Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Milli kinomuzun "Kələntər dayı"sının doğum günüdür

© Photo : Azerbaijanfilmİsmayıl Osmanlı "Kələntər dayı" obrazında
İsmayıl Osmanlı Kələntər dayı obrazında - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterlərinə görə bir-birindən fərqlənir. Görkəmli sənətkarın "Azərbaycanfilm"in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.
BAKI, 11 aprel — Sputnik. Bu gün tamaşaçıların "Yeddi oğul istərəm" filmində oynadığı Kələntər dayı obrazı ilə tanıdığı Xalq artisti İsmayıl Osmanlının anadan olmasından 121 il ötür.
İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə yoxsul bir ailədə doğulub. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görəm İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməsə də, mükəmməl aktyor olmağı bacarıb.
1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlı bu haqda xatirələrində belə deyir:

"Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı".

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. "Kəndlilər" filmində (daxili işlər naziri), "Bir məhəlləli iki oğlan"da (Mahmud), "O olmasın, bu olsun"da (Rza bəy), "Əsl dost"da (Usta Şirəli), "Yenilməz batalyon"da (dərzi Yusif), "Mən ki gözəl deyildim"də (Poçt müdiri Şərif), "26-lar"da (Şahbazov), "Ulduzlar sönmür"də (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi"də (Nəimi), "Yeddi oğul istərəm"də (Kələntər) və sair filmlərdə yaratdığı obrazlar buna misal ola bilər.
İsmayıl Osmanlını sadə, istiqanlı, xüsusilə, gənclərə böyük hörmət bəsləyən duzlu yumoru olan insan olub. Gənclər də ona çox böyük hörmət edirmişlər. Və onu hər zaman İsmayıl dayı deyə çağırırmışlar. Xalq artisti Rafiq Əzimovun sözlərinə görə bir dəfə teatrda olan zaman o, İsmayıl dayının öz qrim otağında bərk əsəbləşdiyini, öz-özünə deyindiyini eşidir. Bunun səbəbini xəbər alanda, İsmayı Osmanlı deyir ki, mənim başıma gör nə oyun açıblar. Kələntər dayı obrazına tamaşaçılar, camaat mənə təhqir dolu məktublar yazırlar.
Aktyor Ənvər Həsənov isə həmin məqamı belə xatırlayır:

"İsmayıl dayı məni gördü. Ağlaya-ağlaya üstümə gəlib məni qucaqlayıb dedi: Ay Ənvər, sən məni öldürdün. Mən nə qələt elədim ki, o obrazı yaratdım. Mən tamaşaçıların əlindən küçəyə çıxa bilmirəm".

Lakin, sonralar hər şey unudulur. Amma sənət aləmi və aktyorun özü də Kələntər obrazının kino tarixində özünəməxsus yeri olmasını anlayır.
Onun "Poçt qutusu" hekayəsinin motivləri əsasında çəkilmiş eyniadlı qısametrajlı filmdə yaratdığı avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və Ukrayna telefilmləri festivalında "Ən yaxşı kişi roluna görə" mükafatına layiq görülmüşdü.
İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0