CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sui-qəsdə məruz qalan deputat xəstəxanadan evə buraxılacaq

© Sputnik / Murad OrujovFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
Fazil Mustafa bildirib ki, hələlik namaz qılmağa və oruc tutmağa fiziki imkanları yol vermir.
BAKI, 10 aprel — Sputnik. "Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam".
Sputnik Azərbaycan xəbər verir ki, bunu martın 28-də terror hücumuna məruz qalan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, hələlik namaz qılmağa və oruc tutmağa fiziki imkanları yol vermir: "İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün bazarertəsi köməkçilərimə tapşırıq verdim ki, hər həftə olduğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar".
Deputat qeyd edib ki, artıq gələn həftədən başlayaraq evdən seçicilərin onlayn qəbulunu da keçirməyi nəzərdə tutur: "Şəraitə uyğunlaşmaq lazımdır. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam".
F.Mustafa vurğulayıb ki, mübarizəni davam etdirəcək: "Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında! Bu Vətən, bu Dövlət, bu Millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!".
Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Nəticədə, əvvəlcə terror aktının sifarişçisi, sonra isə icraçılar müəyyən edilib. DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan 4 nəfər tutulub.
Xəbər lenti
0