşə xidməti müəssisələri tərəfindən həyata keçirilir. Məktəb yeməkxanalarında iaşə xidmətlərinə, qidaların keyfiyyətinə nəzarət məqsədilə müvafiq dövlət qurumları tərəfindən monitorinqlər aparılır. Təhsili idarəetmə qurumları bu istiqamətdə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Bufetlərdə satılması qadağan olunan qidalar...
Qurumdan verilən açıqlamaya görə, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub.
Ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı aşağıdakı kimidir.
İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu.
Bir gün əvvəl hazırlanmış qida.
Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.
Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.
İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla) .
İçalatı təmizlənməmiş quş.
Vəhşi heyvanların əti.
Suda üzən quşların yumurtası və əti.
Qabığı çirklənmiş yumurta, və həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta.
Germetikliyi pözulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.
Termiki emala məruz qalmayan yaşıl noxud.
Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.
Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.
Kremli şimiyyat məmulatları (piroq və tortlar).
Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.
Ev şəraitində hazırlanmış qatıq.
Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).
Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.
Kənd təsərüffatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd.
Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.
Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.
Sirkə, xardal, qıtıqotu,/stiotlu bibər və digər ( kəskin ) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.
İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.
24 Təbii kofe, alkoqollu, energetik içkilər.
25 Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.
Qazlaşdırılmış içkilər. .
Bitki yağları əsasında süd məhsulları və dondurma..
Saqqız , çipslər.
Tərkibində etanol olan (0,596-dən artıq) qımız və turş süd məhsulları.
Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.
Yumurtalı makaronlar, qayğanaq.
Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.
AQTA araşdırma aparır, cavabdeh isə susur
Qeyd edək ki, 20 saylı məktəbdə şagirdlərin “Nuggets” dən zəhərləndiyi iddia olunurdu. Məktəbin müəllimi Rüxsarə Abbasovanın sözlərinə görə, dərs dediyi sinfin bəzi şagirdləri də sözügedən qidadan yesə də, onlarda zəhərlənmə əlamətləri müşahidə olunmayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Sputnik Azərbaycan-a bildirilib ki, 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılıb. Sorğumuza cavab olaraq AQTA məktəblərin qida bloklarında aparılan yoxlamaların nəticəsini açıqlayıb:
"Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra 7 şagirdin səhhətində yaranmış narahatlıqlarla əlaqədar aparılan araşdırmaların ilkin nəticələri ilə bağlı məlumat yayıb. Aparılmış yoxlama zamanı məlum olub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qida qəbulundan sonra şagirdlərin səhhətində epiqastral nahiyədə ağrılar, ürəkbulanma, başağrısı, baş gicəllənmə müşahidə edilib. Məktəbin tibb məntəqəsində şagirdlərə ilkin tibbi yardım göstərildikdən dərhal sonra təcili tibbi yardıma müraciət olunub.
Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub. Sözügedən qidaların vitrinlərə (isti və soyuq vitrin, açıq vitrin) yığılaraq satışı həyata keçirilir. Həmçinin, məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı da müəyyən edilib.
Eyni zamanda, yoxlama zamanı 26 adda müxtəlif çeşiddə qida məhsulundan nümunələr, 6 nəfər işçinin əllərindən yaxma nümunəsi və 20 ədəd müxtəlif səthlərdən, istifadə olunan alət və ləvazimatlardan yaxma nümunələri götürülərək laborator müayinələrin aparılması məqsədilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Həmçinin, yuxarıda adı qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən “TAİS İKF” MMC-yə məxsus qidaların hazırlanması və çatdırılması müəssisəsində AQTA tərəfindən plandankənar yoxlama tədbirləri davam etdirilir. Yoxlamanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Məlumat üçün bildiririk ki, 2022-2023-cü illər ərzində Agentlik tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib. Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib. Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.
Bildiririk ki, belə yoxlamalardan biri də 20 nömrəli tam orta məktəbdə həyata keçirilib. Belə ki, cari ilin 16-18 yanvar tarixlərində adıçəkilən məktəbin qida blokunda həyata keçirilən yoxlama zamanı qida sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilərək məktəbin vəzifəli şəxsi barəsində inzibati məsuliyyət tədbiri görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib".
Bufetlərə ictimai nəzarət olmalıdır!
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəb bufetlərində bəzi məhsulların satılmasına qadağa qoyulsa da, buna əməl edilmir. E.Hüseynov bildirib ki, əksər hallarda bu standartlar pozulur.
Onun sözlərinə görə, bəzi hallarda bufetlərdə qidaların saxlanılma şəraitinə düzgün əməl olunmur. Ona görə də, E.Hüseynov bildirib ki, məktəb bufetlərinə rəsmi qurumlardan əlavə valideynlər də ictimai nəzarət etməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0